Əsas Səhifə > Hadisə, Manşet > Gədəbəyin baş maliyyəçisinə qarşı ağır ittihamlar

Gədəbəyin baş maliyyəçisinə qarşı ağır ittihamlar


7-07-2016, 09:25
Gədəbəyin baş maliyyəçisinə qarşı ağır ittihamlar
Rayonda sahibkarlara “qan udduran” Namiq Məmmədov milyonların mənimsənilməsini rəsmiləşdirməkdə, ayrı-ayrı iş adamlarının əmlaklarının ələ keçirməkdə iştirak edib İdarə rəisi üçün əsas fiqur nazirin müavini, əslən gədəbəyli olan Azər Bayramovdur; rayonda mal-mülk, restoran, obyektlər sahibi olan oliqarx maliyyə şefi çayxana da işlədir Gədəbəydə Maliyyə İdarəsinin rəisi rayona qeyri-rəsmi rəhbərlik edir. Namiq Məmmədov icra başçısı Ramiz Yediyarovdan heç də az səlahiyyətlərə malik deyil. Rayonda sahibkarların baş bəlasına çevrilmiş N.Məmmədov maliyyə naziri Samir Şərifovu da saymır.

Naziri yox, müavini sayır

İdarə rəisi üçün əsas fiqur nazirin müavini, əslən gədəbəyli olan Azər Bayramovdur. Yalnız onun təlimatlarını və tapşırıqlarını eşidən N.Məmmədov Gədəbəydə iş adamlarına “divan tutur”. “Gündəm-xəbər”in bu mövzuda apardığı araşdırmalar zamanı belə nəticə hasil olub ki, rayonun mülkədarına, oliqarx-burjuy məmuruna çevrilmiş idarə rəisi Gədəbəydə milyonların mənimsənilməsini rəsmiləşdirməkdə, ayrı-ayrı iş adamlarının əmlaklarının ələ keçirməkdə iştirak edib. N.Məmmədovun fəaliyyəti son dərəcə narazılıq doğurub və maliyyə nazirinə saysız-hesabsız şikayətlər ünvanlanır. Lakin bu müraciətlər S.Şərifovun birbaşa ünvanına gəlib çatmır. Belə ki, Gədəbəyin maliyyə rəisinin kuratoru, həmyerlisi olan nazir müavini A.Bayramov məktubların nazirin əlinə keçməsinə imkan vermir. Bu iyerarxik mərhələdə nazir müavini Gədəbəydən gələn şikayət məktublarını qəhətə çıxarır. Odur ki, N.Məmmədov Gədəbəydə sahibkarlara “qan uddurmaqda”da davam edir. S.Şərifovla yanaşı dövlət başçısı İlham Əliyevə də çoxsaylı müraciətlər ünvanlanmağa başlayıb. N.Məmmədovun sahibkarların axırına çıxmasından bəhs olunan məktublarda bildirilir ki, maliyyə rəisi icra başçısını da geridə qoyub. Ona görə də açıq şəkildə qarşıdurma olmasa da, icra başçısı belə idarə rəisinin fəaliyyətindən narazıdır. Amma nazir müavini tərəfindən himayə olunan və dayaqlarına arxalanan N.Məmmədov R.Yediyarovu da saya saymır. Onun dövlət büdcəsinə və sahibkarlığın inkişafına vurduğu zərbələr barədə “Gündəm-xəbər”ə daxil olan şok faktlar təqdim etməzdən qabaq xatırladaq ki, prezident dəfələrlə məmurlara səslənib. Ölkə başçısı sərt şəkildə xəbərdarlıq edib ki, iş adamları 2 illik vergidən azaddır, onların fəaliyyətinə mane olanlar isə cəzalandırılacaq. Sahibkarlara qarşı reketçilik etmiş, onları şantaj, hədə-qorxu yolu ilə soymuş MTN-dəki cinayətkar şəbəkənin məhv edilməsi, bu qurumun tamamilə demontaj olunması deyəsən, Gədəbəyin maliyyə rəisi üçün ibrət dərsi olmayıb. O, hələ də gədəbəyli iş adamlarının başına oyunlar açır, ölkə başçısının xəbərdarlığına məhəl qoymur. Beləliklə, keçək təfsilatlı faktlara...

