Əsas Səhifə > Hadisə, Manşet > Adil Vəliyevin daha bir yeyinti ünvanı

Adil Vəliyevin daha bir yeyinti ünvanı


1-06-2016, 09:31
Adil Vəliyevin daha bir yeyinti ünvanı
Ölkəmizdə bələdiyyələrin yaranması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edək ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr müstəqil respublikamızın tarixində yeni bir qurumdur. Avropa və eləcə də, dünyanın ayrı-ayrı ölkələrində bələdiyyələrin fəaliyyət göstərdiyi müddət yüz illərlə ölçülürsə, ölkəmizdə bələdiyyələrə 1999-cu ildən başlayaraq seçkilər keçirilib. Ötən illər ərzində bələdiyyələrin fəaliyyətinin güclənməsi istiqamətində ciddi islahatlar keçirilib. Bildirək ki, bələdiyyənin yerli büdcəsinin formalaşması əsasən fərdi yaşayış evlərindən, ticarət obyektlərindən və cox mərtəbəli binalardakı özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına həyata keçirilir. Apardığımız qısa araşdırmalar isə göstərir ki, bəzi bələdiyyələrin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilməyib. Gundelik-baku.com-un əməkdaşları paytaxtın Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibovun işində yol verdiyi neqativ məqamlarla bağlı ilginc məlumatlar əldə edib. Lakin həmin bilgilərə toxunmamışdan öncə qısaca vurğulamaq istəyirik ki, Bakıxanov qəsəbəsi şəhərtipli qəsəbədir. Ərazisi 12 kv.km-dir. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu alıb, “Stepan Razin qəsəbəsi” adı verilib və 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılıb. Qəsəbənin əhalisi 83.732 nəfərdir (qeydiyyatda 74.747) və bu Sabunçu rayon əhalisinin təxminən 35%-ini təşkil edir. Qəsəbədə 5 bank filialı, 4 poçt şöbəsi, 12 tam orta məktəb, 2 orta ixtisas kolleçı, 8 səhiyyə müəssisəsi, 9 özəl səhiyyə müəsisəsi, 15 məktəbəqədər müəssisə, Gənclər evi, Adil İsgəndərov adına Mədəniyyət sarayı, musiqi məktəbi, Mərkəzi Kitabxana kimi mədəniyyət ocaqları fəaliyyət göstərir. Bələdiyyəyə sədrlik edən Ramis Nəsibov haqda da qısaca bilgi vermək istəyirik. O 1964-cü ildə anadan olub. 1982-1991-ci illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakultəsini bitirib. 1994-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Sabunçu rayon Mənzil Təsərrüfat Birliyinin 44 saylı MİS-ində fəhlə işindən başlayıb. 1985-ci ildə həmin İdarənin 81saylı MİS-də texnik, 1990-cı ildən 86 saylı MİS-də mühəndis, 47 saylı MİS-də müvəqqəti rəis vəzifəsində çalışıb. 2005-ci ildə Sabunçu rayon Bakıxanov Bələdiyyəsində Ərazi mülkiyyətinin İdarə etmə Şöbəsinin müdiri vəzifəsində çalışıb. 23 dekabr 2009-cu ildə III çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilib. 30.07.2015-ci il tarixli bələdiyyə iclasının qərarı ilə Bakıxanov bələdiyyəsinin sədri seçilib. Saytımıza verilən məlumatda bildirilir ki, gələn ay bu vəzifədə 1 ilini tamam edəcək Ramis Nəsibov qəsəbənin abadlaşdırılması adı altında külli miqdarda vəsaiti şəxsi maraqlarına qurban verib: «Belə ki, sədr qəsəbədə məhəllədaxili yolların təmiri görüntüsü yaratmaqla müəyyən planlarını həyata keçirir. Məsələn, Ş.Kamilov və N.İsmayılov küçələrinin kəsişməsi, o cümlədən qəbiristanlığa gedən yolda guya bir neçə ay əvvəl təmir bərpa işləri aparılıb. Halbuki, sözügedən yol hazırda bərbad vəziyyətdədir. Sədr isə bu işləri yüksək səviyyədə gördüyünü deməklə rayon rəhbərliyinin yanında hörmətini artırmağa çalışır. Bir məsələni demək lazımdır ki, qəsəbə ərazisində təmir-bərpa işlərini Bakıxanovda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər görür. Bələdiyyə sədri hər iş adamına bir şeyi tapşırır. Bələdiyyənin büdcəsinə yığılan vəsaitlərin isə hansı işlərə sərf edildiyi bilinmir. Bakıxanov bələdiyyəsinin inzibati binasında aparılan təmir işləri zamanı da əyrintiyə yol verilib. Bir sözlə, Bakıxanov bələdiyyəsinin icra etdiyi layihələrin bir çoxunda maliyyə maxinasiyalarına yol verilir ki, bunun da xeyrini bələdiyyə sədri görür». Başqa bir iddiaya əsasən, general Mehmandarovun adını daşıyan parkda da abadlıq işləri adı altında böyük məbləğdə vəsait göyə sovrulub. Bu məsələnin detalları və Ramis Nəsibovun sahibi olduğu ticarət obyektləri ilə bağlı növbəti yazımızda bəhs edəcəyik. Həmçinin sədrin nəyə görə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adından tez-tez istifadə etməsi məsələsinə də toxunacağıq.

Geri qayıt