Əsas Səhifə > Hadisə, Manşet > Yevlax ƏSMM-in direktoru şəhid olmuş şəxsin statusunu pula görə ləğv elətdirib

Yevlax ƏSMM-in direktoru şəhid olmuş şəxsin statusunu pula görə ləğv elətdirib


2-05-2016, 09:46
Yevlax ƏSMM-in direktoru şəhid olmuş şəxsin statusunu pula görə ləğv elətdirib
Azərbaycanda məmur özbaşınalığı bəzən sərhədd tanımır. Hətta elə hallar olur ki, məmurlar şəhid ailələrinə qarşı belə o qədər ədalətsiz davranırlar ki, onlar övladlarının nəşini götürüb, ölkəni tərk etmək istəyirlər. JAM.AZ xəbər verir ki, analoji hadisə Yevlax şəhərində yaşanır və Əhmədova ailəsi artıq nə edəcəyini bilmir.
Şəhid Rəfael Əhmədov 1999-cu ildə Füzuli rayonunda hərbi xidmətdə olarkən düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanıb. Kəşfiyyat bölümündə xidmət edən Rəfael döyüş yoldaşları ilə birlikdə hərbi tapşırığı yerinə yetirib, geri dönərkən düşmənə tuş gəliblər və 6 əsgər yoldaşı ilə birlikdə şəhid olublar. Rəfael bu zaman ağır yaralı vəziyyətdə hospitala aparılıb və orada bir neçə gün qaldıqdan sonra dünyasını dəyişib.
Şəhid atamı Mətləb Əhmədov JAM.AZ-a bildirib ki, 1981-ci il təvəllüdlü oğlunun nəşini hospitaldan Müdafiə Nazirliyinin rəsmiləri Yevlax şəhərinə gətiriblər və sabiq Prezident, Ümummilli Lider Heydər Əliyevin tapşırığı əsasında rayondakı Şəhidlər Xiyabanında dəfn olunub. «Həmin dəfndə rayon rəhbərliyi, Bakıdan gələn nümayəndələr də iştirak ediblər. Hətta telekanallarda bu dəfn mərasimindən reportaj da yayımlanıb».
Mətləb Əhmədov deyir ki, oğlunun şəhid olmasını Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlikdən göndərilən rəsmi sənədə əsasən o, şəhid sayılıb. «Bütün sənədləri Yevlax Sosial Müdafiə Mərkəzinə göndərdik. Mərkəzin direkioru Zərifə Əzizova sənədləri qəbul edib, baxdıqdan sonra bizə bildirdi ki, bəs, guya, oğlumuz şəhid sayılmır. Bu səbəbdən də bizə qanuni düşən kompensasiyanın ödəməkdən boyun qaçırır. İllərdir bizi süründürür».
Şəhid atası JAM.AZ-a deyib ki, axırda məcbur qalıb məhkəməyə müraciət etməli olublar. 24 noyabr 2015-ci ildə Yevlax Məhkəməsi Rəfael Əhmədovun şəhid olmasını təsdiq edən qətnamə çıxarıb. «Lakin Zərifə Əzizova bu qətnaməni saya salmayaraq, həmin qərardan Şəki Apelyasiya Məhkəməsinə şikayət edib. Şəki İnzibati İqtisad Məhkəməsində məsələyə baxıldıqdan sonra hakimlər qətnəma çıxardılar ki, bəs, oğlumuz guya şəhid olmayıb. Belə bir qərarı hansı haqla çıxardıqları məlum deyil. Böyük ehtimalla Zərifə Əzizova belə bir qətnamənin çıxarılmasını sifariş edib. Əks təqdirdə, rəsmi sənədlər varkən məhkəmə bu cür ədaltsiz yanaşma ortaya qoya bilməzdi».
Şəhid Rəfael Əhmədovun anası rus əsillidir. İrina Əhmədova JAM.AZ-a bildirir ki, o, əslən rus olsa da, hər zaman özünü Azərbaycan vətəndaşı sayıb və oğlunu da Azərbaycana sevgi, məhəbbət ruhunda böyüdüb. O deyir ki, oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmasından da qürur duyur. Lakin üzləşdiyi haqsızlıqdan dolayı dəhşət içindədir. «Mən oğlumu doğma vətənim Azərbaycanın torpaqlarını qorumaq üçün böyütdüm. Əsgərliyə yola saldım. Vətəni qorumaq üçün cəbhə xəttində olanda da dəstəyimi əsirgəmədim. Bəzi valideynlər kimi pul verib, uşağımı arxa cəbhəyə də saldıra bilərdim. Amma etmədim, çünki o da bu torpağın oğluydu və onu qorumaq oğlumun da haqqıydı. Lakin yerli məmurların, Zərifə Əzizova kimilərin pula görə şəhid ailəsinə qarşı bu qədər amansız, qəddar davranması, övladım döyüş tapşırığını yerinə yetirərkən şəhid olmasını inkar etməsini qəbullana bilmirəm».
İrina Əhmədova qeyd edir ki, onlara edilən təzyiqlər, haqsızlıqlar elə bir həddə çatıb ki, təkcə özü və ailə üzvlərini deyil, eləcə şəhid oğlunun nəşini də götürüb Azərbaycanı tərk etmək istəyir. «Mən Cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, bu məmur özbaşınalığının qarşısını alsın. Bizə bu işdə yardımçı olsun. Bu qədər təzyiqin qarşısında duruş gətirmək, bunca ədalətsizliyə dözə bilmirik. Mən ümid edirəm ki, dövlətimizin başçısı səsimizi eşidib, məmur özbaşınalığına son qoyacaq və bizim qanuni haqqımızın tanınmasına yardımçı olacaq. Əks təqdirdə, mən, həyat yoldaşım və ailə üzvlərim şəhid oğlumuzun nəşini də alıb ölkədən getmək məcburiyyətində qalacağıq».
Qeyd edək ki, hazırda məsələ Ali Məhkəmədədir və kassasiya şikayətinə iyun ayında baxılacağı gözlənilir.
Məsələ ilə bağlı ilgili qurumların da mövqeyini dərc etməyə hazırıq.

Yevlax ƏSMM-in direktoru şəhid olmuş şəxsin statusunu pula görə ləğv elətdirib
Yevlax ƏSMM-in direktoru şəhid olmuş şəxsin statusunu pula görə ləğv elətdirib

Geri qayıt