Əsas Səhifə > Hadisə, Manşet > Qəzənfər Ağayevin 1 ildir çadırda yaşayan ailədən xəbəri VARMI?
Qəzənfər Ağayevin 1 ildir çadırda yaşayan ailədən xəbəri VARMI?8-11-2016, 09:38 |
«Çadıra köçürəndə dedilər, çox qısa vaxtda ya eviniz təmir-bərpa olacaq, ya da yenisi tikiləcək. 1 il keçib, çadırda can veririk». Qiyas Bəxşiyev Astaranın Ovala kəndində yaşayır. Ötən il güclü yağışlar onu və ailəsini çadır ümidinə qoyub. Kürsülü və genişotaqlı evin divarları cadar-cadar olub, aralanıb. Hətta kərpic arakəsmələr də dağılıb. Ancaq bu 1 ildə ailənin başı çadırda o qədər zülm çəkib ki, deyir, evi başına uçsaydı, bundan yaxşıydı: «Bu zülmü çəkməkdənsə, elə qəzalı evdə qalaydıq. Neyləyək, gördük başımıza dağılacaq, dedim, uşaqlar yazıqdır, qalarlar daş-kəsək altında. Məcbur olub icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə yazdım. Yazdım ki, gəlib çarə eləsinlər, onlarsa gəlib bizi çadıra yerləşdirdilər. Elə bil ki, bizi qaranlıqdan çıxarıb zülmətə atdılar». Bəxşiyevlər ailəsinin qışı-yayı sürünənlərlə və çöl heyvanları ilə mübarizədə keçir: «Ötən qışı donduq, donumuz açılandan sonra da ilanlar çadıra üz tutdu. Bura da cənub zonasıdır, yayı çox isti keçir, qurd-quş üzdə olur. Bütün yayı əlimizdə bel, gecə-gündüz ilan güdə-güdə qaldıq. Hər anımız səksəkə içərisində keçdi. İkinci qış gəlib çadırın qapısını kəsdirib. İstilik yox… Çadırda nə şərait olacaq… İndi də çöl heyvanlarından qorunuruq. Elə bil ki, bu ailə daş dövründəki kimi çadır qurub çölün düzündə yaşayır…». Çadır həyatı ailə üzvlərinin sağlamlığına da təsirini göstərib. Qiyas Bəxşiyevin yerli icra hakimiyyətindən istədiyi odur ki, qəzalı evində tezliklə bərpa işləri aparılsın, o da külfətini çadırdan isti evinə qaytarsın. Astara rayon İcra Hakimiyyəti isə kənd sakininə bir qədər səbirli olmağı tövsiyə edir. Qurumdan bildirilib ki, Qiyas Bəxşiyevin durumundan xəbərdardırlar: «Adamlar evlərini tikinti normalarına əməl etmədən, yəni necə gəldi tikirlər. Bir az yağış yağanda, ev çökəndə icra hakimiyyətinin boğazından yapışırlar. Əslində o vətəndaş evi fərdi şəkildə tikibsə, meydana çıxan problemləri də özü həll etməlidir. İcra hakimiyyətinin büdcəsində o qədər pul yoxdur ki, vətəndaşların texniki normalara uyğun olmayan şəkildə tikdikləri ev başlarına dağılanda, tikib təzəsini versin. Bununla belə, Bəxşiyevin evinin qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) tərtib etdiyi akt var. Bərpa-gücləndirmə işləri aparılmalıdır. Bunu da FHN həyata keçirməlidir». Amma Qiyas Bəxşiyev ümidini üzmür. Tezliklə çadır həyatından qurtulacağına inanır. Geri qayıt |