Əsas Səhifə > Hadisə, Manşet > Saleh Məmmədovu susduracaq faktlar

Saleh Məmmədovu susduracaq faktlar


27-05-2016, 10:07
Saleh Məmmədovu susduracaq faktlar
«Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyində fəaliyyət göstərən 8 saylı Yol Yaşıllaşdırma İdarəsində qanun pozuntuları adi hal alıb. Qeyd edək ki, bu idarə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərir. İdarənin funksiyalarına ağacların əkilməsi, budama, xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik tədbirlərin görülməsi və sair vəzifələr aiddir. Gundelik-baku.com bildirir ki, rəis Vasif Məmmədovun işindəki əyrinti halları idarənin səlahiyyətlərinə aid olan işlərin lazımi səviyyədə icra edilməsinə imkan yaratmır. Məlumata görə, hazırda 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin resurs və potensialından məqsədyönlü şəkildə, qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün səmərəli istifadə olunmur: «Yerinə yetirilmiş kimi göstərilən işlərin həcmini ifadə edən rəqəmlər xeyli şişirdilir. Həmçinin açıqlamalarda vurğulanır ki, bütün bu maxinasiyaların həyata keçirilməsində rəis Vasif Məmmədovla yanaşı, idarənin mühasibi Şirməmməd adlı şəxs də həlledici rol oynayır. İdarənin ştatında olan 100 nəfərdən artıq işçinin yarısından çoxu günlərlə işə çıxmır. Maraqlanan olanda, rəhbərlik tərəfindən belə məlumat verilir ki, guya həmin işçilər sahələrə ezam olunublar. Əslində isə bu ştatlardan artıq çoxdan köhnəlmiş, lakin bu gün də işləkliyini saxlamış mənimsəmə maxinasiyaları üçün istifadə olunur. Yəni həmin ştatlarda “ölü canlar” saxlanılır. Onlara məxsus maaş kartları isə idarənin rəhbərliyində saxlanılır». Deyilənə görə, Vasif Məmmədovun rəhbərlik etdiyi müəssisədə işə qəbul məsələsində də ciddi qanun pozuntularına yol verilir. Belə ki, rəisin iş yerlərini satışa çıxardığı qeyd olunur: «O, mütəmadi olaraq idarənin işçilərini heç bir ciddi səbəb olmadan, əsassız bəhanələrlə işdən çıxarır və onların yerinə yenilərini təyin edir. Bunun qarşılığında öz maraqlarını təmin etmiş olur. Rəis həm də idarənin su maşınlarını fərdi sifarişlər əsasında əlavə işə göndərir. İşçiləri onlara aid olmayan işlərdə çalışdıraraq bunun müqabilində sifariş verən sahibkarlardan külli miqdarda pul alır və həmin pulu da öz cibinə qoyur. İşlərini itirmək istəməyən fəhlələr isə etiraz edə bilmir və Vasif Məmmədovun dediyini yerinə yetirmək məcburiyyətində qalırlar». Məlumata görə, Vasif Məmmədovu “Azəravtoyol” ASC-də birbaşa himayə edən şəxs, qurumun sədr müavini- Avtomobil yollarının istismarı idarəsinin rəisi Əvəz Qocayevdir. Qeyd edək ki, bu məmurların hər ikisi əslən Tovuz rayonundandır. Buna görə də aralarında kifayət qədər yaxın münasibətlər mövcuddur. Eyni zamanda da, iddialara görə, Əvəz Qocayev idarə müdirini himayə etməklə, onun müxtəlif maxinasiyalardan əldə etdiyi külli miqdarda gəlirlərə də şərik olur. 8 saylı Yol Yaşıllaşdırma İdarəsində hazırda ikili mühasibatlığın aparıldığı nəzərə alınarsa, bu zaman bu müəssisənin “istismarından” əldə olunan gəlirlərin də kifayət qədər böyük məbləğlərdə ifadə olunduğunu anlamaq çətin olmaz. Ümidvarıq ki, ASC sədri Saleh Məmmədov yazılanları araşdırıb idarə rəisinin barəsində lazımi ölçü götürəcək. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.

Geri qayıt