Əsas Səhifə > Hadisə, Manşet > Texniki universitetdə Havar Məmmədov üsul-idarəsi
Texniki universitetdə Havar Məmmədov üsul-idarəsi11-05-2016, 08:59 |
Azərbaycanın əksər universitetlərinin elm məbədləri olmaq əvəzinə rüşvət yuvasına çevrilmələri hər kəsə aydındır. Dəfələrlə ölkə mətbuatında bu kimi hallar faktlarla işıqlandırılıb. Müəyyən hallarda isə rəsmi qurumlar tərəfindən hüquqi addımlar atılıb. Ancaq yenə də ölkənin gələcəyi üçün peşəkar kadrlar, mütəxəssislər hazırlamalı olan universitetlər korrupsiya və rüşvət bataqlığından qurtula bilmirlər. Rüşvətin və korrupsiyanın dərin kök saldığı bu kimi universitetlərdən biri də rektoru ilə özünün yaşının paralellik təşkil etdiyi Azərbaycan Texniki Universitetidir. "3” qiymətinin 50, dövlət imtahanlarının 500 manata yazıldığı Texniki Universitetdə rüşvət demək olar ki, rəsmiləşdirilib. Hələ ötən ay Media Təqib Mərkəzi apardığı monitorinqin nəticələrini açıqlayarkən məlum olmuşdu ki, Texniki Universitet haqqında ən çox neqativ yazılan universitetlərdəndir. Məlumatlara görə, Texniki Universitetdə tələbələrdən yığılan rüşvətlər hər ayın axırı rəhbərlik tərəfindən "maddi yardım” adı ilə paketlərdə "fəal" müəllimlərə paylanılır. Bütün bunlardan başqa zaman-zaman saxta diplom satışında təqsirləndirilən Texniki Universitet rəhbərliyi universitetin təsərrüfat sahəsində də ciddi maxinasiyalara yol verməkdə ittiham olunur. Məlumata görə, dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar və avadanlıqlara xəclənən pullar əslində rəsmi sənədlərdə göstərilən kimi deyil. Bu sənədlərdə göstərilən qiymətlər real bazar qiymətlərindən qat-qat bahadır. Bundan başqa ləvazimat və materiallardan asılı olaraq rüblük və illik hesabat sənədlərində də maxinasiyalar edilir. Rəsmi hesabat sənədlərində göstərilən yeni avadanlıqlar əslində bir neçə il əvvəl alınmış və istifadə olunmuş avadanlıqlardır. Rektor Havar Məmmədovun uğursuz kadr seçimi universitetdə olan intriqaları daha da dərinləşdirib. Məlumata görə, hətta intriqalar o dərəcədə şiddətlənib ki, Universitet rəhbərliyi bir-birinin haqqında mediaya danos ötürürlər. Bir vaxtlar rektor Havar Məmmədovun "Saba Gars” avtomobil mərkəzinə və "MakroMarket” mağazalar şəbəkəsinə şərik olduğu xəbərini də deyilənə görə, universitet prorektorlarından biri mediaya ötürmüşdü. Göründüyü kimi, elm məbədindən daha çox bazara bənzəyən Texniki Universitetdəki mövcud qanunsuzluqlar görünür hələ çox davam edəcək. Ancaq hara qədər, nə vaxta kimi? P.S Texniki Universitetin prorektorlarından birinin 4 qaldırıcı Kran maşınının olduğu barədə məlumat almışıq. Əslində Texniki Universitet prorektorunun qaldırıcı kran maşınına olan sevgisini anlamaq olar, düşünürük ki, yəqin bu maşınlar universitetə əyani vəsait kimi alınıb. Ümid edirik ki, bir gün Texniki Universitetin müəllim kontingenti peşələrinin müqəddəs və şərəfli olduğunu dərk edəcək, vəzifələrinin məsuliyyətini anlayacaqlar. Qlobal.az Geri qayıt |