Əsas Səhifə > Hadisə, Manşet > Gədəbəyi idarə edən kimdir?

Gədəbəyi idarə edən kimdir?


2-11-2016, 08:56
Gədəbəyi idarə edən kimdir?
Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov uzun illərdir ki, bu vəzifədə təmsil olunmasına baxmayaraq, hələ də rayonun maliyyə sisteminin inkişafı üçün elə də ciddi addım atmayıb. Belə ki, dövlət büdcəsindən rayona ayrılan maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti əlində cəmləyən Namiq Məmmədovun geniş biznes imkanlarına sahib olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, məhz maliyyə nazirinin birinci müavini Azər Bayramovun dəstəyi nəticəsində üzləşdiyi bir sıra problemləri asanlıqla yoluna qoymağa müvəffəq olub. Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun qanundankənar əməllərindən şikayətçi olan şəxslərdən biri də adıçəkilən rayonun sakini, 20 Yanvar küçəsi, ev 14-də qeydiyyatda olan Oqtay Qara oğlu Əliyevdir. Belə ki, o, bir müddət öncə Gundelik-Baku.com-a etdiyi müraciətində bildirib ki, Namiq Məmmədov rayonun büdcəsindən istədiyi kimi istifadə edir: «Əlimizdə faktlar var ki, rayonda mədəniyyət evi indiyədək 3 dəfə təmir olunub. Namiq Məmmədov Gədəbəyin büdcəsindən istədiyi kimi istifadə edir. Elə bil şəxsi büdcəsidir, nə istəyir onu da edir. Namiq Məmmədovun bu gün rayonda apteki, villaları var. Bildiyimə görə, o, Çin səfirliyinin yanında 16 mərtəbəni boya-boy götürüb, Sumqayıtda, Gədəbəydə Slavyanka kəndində məktəbin həyətində dayısı oğlunun adına villalar tikdirib. Namiq Məmmədov bunları hansı pulla, hansı gəlirlə əldə edib?» Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi ilə bağlı əlində kifayət qədər faktın olduğunu vurğulayan şikayətçinin sözlərinə görə, Namiq Məmmədov rayonun büdcəsini dağıdıb yeyir: «Odur ki, müvafiq qurumlardan onun fəaliyyətinin ciddi şəkildə araşdırılmasını xahiş edirəm. Yalnız bundan sonra Gədəbəy əhalisi azadlığa çıxa bilər. Qeyd edim ki, o, rayonun mədəniyyət evlərini də pis hala salıb. Əksər mədəniyyət evlərində sovet illərindən qalmış mebellər var. Əgər bununla bağlı yoxlama aparılsa, onda mədəniyyət evlərinə ayrılan vəsaitlərin taleyi bəlli olar. Bundan başqa, rayonun mərkəzi xəstəxananasının yaxınlığında Namiq Məmmədovun «Nur» kafesi, «Nur» marketi mövcuddur. Eyni zamanda, xəstəxananın əsas giriş qapısı dəyişidirilərək onun yerində özləri üçün kabinetlər düzəltdirib. Bir sözlə, o, ürəyi nə istəyirsə, onu da edir». Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Gədəbəy rayon sakinləri ciddi problemlər, sosial qayğılar məngənəsində boğulur. Bunun əsas səbəbkarı kimi maliyyə idarəsinin rəisini göstərən məlumatlı şəxs iddia edir ki, rayonun əksər kəndlərində məktəblər, klublar, kitabxana və mədəniyyət evləri, uşaq bağçaları, kənd xəstəxanaları fəaliyyətlərini ancaq kağız üzərində aparırlar: «Deyilənlərə görə, rayona ayrılan vəsaitin böyük bir hissəsi köçürüldüyü andaca maliyyə idarəsinin rəisi Namiq Məmmədov tərəfindən mənimsənilir. Bura abadlığa ayrılan vəsaitlərdən alınan «şapka»ları və əməkhaqqından tələb olunan min bir adda «ödəniş»in məbləğini əlavə etsək, maliyyə rəisinin aylıq gəliri təxminən, 100-120 min manat, illik gəliri bir milyon iki yüz və bir miyyon dörd yüz min civarında olar. İş o