Əsas Səhifə > Hadisə, Manşet > Heydər Əsədov kənd təsərrüfatını dirçəldə biləcəkmi?

Heydər Əsədov kənd təsərrüfatını dirçəldə biləcəkmi?


12-07-2016, 09:28
Heydər Əsədov kənd təsərrüfatını dirçəldə biləcəkmi?
Kənd təsərrüfatı naziri Heydər Əsədovun zaman-zaman səsləndirdiyi bəyanatlara əsaslansaq, onu ölkədə aqrar sektorun inkişafına can qoyan mütəxəssis hesab etmək olar. Maraqlıdır ki, bu bəyanatlar bəzi informasiya vasitələri üçün çox zaman həm də mədhiyyə materiallarının tezislərinə bənzəyir. Gundelik-baku.com xəbər verir ki, əldə olunan az-çox uğurlar nazirin adına yazılır, hətta onun yorulmaz fəaliyyətinə bağlanır. Əslində ölkədə nəzərə çarpan gerçək inkişaf varsa da, hamımız yaxşı bilirik ki, aqrar sahədə aparılan dövlət siyasətinin nəticəsidir. Bu inkişafın miqyası bəlkə də daha geniş və əhatəli ola bilərdi. Əlbəttə ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmiş olsaydı. Elə bilməyin ki, bu yazıda hörmətli Heydər Əsədovun idarəçiliyinə tendensioz yanaşma sərgiləmək fikrindəyik. Xeyr, sadəcə bu gün Azərbaycan aqrar müstəvisində müzakirə mövzusuna çevrilməkdə olan bir məsələyə münasibət bildirmək istəyirik. Söhbət kənd təsərrüfatı nazirliyinin belə deyək, gələcək taleyindən gedir. Ona görə də, bu qurumun tezliklə ləğvini qaçılmaz edən, onu daha doğrusu gündəmə gətirən məsələlərdən danışmağa ehtiyac var. Əlbəttə, Azərbaycana son bir neçə il ərzində minlərlə baş mal-qaranın, digər zəruri məhsulların, hətta safqanlı alman inək və eşşəklərinin idxalı ilə belə iş bitmir. Nazirliyin xətti ilə verilən aqrar kreditlərin təyinatında göz görəsi sapmaların inkar edilməsi, aqrolizinq sahəsində mövcud problemlərin ölkə rəhbərliyindən gizlədilməsi cəhdləri, baytarlıq və fitosanitar nəzarətin yetərsizliyi kimi faktorlar əslində ümumi inkişafın qarşısına çəkilmiş süni maneələrin naşı gözlə görünməyən tərəfləridir. Artıq belə bir qənaət formalaşıb ki, həmin maneələrin yaradıcıları elə kənd təsərrüfatı naziri Heydər Əsədovun çevrəsindəki bürokratik komandanın üzvləridir. Digər tərəfdən, əgər fermer öz arxasında nazirliyin yetərli dəstəyini hiss etmirsə, çətin situasiyalarda gözlədiyi maddi-mənəvi yardımları vaxtında ala bilmirsə, belə bir dövlət qurumunun varlığı ilə yoxluğu arasında fərq onun üçün silinmiş olur. Sizcə bu il taxıl biçininin qızğın vaxtında kombaynların çatışmaması səbəbindən məhsul itkisi ilə üzləşmiş hansı fermer durub Kənd təsərrüfatı nazirliyinin qaynar xəttinə qoşularaq imdad diləyər? Axı nazirliyin qaynar dediyi xəttin o biri ucunda soyuq və davamsız "qudok"dan savayı heç nə yoxdu! Bu situasiya ilə üzləşən bir sıra rayonların taxılçıları əllərini əvvəlcə yerli icra qurumlarının gözlənilən dəstəyindən üzüblər, daha sonra qaynar xətt vasitəsilə nazirliyə müraciət etmək istəyiblər, alınmayıb. Bizə verilən məlumata görə, fermerlər builki biçin mövsümündə ərklə nazirin qəbul otağına telefon açaraq onunla katibəsi vasitəsilə də əlaqə yaratmağa, necə deyərlər, dərdlərini söyləməyə çalışsalar da heç bir nəticə hasil olmayıb. Katibə xanımın yönləndirdiyi şəxslərin heç birindən səs çıxmayıb, daha doğrusu həmin vəzifəlilərin heç biri iş vaxtı olmasına baxmayaraq dəstəyi qaldırmayıb. Bir neçə rayonun fermer təsərrüfatının timsalında müşahidə etdiyimiz biganəliyin ölkə miqyasında həddini-hüdudunu indi özünüz təsəvvürdə canlandırın, siz də görün, nazirin yorulmaz reformator imicinin "matoru" hansı yanacağa hesablanıb.

Geri qayıt