Əsas Səhifə > Hadisə, Manşet > 3 rayonun icra başçısı yol üstündə

3 rayonun icra başçısı yol üstündə


18-08-2016, 09:42
3 rayonun icra başçısı yol üstündə
Bir sıra bölgələrimizdə yerli icra orqanlarının fəaliyyətindən narazı qalan sadə vətəndaşların, eləcə də kiçik və orta sahibkarların yuxarı instansiyalara şikayətləri deyəsən artıq nəticə verməkdədir. Belə ki, bununla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxsin sözlərinə görə, vəzifəsini şəxsi biznes vasitəsinə çevirmiş bir sıra dövlət məmurları ən yüksək dövlət səviyyəsində ciddi tənqidlə üzləşib. Bəzi icra başçılarına isə kəskin və sərt xəbərdarlıqlar edilib. Bu tənqidlərdən nəticə çıxarmayan bir neçə rayon icra başçısının vəzifədən götürülməsi artıq gündəmə gəlib. Özünü doğrultmayanlar arasında ilk olaraq Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevin adı çəkilir. Deyilənlərə görə, rayon əhalisinin ciddi etiraz və qınaqları ilə üzləşməsinə baxmayaraq, İsmayıl Vəliyev vəzifəyə oturtduğu yaxın ətrafının əli ilə büdcə vəsaitlərinin talan edilməsi ilə məşğuldur. Vətəndaşların problemlərini yoluna qoymaq bu şəxsin deyilənə görə heç yadına da düşmür. Bildirilir ki, İsmayıl Vəliyev önu gözləyən aqibəti nəzərə alaraq şəxsi biznesini çiçəkləndirməklə məşğuldur. Bu məqsədlə əvvəllər işlədiyi Qobustan rayonundakı obyektlərinin bazasını genişləndirir. Hazırda başçının şok içində vəzifədən kənarlaşdırılacağı günü gözləməklə əl-ayağa düşdüyü bildirilir. Bakıya çağrılan başçının himayədarları tərəfindən ciddi sorğu-suala çəkildiyi də qeyd olunur. Mənbənin verdiyi məlumatlarda Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin də narahat durumda olduğu üzə çıxıb. Belə ki, rayonda aparılan tikinti-abadlıq işlərində yol verilən külli miqdarda yeyintilərin başçıya yaxın şəxsi firmalardan biri vasitəsilə silindiyi barədə faktlar var. Qeyd edək ki, Vaqif müəllimin adı bir müddət öncə Xızı rayonundakı kafelərdən birinə sahibliklə bağlı Xızının icra başçısı Xəzər Aslanovla ciddi insidentlə bağlı hallanıb. Məlumatda ilk öncə Xəzər Aslanovun döyüldüyü bildirilsə də, sonradan bunu inkar edənlər tapıldı. Hər halda Xızı RİH-də çalışanların ara söhbətlərinə inansaq başçının səlahiyyətlərini yetərincə icra etməsinə onun açdığı para bazarı mənfi təsir göstərir. İcra başçısının referendumdan dərhal sonra vəzifədən götürüləcəyi ilə bağlı söhbətlərin yayılması da ciddi maraq doğurmaya bilməz. Məlumatlı şəxsin iddiasına görə, adıçəkilən icra başçılarının qısa zamanda vəzifədən götürüləcəyi gözlənilir. Deyilənlərə görə, hələlik onların yerinə iddialı namizədlərin arasından seçim edilir. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt