Əsas Səhifə > Hadisə, Manşet > Ağcabədini öz qanunları ilə idarə edir...

Ağcabədini öz qanunları ilə idarə edir...


16-11-2016, 08:56
Ağcabədini öz qanunları ilə idarə edir...
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və onun komandasında təmsil olunan bəzi şəxslərin vəziyyəti son zamanlar xeyli ağırlaşıb. Belə ki, Ağcabədidə məmur özbaşınalığının günü-gündən artdığını, əhalinin yoxsulluq içində yaşadığını, icra başçısının isə rayon sakinlərinin problemlərilə maraqlanmadığını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, artıq yuxarılarda, konkret olaraq Prezident Administrasiyasında Şahin Məmmədovun məsələsi ciddi şəkildə müzakirə olunur. İcra başçısının özünün də bundan xəbəri olduğunu qeyd edən mənbənin sözlərinə görə, elə bu səbəbdən də o, bir neçə gün öncə təcili surətdə Bakıya gəlməli olub: «Deyilənlərə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı paytaxta tək gəlməyib. Bildirilir ki, onun yanında yaxın adamlarından biri də olub. Və Şahin Məmmədov məhz həmin şəxsdən xahiş edib ki, Prezident Administrasiyasında onun məsələsini yoluna qoymaqda yardımçı olsun. İcra başçısının yanındakı şəxs isə öz növbəsində, bununla bağlı əlindən gələni edəcəyinə dair söz verib və hazırda hər iki şəxs Bakıdadır. Lakin deyilənlərə görə, onları Prezident Administrasiyasının kəndarından içəri buraxmayıblar. Çünki Ağcabədi camaatının Şahin Məmmədovla bağlı şikayətlərinin sayı-hesabı bilinmir. Odur ki, artıq Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısına heç kim kömək edə bilməz. Elə buna görə də Şahin Məmmədov ciddi təlaş keçirir». Bu arada, Şahin Məmmədovun əslən Bərdə rayonundan olduğunu, 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işlədiyini, 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirdiyini, 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib vəzifəsində, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışdığını, 17 aprel 2004-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsinə təyin olunduğunu, 26 dekabr 2005-ci tarixdən etibarən isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, Şahin Məmmədovla bağlı internet resurslarında axtarış verərkən, müsbət bir məqam tapmaq üçün uzun-uzadı araşdırmaq gərəkir: «Ancaq «adam döyən icra başçısı», «dəmir satan» və s. kəlimələri axtarış verdikdə, Şahin Məmmədovun adı ilk sırada gəlir. Ümumiyyətlə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla bağlı media və internet resurslarında yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında aparılan araşdırmalar zamanı ortaya çıxanlar kifayət qədər ilgincdir. Deyilənlərə görə, bir müddət əvvəl Maliyyə Nazirliyi rayondakı səhiyyə müəssisələrində ciddi yoxlamalar keçirib və bu zaman dərman preparatlarının alınması üçün ayrılan 200 min manat vəsaitin mənimsənildiyi ortaya çıxıb. Fakt aşkarlandıqdan sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun əmri ilə Səhiyyə İdarəsinin müdiri Arif Quliyev vəzifəsindən azad edilib. Məsələnin maraqlı tərəfi isə ondadır ki, hadisədən sonra isə səhər vəzifəsindən azad edilən Arif Quliyev ictimaiyyətin gözü qarşısında icra başçısının yaxasından yapışaraq «Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar» deyib. Orada olan şəxslərin müdaxiləsindən sonra Arif Quliyevi sakitləşdirmək mümkün olub. Yalnız bundan sonra Şahin Məmmədov rayon icra hakimiyyətinin binasına gedib». Hələ bu, harasıdır. Əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Ağcabədi rayon sakinlərinin araşdırılmasını tələb etdiyi məsələlərdən biri də icra başçısına mənsub olduğu iddia edilən ticarət, xidmət və istehasalat obyektlərinin vergidən yayınması ilə bağlı məqamlardır. Belə ki, bununla bağlı media və internet resurslarında yer alan məlumatlar əsasında apardığımız araşdırmalar zamanı ilginc iddialara rast gəldik. Məsələn, rayon sakinlərinin mediada yayılan müraciətlərində bildirilir ki, Ağcabədi şəhərində xəstəxana ilə üzbə-üz ərazidə yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi, Ənnağı Bunyatov küçəsində böyük mebel mağazası, həmin küçədə maşınyuma və iri maşınların təmiri sexləri, avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki «lepka» sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexi icra başçısı Şahin Məmmədova məxsusdur: «Deyilənlərə görə, doğulduğu Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfatı, Bərdə şəhəri çay qırağı ərazisində bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon mantalarla ölçülən villalar, Nizami rayonu ərazisində 2 mağaza Şahin Məmmədova məxsusdur. Eyni zamanda, o da qeyd olunur ki, Şahin Məmmədovun Batumda dəbdəbəli villası, Bakıda mənzilləri, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarında imarətləri var. Maraqlıdır, görəsən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bu qədər sərvəti necə, hansı yolla və kimlərin vasitəsilə əldə edib? Yəqin ki, müvafiq dövlət qurumları tezliklə qeyd olunan önəmli məsələ ilə bağlı lazımı araşdırma aparacaqlar». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt