Əsas Səhifə > Hadisə, Manşet > “İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir
“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir21-07-2016, 09:35 |
Bu günlərdə LEGİON.AZ saytı “Yeni Bakı”da bəzi binalarda çatların mövcudluğundan narahat olan sakinlərin şikayətlərini, eləcə də çat verən binalardan foto və videolar yayımlamışdı. Eyni zamanda, Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyevin də fikirləri LEGİON.AZ-da işıqlandırılmışdı. Abşeronun baş memarı Akif Əliyev sözügedən binalarda çat və çökmə əlamətləri olmasını təsdiqləyib: “Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik. Lakin o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin xüsusi ekspertiza qrupu müəyyən edə bilər. Adi baxışla bu barədə dəqiq qərar vermək çətindir. Amma bir daha deyə bilərəm ki, sizdə olan məlumatlar doğrudur, fakt olaraq həmin binalarda çatlar və çökmə əlamətləri var. Onların səbəbləri ətraflı araşdırılmalıdır. Bu, yeraltı, tektonik proseslərdən də ola bilər, yaxud yeraltı qrunt suları ilə bağlı ola bilər… Torpağın xassəsi ilə bağlı da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ekspertiza qrupu rəy verməlidir”, – deyə Abşeronun baş memarı vurğulayıb. Həmçinin, A.Əliyev “Yeni Bakı”ya ekspertiza qrupu göndərilməsi üçün FHN və ETSN-ə müraciət göndərəcəyini də əlavə edib. Biz məsələ ilə bağlı FHN-ə də sorğu göndərmişdik, iyulun 19-da FHN-in mətbuat xidmətindən verilən sorğunuza cavab olaraq verilən cavabda bildirilir: ” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən binalara baxış keçirilərək müvafiq akt tərtib olunmuşdur. Həmin akta görə, binaların konstruktiv elementlərində heç bir çat və deformasiya qeydə alınmamışdır. Bununla belə, binaların qarşısında tikilən pilləkən və meydançaların oturduğu divarlarda divaraltı əks doldurulan qrunt kipləşdirilmədiyindən çatlar və aralanmalar yaranmışdır ki, bunlar binaların dayanıqlığına heç bir təhlükə törətmir. Bu çatışmazlıqların aradan qaldırılmasına görə müvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Masazır ərazisində yerləşən “Yeni Bakı” yaşayış komleksinin rəhbərliyinə Agentlik tərəfindən məktubla müraciət edilmişdir”. Qeyd edək ki, biz məsələ ilə bağlı “İlin Dörd Fəsli” MMC-nin də fikrini dərc etməyə çalışmış, amma dəfələrlə ya şirkətin menecerləri bizə informasiya verməkdən imtina etmiş, ya da şirkət rəhbərliyi bir neçə cümləlik “qaralama” email məktubu göndərməklə kifayətlənmişdi. İyulun 16-da (şənbə günü) özünü təqdim etməyən şirkət nümayəndəsi Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədova zəng edərək, LEGİON.AZ-da yazılanların qərəzli olduğunu demişdi. Agentlik direktoru isə qarşı tərəfin də mövqeyini dərc etmək üçün əməkdaşımıza tapşırıq vermiş, lakin əməkdaşımız bir neçə saat sonra həmin şəxslə danışarkən, bu sözləri eşitmişdi: “Mənə daha zəng etməyin, məni şənbə günü narahat etməyin. Mən sizə heç nə demək istəmirəm”. İyulun 20-də “Yeni Bakı” sakinlərindən məlumat aldıq ki, komendantlıq işçiləri hər binanın girişində FHN-in məktubunun surətini və mətbuata müraciət edənlərin fırıldaqçı elan olunduğu bildirişləri yapışdırıblar. Sakinlər bizə həmin bildirişin fotoşəklini də çəkərək göndəriblər. Fotoşəkildən aydın görünür ki, “İlin Dörd Fəsli” MMC-nin rəhbərliyi sakinlərin binalardakı çatlardan yaranan narahatlığını, mətbuatın isə bu mövzuda araşdırma aparmasını təxribat və böhtan kampaniyası hesab edir. Həmçinin, bildirişdə qeyd olunur ki, “şirkət yalan və böhtan xarakterli şayiə və məqalələrə görə məhkəmə iddiası hazırlayır və bu şəxslərin mənzil müqaviləsinin ləğvi haqqında düşünür”. Bizə maraqlı gəldi, görəsən, “Yeni Bakı”da komendantlığın idarəetməsindən narazı olan, hər hansı narahatlığın araşdırılması üçün mətbuata və dövlət qurumlarına müraciət edən sakinlərin mənzil müqaviləsi hansı əsasla ləğv olunacaq? Bəlkə, şirkət rəhbərliyi “Yeni Bakı”da cəza kampaniyasına start verərək, sakinləri öz pulları ilə aldıqları mənzildən məhrum edəcək? Bu suallara cavab tapmaq üçün, “İlin Dörd Fəsli” (və ya özlərinin də yazdığı kimi, İDF MMC) şirkətinə zəng etdik, nə zəng etdiyimiz şəhər nömrələrində, nə də mobil nömrələrdə bizə cavab verən olmadı. “Yeni Bakı”nın komendantı Ehtiram Yusifov isə bildirdi ki, bunun necə baş tutacağını dəqiq bilmir: “Onu şirkətdən soruşmaq lazımdır. Məhkəmə iddiası hazırlanılır. Məhkəməyə verərlər, siz də gedib baxarsınız, görərsiniz”. Həmçinin, əldə etdiyimiz məlumata görə, “Yeni Bakı”nın sakinləri tərəfindən yaradılan, artıq 3-cü binanın say çoxluğu ilə qoşulduğu “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı sıxışdırma xarakterli addımlar atılır. “Abşeron-1” MMMC-nin rəhbəri Yeganə Tahirova LEGİON.AZ-a bildirdi ki, sakinlərə işıqpulunun ödənilməsi ilə bağlı bildiriş göndərilib, lakin onlardan bu ödənişlər götürülmür: “Deyirlər ki, kommunal ödəniş edin, sonra işıqpulunu götürək. O sakinlər isə qanunvericiliyə uyğun formada bizim MMMC-yə keçiblər, amma “Yeni Bakı” komendantlığı bu fakta məhəl qoymur. Bu, açıq-aşkar bizim fəaliyyətimizin məhdudlaşdırılmasıdır”. Yazı sayta gedərkən, redaksiyamıza Cəlil Şahin oğlu Cəlilov adlı vətəndaş zəng etdi. O bildirdi ki, rayondakı torpaq sahəsini sataraq, “Yeni Bakı”nın 5-ci binasında dayısının adına mənzil alıb, şirkətə heç bir borcu qalmayıb. “Bir müddət olar ki, hərbi xidmətdən qayıtmışam. Çətinliklə də olsa, həmin mənzildə təmir işləri aparmaq, tez bir zamanda məskunlaşmaq fikrindəydim. Lakin mənə mənzilin açarını vermirlər. Şirkətin mühasibatlığından Gülya xanım dedi ki, sayğaclar üçün 700 manat verməliyəm. Müqavilədə bu ödəniş haqda heç nə yoxdur. Dedim ki, evlərə sayğaclaırn pulsuz qoyulması ilə bağlı Prezidentin göstərişi var, amma “bizə aid deyil” cavabı aldım. Bəlkə, mən mənzilimdə şamla oturacam? Həm də ki, açarını əlimə almadığım, hələ məskunlaşmadığım bir mənzilə görə, əlavə olaraq 700 manata qədər kommunal ödəniş borcu tələb edirlər. Belə özbaşınalıq olar? Xahiş edirəm, bu məsələnin həllində mənə kömək edin”, – deyə C.Cəlilov qeyd etdi. Axşam saatları olduğundan, bu məsələ ilə bağlı şirkət rəhbərliyindən və ya komendantlıqdan fikir öyrənə bilmədik, amma növbəti yazılarımızda mütləq vətəndaş Cəlil Cəlilovun problemini ətraflı araşdıracağıq. Geri qayıt |