65 minə ələ keçirilən obyekt

“Gündəm Xəbər”in araşdırması zamanı məlum olub ki, maliyyə rəisinin ilk qolçomaqlığı Gədəbəydə mərhum cəbhəçi Əli Abdullayevə məxsus obyekti ələ keçirmək olub. Əvəvlcə icra hakimiyyəti başçısının verdiyi tapşırıq əsasında həmin obyekt uçurulub. Atılan belə bir addımdan sonra, Əli Abdullayevin apardığı haqlı mübarizənin nəticəsi o olur ki, icra başçısının tapşırığı ilə rayonun Heydər Əliyev prospektində, ona yeni bir obyekt də tikilir. Lakin hələ Əli Abdullayev sağ ikən, tikilmiş obyektə Namiq Məmmədov göz dikir. Elə ki, o, dünyasını dəyişir, həmin andan da bir çox proseslər cərəyan etməyə başlayır. Yəni, çox keçmir ki, inşası başa çatdırılmış obyekt icra hakimiyyəti tərəfindən satışa çıxarılır və ilk olaraq qeyd olunan obyekt, Məzahir adlı şəxsə 100 min manata təklif olunur. Bir qədər söz-söhbətdən sonra o, belə bir xəbər əldə edir ki, ona təklif olunan obyekt mərhum Əli Abdullayevə verilmək üçün tikilən obyektdir. Dərhal Məzahir adlı şəxs, qeyd olunan obyekti almaq fikrindən “vaz keçir”. Bu şəxsin belə bir yanaşmasının varlığına baxmayaraq, yaranmış fürsətdən yararlanmağa qərar verən Namiq Məmmədov 65 min manata obyekti ələ keçirə bilir. Maliyyə şefinin obyekti 500 manata icarəyə verdiyi bildirilir. Baxmayaraq ki, icarəyə verilən obyektin girişində “Uşaq Yaradıcılıq Mərkəzi” lövhəsi asılıb. Amma iş bununla bitmir. Rayonun Heydər Əliyev adına parkındakı çay evi də Namiq Məmmədova məxsusdur. Nazirin isə xəbəri yoxdur ki, idarə rəisi rayonda çayxana işlədir. Bütün bu obyektlər təbii ki, N.Məmmədov tərəfindən başqalarının adlarına sənədləşdirilib.

Bakıda 72 mənzili kim alıb?

Maliyyə rəisinin əmlakları Gədəbəylə məhdudlaşmır. Bakının Səfər Əliyev küçəsində, Çin səfirliyinin yaxınlığında, “Qağayi”MMC-nin inşa etdiyi 18 mərtəbəli üç binadan birinin bir bloku, yəni 72 mənzil Namiq Məmmədov tərəfindən nağd pulla alınıb. Bu da on milyonlarla manat deməkdir. Mərhum cəbhəçi Ə.Abdullayev 2013-cü ildə Feysbuk səhifəsində yazıb ki, maliyyə rəisi ilə görüşüb. Namiq Məmmədov söhbət əsnasında xəbərdar edib ki, bu məsələni heç kimə demə. Amma məsələ dərhal ictimailəşdirilib. Ümumiyyətlə, naziri müavini A.Bayramova güvənən N.Məmmədov Gədəbəydə bir çox məntəqələrə ayrılan pulları mənimsəyib. Maliyyə şefi Gədəbəyin kitabxanalarına, tibb məntəqələrinə, kənd və qəsəbələrində mədəniyyət evlərinə ayrılan pulları peşəkarlıqla maxinasiya etməyi bacarıb. Nazir müavini Azər Bayramov Namiq Məmmədovun uzun müddətdir vəzifədə qalmasına köməklik göstərir. Maliyyə idarəsinin müdiri büdcə idarələrinə cari və əsaslı təmir, avadanlıqlar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir. Belə ki, idarə və müəssisə rəhbərləri maliyyə idarəsinin müdirinin «payını» nəğd şəkildə əvvəlcədən çatdırırlar. Əks təqdirdə vəsaitin idarə və müəssisələrin hesabına köçürülməsində ciddi «problemlər» ortaya çıxır. Ümumilikdə isə Gədəbəy Maliyyyə İdarəsinin müdirinin illik «gəliri» yüzmin manatlarla ölçülür. Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin “aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir. Bildirilir ki, Namiq Məmmədov və əmisi oğlu rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədov bölgədə “Gədəbəy qruplaşması”ının başında dayanan əsas şəxslərdir və bu şəxslərin əli ilə Azər Bayramov hər il Gəncəbasar regionlarından milyonlarla manat «faiz» toplayır. Ramiz Məmmədov bir vaxtlar rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxtlar Ramiz Məmmədov rayon təhsilində baş verən çoxsaylı maxinasiya və qanunsuzluqlarla ad çıxarıb.

