Əsas Səhifə > Hadisə, Manşet > "Bu rayona pul ayırmayın..."

"Bu rayona pul ayırmayın..."


3-09-2016, 10:12
"Bu rayona pul ayırmayın..."
Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən hüququ pozulan sakinlərindən biri redaksiyamız vasitəsilə ölkənin maliyyə naziri Samir Şərifova müraciət edib.

Rayon rəhbərliyi tərəfindən daha güclü təzyiqlərə məruz qalacağından ehtiyatlanaraq adının açıqlanmasını istəməyən sakin yazır:

Hörmətli Samir müəllim!

Rayon icra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun biz sahibkarların başına açdığı müsibətlərdən xəbərdar olmamış deyilsiniz. 3 ildən artıqdır ki, mətbuat bu məmurun qanunsuz əməllərindən yüzlərlə məlumat dərc edib. Ramiz Yediyarov isə daha böyük qəddarlıqla bu əməllərə davam edir. Deyə bilərsiz başçı məsələsinə mənim nə aidiyyatım? Axı icra başçıları mənim tabeliyimdə deyil? Ünvanı səhv salmısız. Amma yazdıqlarımı axıra qədər oxusanız görərsiniz ki, elə bu məsəslələr birbaşa sizə aiddir.

Hörmətli nazir!

Məsələ ondadır ki, bu gün rayonda balaca uşaq da bilir ki, rayonu sizin rayondakı nümayəndəniz maliyyə idarəsinin rəisi Namiq Məmmədov idarə edir. Bütün kadr məsələləri, obyektlərin sökülməsi, adamların əsas olmadan işdən azad edilərək yerinə N.Məmmədovun yaxınlarının təyin edilməsi, sadalamadığımız başqa çirkin işlər N.Məmmədovun birbaşa müdaxiləsi ilə həyata keçirilir. Mənə inanmaya bilərsiniz, deyərsiniz axı necə ola bilər ki, rayon rəhbəri rayondakı hansısa məmura tebeçilik göstərsin? Bax elə müraciətimi ona görə sizə yönəltmişəm. Məsələ ondadır ki, Namiq Məmmədov rayona təzə təyin olunan başçını öz təsiri altına salmaq üçün sizin birinci müavininiz Azər Bayramovun adından istifadə edir. N.Məmmədov oturduğu məclislərdə, icra başçısının yanında qürrələnir ki, Azər müəllimin köməyi ilə rayonunun büdcəsini 40 milyon manat təsdiq etdirmişəm, bu qədər vəsait heç böyük şəhərlərə verilmir. Əhalisi və ərazisi bizim rayondan çox olan rayonlar bizə ayrılan vəsaitin yarısını ala bilmirlər. Əlimi götürsəm rayon batar.

Hörmətli nazir!

Mən rayonumuza vəsait ayrılmağının əleyhinə deyiləm. Bir şərtlə ki, bu, vəsait əhalinin güzəranının yaxşılaşmasına xərclənsin. Amma təəsüf ki, bu vəsait N.Məmmədovun və qohum əqrəbasının firavanlığına, eyş- işrətinə, sayı-hesabı bilinməyən mülklərinə xərclənir. Mənim – gündəlik çörək pulunu zorla qazanan birinin obyektin başına uçururlar, amma N.Məmmədova və yaxınlarına rayonda qaz xəttinin üstündə belə obyekt tikməyə icazə verirlər! Bilirəm, yenə deyəcəksiniz, sübutsuz- əsassız danışırsan. 2 təkzib olunmaz faktla dediklərimi sübut edəcəyəm. Birincisi bu şəkillərdir: Namiq Məmmədova məxsus olan, şoferinin və qohumunun adına olan bank binası və kommeriya obyekti, ikincisi N. Məmmədovun xarici pasportudu cənab nazir. Əgər doğrudan bu millətin malına canınız yanırsa N.Məmmədovun xarici pasportunu yoxlayın, görəcəksiniz ki, bu adamın xarici səfərlərinin sayı ölkənin xarici işlər naziri Elmar Məmmədyarovun səfərlərinin sayından qat-qat çoxdur. Namiq Məmmədovun aydın görünən saysız-hesabsız qanunsuz əməllərini araşdırmaq sizin üçün çətin deyil. Əgər azacıq obyektiv araşdırma aparılsa, aydın olar ki, rayona ayrılan 40 miyon manat əslində amansızcasına talanır. Ölkənin gəlirlərinin azaldığı bir vaxtda tabeçiliyinizdə olan bir məmurun bu qədər vəsaiti talan etməsinə yol verməməyinizi sizdən xahiş edirəm. Sizdən xahiş edirəm ki, cavabdeh olduğunuz sahənin işçisinin etibarınızdan və rayon rəhbərinin tamahkarlığı və səriştəsizliyindən istifadə edib rayon camaatına qan uddurmasına son qoyasınız”.

Geri qayıt