Əsas Səhifə > Hadisə, Manşet > Qubada ləğv olunmuş idarənin adından fırıldaqlar...

Qubada ləğv olunmuş idarənin adından fırıldaqlar...


23-06-2016, 09:30
Qubada ləğv olunmuş idarənin adından fırıldaqlar...
Ölkəmizdə əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi istiqamətində əsaslı dövlət tədbirləri həyata keçirilməkdədir. Xüsusən əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması daima diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Pensiya İslahatı Konsepsiyasının icrası və onun yerinə yetirilməsinin təşkilati-idarəetmə bazasının yaradılması istiqamətində Azərbaycan Respublikası prezidentinin müvafiq fərmanları isə xüsusilə qeyd olunmalıdır. Təbii ki, bütün bu islahatlar mütərəqqi xarakter daşımaqla Azərbaycan vətəndaşının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Lakin həmin islahatların uğurla həyata keçməsi bir tərəfdən vətəndaşların icbari sığorta ödəmələrində özlərinin maraqlı olduqlarını dərk etmələrindən, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Təəssüflər olsun ki, DSMF-nin bəzi yerli şöbələrində qanunlara əməl olunmur. Gundelik-baku.com-a verilən məlumatlarda bildirilir ki, fondun Quba rayon şöbəsində ciddi neqativ hallar mövcuddur. Bizə çatan məlumatlara görə, şöbənin müdiri Sabir Hacıyev pensiyaya çıxan şəxslərdən nəysə umur: «Onun bütün işlərini Mehman adlı müavini həyata keçırir. Yəni vətəndaşlarla birbaşa təması və maliyyə məsələlərini müavini yerinə yetirir. Əslən Göycay rayonundan olan Mehman müəllim fondun sədri Elman Mehdiyevin yerlisi və yaxını olduğunu deyərək ona heç kimin bata bilməyəcəyini də hər addımbaşı vurğulayır. Hazırda bu şöbədə Mehmanı görmədən pensiyaya çıxmaq mümkün deyil. Sabir Hacıyevin burada tətbiq etdiyi "xüsusi qaydalar” səbəbindən Quba sakinləri müavinət alarkən süni bürokratik əngəllərlə qarşılaşmalı olurlar. Heç bir qanuni sənədə əsaslanmadan cərimə ödənişlərinin və sanksiyaların tətbiq olunması Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsində mütəmadi olaraq həyata keçirilir. Şöbənin müdiri maraqlarını təmin etmək məqsədilə bütün vasitələrə əl atır. Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin Sabir müəllimi bu məqam zərrə qədər də olsun maraqlandırmır. Bu şöbədə heç kim əlavə «staj» artırmaqla məşğul olmazdı. Artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün müdir tərəfindən irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir». Məlumatlı mənbə vurğulayır ki, şöbə müdiri bəzi müəssisə rəhbərləri ilə razılığa gələrək rəsmi sənədlərdə bu və ya digər müəssisədə işləyən fəhlələrin sayının real saydan xeyli az göstərilməsini təmin edir: «Bu azaltma müəssisə rəhbərliyini bir çox büdcə ödənişlərindən, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Bu maxinasiya sayəsində Dövlət Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan ödənişlərdən qənaət olunan məbləğin yarısı da nəğd şəkildə şöbə müdirinə təqdim edilir. Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, əhaliyə qarşı cərimə sanksiyalarının tətbiq olunması da burada adi haldır. Şöbənin müdiri təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyalara geniş yer verir». DSMF-nin Quba rayon şöbəsində digər qanun pozuntuları da mövcuddur. Tezliklə həmin məqamlarla bağlı geniş araşdırma yazısı təqdim edəcəyik. Bizi izləyin.

Geri qayıt