Sahibkarların obyekti sökülüb, rəisin restoranları isə...

Başqa bir fakta nəzər salaq: Əliyev Oqtay Qara oğluna məxsus, yəni onun şəxsi mülkiyyətində olan 38,5 kvmlik obyekt də, Ramiz Yediyarovun verdiyi qanunsuz tapşırıq əsasında yerlə-yeksan edilir. Belə bir addımın qarşılığında sahibkara külli miqdarda ziyan da dəyir. Çünki ona heç bir xəbərdarlıq olunmadan ayrı-ayrı firmalardan nisyə alınmış ərzaq məhsulları ilə bərabər, mağazasnın içərisindəki avadanlıqlar da tam yarasız hala salınır.
Məsələn, əslən Gədəbəy şəhər sakini olan Səfərov Vaqif Qara oğlu da, elə bir qanunsuzluqla üz-üzə qalıb ki, o, nə qədər çalışsa da, hələ ki, haqqına qovuşa bilməyib. Yəni, 1998-ci ildən Vaqif Səfərovun şəxsi mülkiyyətində olan 2600 kvm-lik torpaq sahəsi, 2013-cü ildə minbir bəhanələrlə rayon rəhbərliyi tərəfindən ələ keçirilir. Yəni, əvvəlcə bəhanə gətirilir ki, həmin ərazidən yüksək gərginlikli elektrik xətti keçdiyindən, 2600 kvm-lik torpaq sahəsində hər hansı tikinti işləri aparmaq olmaz. Amma, çox keçmir ki, ələ keçirilən torpaq sahəsində heç bir standarta cavab verməyən və 43 nəfərlik ticarət mərkəzi də inşa olunur. Ticarət mərkəzinin inşası zamanı külli miqdarda vəsait ayrılsa da, inşa olunan ticarət mərkəzində heç bir əsaslı təmir işləri aparılmır. Çünki, ayrılan vəsaitlər rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovla Ramiz Yediyarovun işbirliyi sayəsində “həzmi-rabedən” keçirilir. Ümumiyyətlə, bu gün Gədəbəydə istər sahibkarlara, istərsə də sadə vətəndaşlara qarşı atılan çoxsaylı qanunsuzluqların kökündə Ramiz Yediyarovla Namiq Məmmədovun qurduğu işbirliyi durur. Z.Əliyeva adına Gədəbəy rayon Mərkəzi Xəstəxanasının giriş qapısında, yəni sol tərəfdə “Nur Market”in və sağ tərəfdə isə “Nur Restoran”ının sökülməyib. Yəni, xəstəxananın giriş qapısında fəaliyyət göstərən hər iki obyekt, xəstəxanaya girib-çıxan nəqliyyat vasitələrinə, o cümlədən təcili tibbi yardımlara maneəçilik yaratdıqları üçün, əslində sökülməli idi. Amma, sökülmədi və xəstəxananın giriş qapısı rayonun Qumlu kəndi istiqamətinə dəyişdirildi. O halda belə bir sual əmələ gəlir ki, görəsən Namiq Məmmədov hansı gücə malikdir ki, böyük bir səhiyyə müəssisəsinin giriş qapısını, sahiblik etdiyi “Nur Market”in və “Nur Restoran”ının sökülməməsi üçün dəyişdirə bilir. Bundan əlavə, Namiq Məmmədov rayonun Heydər Əliyev prospektində olan aptekinin də giriş qapısını dəyişdirə bilib. Yəni, əgər əvvəllər aptekin giriş qapısı mərkəzi magistral yol tərəfdən idisə, bu gün o, piyadalar üçün nəzərdə tutulan səkini bağlatdırmaqla, aptekinə yan tərəfdən giriş qapısı açdıra bilib. Hətta onu da deyə bilərik ki, maliyyə şefinə məxsus aptek plana düşdüyündən, əslində sökülməli idi. Amma, sökülmədi. Səbəbi də, yəqin ki, Məmmədov qüdrətinin rayonda hökmran olması oldu. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt