Əsas Səhifə > Hadisə, Manşet > Şəhəriçi sərnişindaşımada özbaşınalıq
Şəhəriçi sərnişindaşımada özbaşınalıq28-07-2016, 09:58 |
Bakıətrafı qəsəbələr üzrə hərəkət edən ictimai nəqliyyatdan sərnişinlər çox hallarda narazı qalırlar. Qara Qarayev metrostansiyası-Bilgəh qəsəbəsi üzrə işləyən 172 saylı marşrutdan da sərnişinlər şikayətlidir. Hurriyyet.org-a şikayətlənən sərnişinlərin sözlərinə görə, həm sürücülərin davranışları, həm avtobusdakı antisanitariya vəziyyəti və sıxlıq, həm vaxt intervalının çox olması, həm də özbaşına artırılan qiymətlər onların əsəblərini gərir. Zabrat 1-2, Savalan, Maştağa və Bilgəh qəsəbələrindən keçən bu marşrutun sürücüləri kimə arxayındırsa, sərnişinlərlə olduqca kobud rəftar edirlər. Son zamanlar gedişhaqqının 40 qəpiyə qaldırılması və sərnişinlərin buna narazılıq etməsini sürücülər xüsusi aqressiya ilə qarşılayırlar. Sürücülər bu özbaşına fəaliyyətlərini iqtisadi böhranla əlaqələndirib, 40 qəpik ödəməyənlərə, xüsusən də qadınlara hərbə-zorba gəlirlər, sərnişinləri təhqir edirlər. Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxldıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, şəhərətrafı və qəsəbəətrafı hərəkət edən marşrutlar 30 kilometrdən 40 kilometrədək məsafə qət edirsə, Tarif Şurasının qərarı ilə 35 qəp ödənilir. 172 saylı marşrut da bu siyahıdadır. Sürücü özbaşınalığı ilə əlaqədar yazılı sualımıza isə mətbuat sözçüsü cavab yazmadı. Daha bir şikayət isə Bakı-Mərdəkan yolu üzrə hərəkət edən 136 saylı marşrutdandır. Bir həftədən çoxdur 136 saylı avtobusla bir avtomobilin toqquşması nəticəsində baş verən qəzadan sonra marşrutun yolu dəyişdirilib. Sanki bu qəzaya görə, sərnişinlər cəzalandırılıb. Belə ki, baş verən qəzadan sonra marşrutun yolu Ramana qəsəbəsindən keçən təmirsiz, tozlu-torpaqlı yoldan salınıb. İsti havalarda isə bu yolu gedib-gəlmək sakinlər üçün daha məşəqqətlidir. Sərnişinlərə bildirilib ki, yolun dəyişməsinə səbəb yol qəzasıdır. Geri qayıt |