yerə çatıb ki, bu gün Namiq Məmmədov icra başçısından heç də az səlahiyyətlərə malik deyil. Deyilənlərə görə, rayonda sahibkarların baş bəlasına çevrilmiş Namiq Məmmədov maliyyə naziri Samir Şərifovu da saymır. Bildirilir ki, onun Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi üçün əsas fiqur nazirin müavini, əslən gədəbəyli olan Azər Bayramovdur. Qeyd olunur ki, yalnız onun təlimatlarını və tapşırıqlarını eşidən Namiq Məmmədov yerli iş adamlarına göz verib, işıq vermir, onları əlavə problemlərlə üz-üzə qoyur». Bu arada, əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, rayonun ən imkanlı şəxslərindən birinə çevrilən Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov milyonların mənimsənilməsini rəsmiləşdirməkdə, ayrı-ayrı iş adamlarının əmlaklarının ələ keçirməkdə iştirak edib: «Deyilənlərə görə, Namiq Məmmədovun fəaliyyəti son dərəcə narazılıq doğurur və maliyyə nazirinə saysız-hesabsız şikayətlər ünvanlanır. Lakin bu müraciətlər nazirin birbaşa ünvanına gəlib çatmır. Belə ki, Gədəbəyin maliyyə rəisinin kuratoru, həmyerlisi olan nazir müavini Azər Bayramov məktubların nazirin əlinə keçməsinə imkan vermir. Bu iyerarxik mərhələdə nazir müavini Gədəbəydən gələn şikayət məktublarını qəhətə çıxarır. Odur ki, Namiq Məmmədov Gədəbəydə sahibkarlara «qan uddurmaqda»da davam edir. Deyilənlərə görə, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi bir müddət əvvəl Əli Abdullayevə məxsus obyekti ələ keçirib. Belə ki, əvvəlcə həmin obyekt uçurdulub. Atılan belə bir addımdan sonra Əli Abdullayevin apardığı haqlı mübarizənin nəticəsi o olur ki, icra başçısının tapşırığı ilə rayonun Heydər Əliyev prospektində, ona yeni bir obyekt də tikilir. Lakin hələ Əli Abdullayev sağ ikən tikilmiş obyektə Namiq Məmmədov göz dikir. Elə ki, o, dünyasını dəyişir, həmin andan da bir çox proseslər cərəyan etməyə başlayır. Yəni, çox keçmir ki, inşası başa çatdırılmış obyekt icra hakimiyyəti tərəfindən satışa çıxarılır və ilk olaraq qeyd olunan obyekt, Məzahir adlı şəxsə 100 min manata təklif olunur. Bir qədər söz-söhbətdən sonra o, belə bir xəbər əldə edir ki, ona təklif olunan obyekt mərhum Əli Abdullayevə verilmək üçün tikilən obyektdir. Dərhal Məzahir adlı şəxs, qeyd olunan obyekti almaq fikrindən “vaz keçir”. Bu şəxsin belə bir yanaşmasının varlığına baxmayaraq, yaranmış fürsətdən yararlanmağa qərar verən Namiq Məmmədov 65 min manata obyekti ələ keçirə bilir. Maliyyə şefinin obyekti 500 manata icarəyə verdiyi bildirilir. Baxmayaraq ki, icarəyə verilən obyektin girişində “Uşaq Yaradıcılıq Mərkəzi” lövhəsi asılıb. Amma iş bununla bitmir. Rayonun Heydər Əliyev adına parkındakı çay evi də Namiq Məmmədova məxsusdur. Nazirin isə xəbəri yoxdur ki, idarə rəisi rayonda çayxana işlədir. Deyilənlərə görə, bütün bu obyektlər Namiq Məmmədov tərəfindən başqalarının adlarına sənədləşdirilib…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlardırmağa hazırıq. P.S. Növbəti sayımızda Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla bağlı əldə etdiyimiz daha ilginc bilgiləri diqqətinizə çatdıracağıq. Məhz o zaman biləcəksiniz ki, hazırda Gədəbəy rayonundakı obyektlərin böyük əksəriyyəti milyonçu, oliqarx məmur Namiq Məmmədova məxsusdur

Geri qayıt