Əsas Səhifə > Hadisə, Manşet > "Bədəl Bədəlovun mənim daxmamla nə işi var?"

"Bədəl Bədəlovun mənim daxmamla nə işi var?"


31-05-2016, 09:59
"Bədəl Bədəlovun mənim daxmamla nə işi var?"
Məlum olduğu kimi, dünən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı oldu. Ölkə başçısının şəxsən özünün həmin əzəmətli binanın açılışında iştirak etməsi məni bir vətəndaş olaraq çox qürurlandırdı. Çünki Vətənimizin ən ümdə brendi olan SOCAR-a məhz belə əzəmət yaraşırdı. Binanın açılışında Rövnəq müəllimin yanında şirkət rəsmiləri də gözə dəyirdi. Məni daha çox bir nəfər maraqlandırırdı – Bədəl Bədəlov. Sual oluna bilər : “Niyə məhz o”. Çünki, deyilənə görə, mən onun orbitinə yenicə düşmüşəm və şəxsimə qarşı olduqca qəzəblidir. Mən belə zənn edirdim.

Bu gün gördüm ki, həmin adam ölkə başçısının bir addımlığında dayanmaq səlahiyyətində olan şirkətin önəmli fiqurlarından biridir. Açılışdan çəkilən və KİV-lərdə dərc edilən bəzi şəkilləri bir neçə nəfərə göndərib, Bədəl Bədəlovun şəkildəki hansı adam olduğu ilə maraqlandım. Gördüm ki, bütün cavablar üst-üstə düşür. Hamı eyni adamı göstərdi. Bir anlıq özüm-öz gözümdə bilmədim haralara ucaldım… Amma fikirləşdim ki, bir neçə gün ərzində məni bu kişinin adı ilə yaxşıca aldadıblar. İki ali təhsili olan bir adam kimi mənim məntiqim bunu diqtə etmiş oldu ki, belə böyük işlər və milyardlıq layihələrlə məşğul olan bir adamın mənim daxmamla nə işi ola bilər?
Keçim mətləbə. Mən, hazırda çox ağır bir vəziyyətdəyəm. Ailədə olan ciddi problemlərlə əlaqədar olaraq bütün yaxın qohumlarımızın evləri satılmalı oldu. Onlardan biri də mənəm. Borc- xərclə gəlib Keşlə qəsəbəsində güc-bəla bir sot torpaq ala bildim ki, ev tikib bir neçə ailəni müvəqqəti olsa da, ora sığındırım. Mənim tikdiyim evə yaxın bir hündür hasar var. Maraqlandım, dedilər ki, özəlləşmiş bir ərazidi, yiyəsi də, barəsində bir az əvvəl bəhs etdiyim Bədəl Bədəlovdur. Evi bir az qaldırmışdım ki, birdən özlərini SOCAR-ın mühafizəçiləri kimi təqdim edən bir neçə nəfər gəlib tikintini dayandırmağı tələb etdilər. Sonra arada al-ver başladı.

"Bədəl Bədəlovun mənim daxmamla nə işi var?"

Həmin tələbləri yerinə yetirmək gücündə olmadığım səbəbindən söhbətimiz alınmadı. Vəziyyətin belə olduğunu gördükdə, həmin adamlar başladılar birmənalı şəkildə Bədəl Bədəlovun adını hallandırmağa ki, o, icazə vermir. Qeyd edim ki, həmin hasarın dörd bir tərəfi hündür evlərlə doludur. Mən gedib həmin ərazini mühafizə edən aşağı rütbəli əməkdaşlarla söhbət də etmişəm. Deyiblər ki, mənim evimə yaxın olan ərazinin SOCAR-a heç bir aidiyyəti yoxdur.
Ora tam özəlləşib. İstənilən halda mənim evimin həmin tərəfə heç bir maneçiliyi ola bilməz. Heç həmin tərəfə pəncərə belə qoymamışam. Bir aydır ki, qalmışıq küçələrdə. Deyillər ki, bir daşı-daşımn üstünə qoysanız Bədəl müəllim evi yerlə yeksan etdirəcək. Hər gün belə xəbərdarlıq alıram. İndi qalmışam çıxılmaz vəziyyətdə. Axı, mən Bədəl Bədəlovu hardan tapım ki, onun qəbuluna düşüb dərdimi ona anladım? Bu səbəbdən də, qərara gəldim ki, ona KİV vasitəsilə müraciət edim.

"Bədəl Bədəlovun mənim daxmamla nə işi var?"

Əminəm ki, onun adından kimlərsə sui-istifadə edirlər. İnternetdə onun adı ilə axtarış verdim. Maraqlıdır ki, bu cür yüksək postu tutan adamın adı demək olar heç bir neqtivliklərdə hallanmır. Ona görə də, inandım ki, belə adam ev yıxan( sökən) ola bilməz . Bu günkü açılışdan sonra əmin oldum ki, onun belə xırda işlərlə maraqlanmağa heç vaxtı da yetməz. Onu da qeyd edim ki, Bədəl müəllim “Vorovski” deyilən məhəllədə mənim qohumlarımın qonşuluğunda yaşayır. Sağlığına qismət olsun, əzəmətli bir evi var. Görəsən, həmin evi tikəndə Bədəl müəllimə hansısa qüdrət sahibinin adı ilə mənə göstərilən təzyiqləri etsəydilər hansı hissləri keçirərdi? Əminəm ki, bu yazını Bədəl müəllim oxuyacaq və onun adı ilə mənə edilən təzyiqə tam aydınlıq gətrmiş olacaq. Şübhə etmirəm ki, Bədəl müəllim bir neçə ailənin iztirabına son qoyacaq və biz də kirayələrdən evimizə yığışacayıq…
M. MİRZƏYEV

Geri qayıt