Əsas Səhifə > Hadisə, Manşet > Ceyhun Həsənov bütün kolon rəislərinin ərizəsini alıb

Ceyhun Həsənov bütün kolon rəislərinin ərizəsini alıb


25-08-2016, 09:19
Ceyhun Həsənov bütün kolon rəislərinin ərizəsini alıb
Mədət Quliyevin Milli Təhlükəsizlik Nazirliyinə təyinatından sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi postuna polis general-mayoru Ceyhun Həsənov gətirildi. Xatırladaq ki, Ceyhun Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Heç kim inkar etməz ki, Ceyhun Həsənov bu günə kimi diqqət mərkəzindəki generallardan olmayıb. Onun rəis olduğu idarə prestijli qurum kimi qəbul olunmadığı üçün, bu generalın adı çox hallanmayıb. Bu səbəbdən də onun Penitensiar Xidmətə rəis gətirilməsi sürpriz oldu desək, yanılmarıq.

Doğrudur, ondan əvvəlki rəis Mədət Quliyev də Penitensiar Xidmətə DİN sistemindən gətirilmişdi. Amma M.Quliyevin fəaliyyət tarixçəsi bu posta uyğunluq üçün kifayət edirdi. C.Həsənovun tərcümeyi-halı isə, bu baxımdan olduqca sadədir.

C.Həsənov bu vəzifəyə təyin olunmazdan əvvəl, Penitensiar Xidmətin rəisi postuna bir neçə şəxsin adı hallanırdı. Onların hər biri ilə bağlı təyinat qərarı veriləcəyini əsaslandırmaq da asan idi. Çünki Penitensiar Xidmətin rəisi vəzifəsi təxminən 6-7 ay idi ki, boş qalmışdı. Bunun da səbəbi, bəlkə də, iddialılıran çox olması və onların hər birinin hakimiyyətin yuxarı dairələrində təmsil olunan şəxslər tərəfindən dəstəklənməsi idi.

İddialılara nəzər yetirsək, görərik ki, onlardan birinin bu posta təyinatı daha inandırıcı idi, nəinki C.Həsənovun. Belə ki, Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Mühafizə alayının komandiri, ədliyyə polkovniki Mehman Məmmədov, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidov bu posta şanslı sayılıblar.

Hətta bir müddət öncə başqa vəzifəyə təyin olunan İsmayıllının keçmiş polis rəisi Nizami Qocayevin də bu posta iddialı olduğu qeyd edilirdi.

Reyting.az-ı bilgiləndirən şəxsin sözlərinə görə, bu posta iddialı olan şəxslər istəklərini reallaşdırmaq üçün ciddi mübarizə aparıblar. Lakin qruplararası razılaşma əldə olunmadığından rəis postuna təyinat ertələnib və sonda yüksək səviyyədə C.Həsənovla bağlı qərar verilib.

O da iddia edilir ki, C.Həsənov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxınlığı ilə tanınır və bu amil də onun yeni vəzifəyə təyinatında rol oynayıb.

Təbii ki, həbsxanalar kimi strateji bir sahənin rəhbəri ən etibarlı şəxs olmalıdır. Bəlkə də, həm də bu səbəbdən sözügedən posta təyinat bu qədər uzanırdı.

Ədliyyə sistemindən əldə etdiyimiz məlumata görə, C. Həsənovun təyinatından sonra Penitensiar Xidmətdə ciddi kadr dəyişiklikləri başlayıb: «Yeni rəis işə başladığı gündən bəri yüksək postlarda təmsil olunanların əksəriyyətinin ərizəsini alıb. İlk toplantıda çıxışı zamanı da bildirdi ki, bundan sonra bu qurumda tamamilə fərqli sistem işləyəcək. Kimlər bu sistemə uyğunlaşacaqsa, onunla işləyəcək, əks təqdirdə, vəzifələri ilə vidalaşmalı olacaqlar”.

İddiaya görə, Mədət Quliyevdən sonra Penitensiar Xidmətdə əsas söz sahibi olan Hüseynğa Əlixanov da artıq «zərərsizləşdirilib». Belə ki, Ceyhun Həsənov özünə birinci müavin gətirərək, komandasını yenidən formalaşdıracağı mesajını verib.

