Əsas Səhifə > Hadisə, Manşet > Qobustanda mədəni korrupsiya

Qobustanda mədəni korrupsiya


6-07-2016, 09:38
Qobustanda mədəni korrupsiya
Qobustan rayonunun Ərəbqədim kənd klubunun binası aqrar islahat başlayandan sonra, 1997-ci ildə əmlak payı kimi camaata verilib. Beləcə, klub olmadığı halda, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şəhriyar Osman iki ayağını bir başmağa dirəyib durub ki, klub var, özü də qəzalı vəziyyətdədir. Gundelik-baku.com xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinə də yalan məlumatlar gedib. Qobustanın baş mədəniyyət işçisi rəsmi şəkildə dəfələrlə israr ediib ki, rayon icra hakimiyyəti tərəfindən klubun əsaslı təmiri nəzərdə tutulub. Lap yaxşı. Elə isə o klubun ölüsünü, ya dirisini tap çıxar ortaya, ay Şəhriyar Osman! Niyə bu boyda kəndi intizarda saxlayırsınız? Gah deyirsiniz ki, klub kənd icra nümayəndəliyində yerləşib. Gah da israr edirsiniz ki, klubun tədbirləri Ərəbqədim kənd orta məktəbində keçirilir. Camaat eşitdiyinə inanmasa da, aldanmağa onsuz da öyrəşib. Ona görə də fərqinə varmır. Bax bunun bir xətası çıxmasa yaxşıdı. Öz aramızdı, gəlin, “mız” qoymayaq, məsələni bir az dərindən araşdıraq. Özünüz fikirləşin, klub varsa, demək, klubun müdiri də var, müdirin ştat cədvəli də. Ştat cədvəlinə görə maaş alan klub işçiləri də. Şəhriyar müəllim gör indi neçə adama aylıq maaş verir! Cibindən vermir ki, maaş dövlətin xəzinəsindən gedir. Fəaliyyəti olmayan “klub”un işçilərinə verilən qanunsuz əməkhaqqı bilirsiniz nə qədər edir? Desəm, dəhşətə gələrsiniz. Bunu hər halda, Şəhriyar Osman cənabı daha dəqiq bilir. Yox, mən israr eləmirəm ki, Şəhriyar Osman sabah durub camaatdan və dövlətdən üzr istəsin ki, bağışlayın səhv etmişəm, dövlətin pulunu pay-püş eləmişəm. Camaata nə var, ürəyi yumşaqdı, bir-iki ağız ağlayırsan, kövrəlib səni bağışlayır. Dövlətin pulunu yemək olar? Özü də uzun illər ərzində? Görəsən, rayonun icra strukrurları bu yeyintini necə gözdən qaçırıblar. Burda ikicə yol qalır. Yaxşısı budu, Şəhriyar Osman getsin Ərəbqədim kəndinə, orda fəaliyyət göstərən klubu tapıb versin camaata, desin ki, buyurun, bu siz, bu klub, bu da klubun müdiri Ağəli Rəcəbov,buyurun şənlənib feyziyab olun! Bununla da məsələ həllini tapsın... Ey dili-qafil, birdən tapammasa necə olacaq? Deyirəm, bəlkə biz də Ərəbqədim camaatına qoşulub kənd klubunun axtarışına çıxaq? Amma bilmirəm, klubu kənddə axtaraq, yoxsa Mədəniyyət və turizm nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin kabinetində. Bəlkə, siz deyəsiniz?

Geri qayıt