Əsas Səhifə > Hadisə, Manşet > "Yeni Həyat" MMC mühasibatlıq sənədlərini niyə yandırdı?
"Yeni Həyat" MMC mühasibatlıq sənədlərini niyə yandırdı?1-10-2016, 10:18 |
Sentyabrın 30-da 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Hökümə Babayevanın sədrliyi ilə “Yeni Həyat” Məhdud Məsuliyyətli Cəmiyyətin özünü müflis elan etməsilə bağlı iddia ərizəsinə baxılıb. Məhkəmə prosesində iştirak edən Azinforum.az-ın əməkdaşının verdiyi məlumata görə, “Yeni Həyat”ın iddiasına səbəblərdən biri kimi vətəndaş Mahmudov Abuzər Məhəmməd oğluna onlar tərəfindən verilməli olan 420 min ABŞ dollarını ödəmək qabiliyyətində olmadığı göstərilir. Qeyd edək ki, prosesə tərəf kimi qatılan vətəndaş Abuzər Mahmudovun vəkili Şahmar Məmmədov məhkəmənin gedişi zamanı bildirdi ki, onlar “Yeni Həyat”ın özünü müflis etməsilə bağlı məhkəməyə verdiyi iddia ilə razılaşmırlar və hesab edirlər ki, bununla “Yeni Həyat” MMC əvvəl keçirilən məhkəmələr tərəfindən onların üzərinə ödənilməsi vacib tələb kimi qoyulan 420 min ABŞ dolları ödəməkdən yayınmaq məqsədini güdür. Məhkəmədə müstəqil auditor kimi “Yeni Həyat” MMC-nin müflis olması ilə bağlı əsasların mövcudluğuna dair rəy verən İlham İsfəndiyar oğlu Hacıəzizovun ifadəsi dinlənildi. Sonra, vəkil Şahmar Məmmədov müstəqil auditora suallarla müraciət etdi. Vəkilin “siz iş materiallarında qeyd edibsiniz ki, kifayət qədər sənədlər əldə edə bilmədiyiniz üçün lazımi şəkildə audit apara bilməyibsiniz. Belə çıxır ki, təqdim etdiyiniz rəy lazımi şəkildə aparılmayan araşdırmanın məhsuludur” sualına auditor dolğun cavab verə bilmədi. Vəkil Şahmar Məmmədov daha sonra auditdən yazılan rəylə bağlı gəlinən nəticəyə dair bəzi sənədləri tələb etdi. Müstəqil auditor bildirdi ki, mühasibatlıq sənədləri “Yeni Həyat” MMC tərəfindən yandırılıb. “Bunu etmək qanunvericilikdə düzdürmü” sualına isə İlham müəllim “artıq bu, mənim səlahiyyətimə aid olan məsələ deyil” kimi cavab verdi. Auditor həmçinin bildirdi ki, qanunvericiliyə görə, sənədlərin saxlanması vacib olan müddət 5-20 il arasında dəyişir. Sonra, Abuzər Mahmudovun vəkili “Yeni Həyat”ı prosesdə təmsil edən xanım vəkilə bir neçə sual ünvanladı. “Abuzər Mahmudova mənzilin təqdim olunacağı söz verilən bina sizin balansınızdadır” sualına vəkil cavab verdi ki, onların mülkiyyətində heç bir bina, mənzil və ya torpaq yoxdur. Belə olan təqdirdə, qarşı tərəf bəzi faktları məhkəmənin diqqətinə çatdırdı. Məlum oldu ki, iflasa getdiyini elan edən “Yeni Həyat” Bakı Şəhər İcra Hakimiyyətinə Zorge küçəsindəki binaya görə, illik 1872 manat 30 qəpik vəsait ödəyirmiş. “Bina sizə məxsus deyilsə, niyə pul ödəyirsiniz” sualını “Yeni Həyat”ın nümayəndəsi “hüquqlarını bilmədikləri səbəbindən ödəyiblər”- kimi cavab verdi. Vəkil Şahmar Məmmədov “Yeni Həyat”ın Dəmirçizadə küçəsindəki 16 sot torpağa görə də, illik 158 manat rüsum ödədiklərinə dair faktların olduğunu məhkəmənin diqqətinə çatdırdı. Hakim müstəqil auditora “siz bunları araşdırıbsınızmı” sualı ilə müraciət etdikdə, auditor bəzi məsələlərə dair konkret sənəd ortaya qoya bilmədi. Yalnız bildirdi ki, Zorqe küçəsindəki binaya xidməti hansısa naməlum firma həyata keçirir. Ən diqqət çəkən məsələ isə auditorun bu araşdırmanı apararkən “Yeni Həyat”a məxsus olan bəzi dəqiqləşdirmələri hazırda “Meqafan” deyilən yerdəki ofis vasitəsilə etdiyini bildirməsi oldu. Qarşı tərəf də iddia edir ki, “Yeni Həyatı” idarə edənlər hazırda həmin məkanda oturaraq, yalnız adlarını dəyişməklə fəaliyyət göstərirlər. “Yeni Həyatın” məhkəmədəki nümayəndəsi isə bunu sırf təsadüf kimi yozdu. Azinforum.az-ın əməkdaşı bildirdi ki, prosesin sonunda vəkil Şahmar Məmmədov məhkəmə qarşısında bir neçə vəsatət qaldırdı. Qaldırlan vəsatətlərin başlıca məğzi “Yeni Həyat”a aid olan bəzi məlumatların əlaqədər qurumlardan öyrənilməsi ilə bağlı idi. Çünki prosesdə iştirak edən tərəf və auditor MMC-yə məxsus olan mühasibatlıq və digər sənədlərin olmamasını onların yandırılması ilə izah etdilər. Hətta “Yeni Həyat”ın vəkili sənədlərin yandırılması səbəbini öyrənmək məqsədilə ona verilən suala maraqlı cavab verdi : “ Yığmağa yerləri olmayıb yandırıblar”. Məhkəmə verilən vəsatətləri təmin etdi. Qərara alındı ki, müvafiq qurumlara məlumat əldə etmək üçün sorğular göndəriləcək. Proses qeyri-müəyyən vaxta kimi təxirə salındı. Geri qayıt |