Qeyd edək ki, bir müddət əvvəl Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Penitensiar Xidmət rəisinin birinci müavini təyin edilib. Onun da Ceyhun Həsənovun yaxın olduğu iddia edilən qruplaşmanın üzvü olduğu ehtimal edilir.

Onu da qeyd edək ki, əvvəllər Penitensiar Xidmət rəisinin birinci müavini vəzifəsini vaxtilə prezidentin mühafizəçisi olmuş Mahir Musayev icra edirdi. M.Musayev 2015-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Ceyhun Həsənov isə həmin posta da özünə yaxın şəxsi təyin etdirərək, komandasını möhkəmlədə bilib.

Ceyhun Həsənov bütün kolon rəislərinin ərizəsini alıb

Məlumatda bildirilir ki, C.Həsənov bütün kolon rəislərinin ərizəsini alıb. Çox güman ki, həmin rəislərin əksəriyyəti yeni şəxslərlə əvəzlənəcək: «Bu günlərdə 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov da vəzifəsindən azad edildi. Hazırda təcridxananın rəisi vəzifəsini təcridxanaya yeni rəis müavini təyin edilmiş Rəşid Səfərov icra edir”.

Əsas kadr dəyişikliyinin isə Mühafizə alayının komandiri Mehman Məmmədovla bağlı nəzərdə tutulduğu iddia edilir: "Məndə olan məlumata görə, artıq Mehman Məmmədov sərəncama götürülüb. Yəqin ki, yaxın günlərdə onun vəzifədən uzaqlaşdırılması, yaxud təqaüdə göndərilməsi ilə bağlı məlumat veriləcək”.

Onu da xatırladaq ki, Mehman Məmmədov Penitensiar Xidmət rəisi postuna əsas iddialılardan biri sayılırdı. Hətta ayrı-ayrı KİV-lərdə onun delosunun Ədliyyə naziri Fikrət Məmmədovun masasında olduğu da bildirilirdi. Yəqin ki, son qərar fərqli olduğundan Mehman Məmmədovun üstündən xətt çəkilib. Təbii ki, Ceyhun Həsənovun iddialı bir şəxsin sistemdə qalmasını istəməməsi də başadüşüləndir. Odur ki, yeni rəisin ilk həmlədə əsas iddialıları sıradan çıxarması norml qarşılanmalıdır.

Çox güman ki, müəyən müddət sonra Hüseynağa Əlixanov da təqaüdə göndəriləcək. Onun ardınca isə digər iddialıların sıradan çıxarılmasının şahidi ola bilərik.

Amma C.Həsənov məcburdur ki, iddiası onun karyerasına təhlükə yaradacaq qədər böyük olmayan şəxslərlə işləsin. Çünki onun peşəkarlara ehtiyacı böyükdür. Özü və özünə yaxın olduğu üçün Penitensiar Xidmətə gətirdiyi şəxslər isə hələlik bu sahəyə yaddırlar. "Onlar bu işə uyğunlaşana qədər həssas və strateji bir sahəyə nəzarəti itirməmək üçün peşəkarların imkanlarından yararlanmaq lazım gələk. Nəzərə almaq lazımdır ki, bəzən həbsxanalarda proseslər təkcə qanunlarla nəzarətdə saxlanılmır, oradakı rəhbərlərin şəxsi münasibətləri və nüfuzu da bu məsələdə müəyyən əhəmiyyət daşıyır. Bu səbəbdən də kadr dəyişikliyi zamanı bu məqamlar nəzərə alınmalıdır»,-deyə Penitensiar Xidmətdəki mənbə bildirib.

Göründüyi kimi, hər bir sahədə olduğu kimi, Penitensiar Xidmətdə də rəhbər dəyişikliyi sistemdə yeniliklərə rəvac verib. C.Həsənovun gətirdiyi yeniliklərin bu sistemdə mənfi fəsadlar yaradıb-yaratmayacağını isə zaman göstərəcək. Çünki yanlış idarəetmə sonda ciddi problemlərə yol aça və həbsxanalara nəzarət müəyyən mənada itirilə bilər.

Geri qayıt