Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Masallının bir kəndi niyə qazsız qalıb?
Masallının bir kəndi niyə qazsız qalıb?3-06-2016, 08:59 |
Son illər Masallının əksər kəndlərinə təbii qaz xəttinin çəkilməsi istiqamətində xeyli işlər görülüb. Etiraf edək ki, bəzi kəndlərdə təbii qaz hələ sovet dövründən olsa da, son bir neçə ildə bu istiqamətdə görülən işlər sayəsində yaşayış məntəqələrinin qazlaşdırılması daha da genişlənib. JAM.AZ xəbər verir ki, bütün bunlara baxmayaraq, Masallı Qaz İstismarı İdarəsinin müdiri Seyran Şahverdiyev heç kimin sözünə baxmadan, bildiyi kimi hərəkət edir. Məsələn, bu idarənin səhlənkarlığı və tamahkarlığı sayəsində ötən qış rayon sakinlərinə «Bildiriş-xəbərdarlıq» qəbzində ödəniləcək məbləğ bir neçə dəfə şişirdilmişdi. Məsələ qalmaqala səbəb olduqdan sonra idarənin müdiri bildirmişdi ki, guya, kağız üzərindəki rəqəmlər səhv düşüb və bu texniki səhv kimi başa düşülməlidir. Madam belə bir hal var idisə, o zaman idarənin pul yığanları niyə vətəndaşlardan həmin qəbzdə yazılmış rəqəmi tələb edirdilər? Və ya edilən şikayətlərə niyə baxılmamışdı ki, yekunda bu səhv düzəldilsin? Aydın məsələdir ki, Masallı Qaz İstismarı İdarəsinin rəisi Seyran Şahverdiyev qurduğu oyun alınmadığından, belə bir açıqlama vermək məcburiyyətində qalmışdı. Amma Şahverdiyevin işləri bununla bitməyib. JAM.AZ-a verilən məlumata görə, Masallının Xıl kəndinə bu yaxınlarda təbii qaz xətti çəkilib. Evlərə sayğaclara qədər hər şey quraşdırılıb. Amma əhaliyə «mavi yanacağın» verilməsi prosesi dayandırılıb. Səbəbi isə çox qəribədir. Kənd sakinlərinin dediyinə görə, Masallı Qaz İstismarı İdarəsinin rəisi Seyran Şahverdiyev camaatdan təbii qazın verilməsi məqsədiylə pul istəyir. İddialara görə, Şahverdiyev onlara xəbər göndərib ki, əgər 40 min manat pul verilməsə, Xıl kəndinin camaatı təbii qaz üzünə həsrət qalacaq. Əhali deyir ki, idarə rəisinin tələb etdiyi məbləğ həddindən artıq böyükdür və onu vermək imkanları da yoxdur. Digər tərəfdən, onlar bu qədər pulun nə üçün və kimə görə yığılmasının səbəbini bilmirlər. Qeyd edirlər ki, bu özbaşınalıqla bağlı rayon rəhbərliyinə şikayət etmək məcburiyyətində qalıblar. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |