Əsas Səhifə > Hadisə, Manşet > Cəbrayıl işğal altında, mədəniyyəti də çöküşdə...

Cəbrayıl işğal altında, mədəniyyəti də çöküşdə...


29-04-2016, 09:10
Cəbrayıl işğal altında, mədəniyyəti də çöküşdə...
DİA.AZ bildirir ki, daxil olmuş məlumatlara görə, hal-hazırda Cəbrayıl rayon Mədəniyyət və Turizm Şobəsinin yarıtmaz işi qurumun nəzdində fəaliyyət göstərən musiqi məktəblərində, klublarda və digər mədəniyyət və turizm müəssisələrində çoxsaylı neqativ halların yer almasına səbəb olur. Qeyd edək ki, hazırda Kamran Quliyevin rəhbərlik etdiyi bu şöbənin tabeliyində 31 kitabxana, 18 klub, 3 uşaq musiqi məktəbi, muzey və mədəniyyət evi fəaliyyət göstərməkdədir. Müvəqqəti olaraq bu müəsisələrin bir qismi Bakıda, bir qismi isə digər bölgələrdə yerləşir. Aldığımız açıqlamalarda isə vurğulanır ki, rayonda fəaliyyət göstərən bütün bu mədəniyyət ocaqları istisnasız olaraq, hər ay Kamran Quliyev tərəfindən müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Əks halda şöbə müdiri tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradılır. Təbii ki, yaranmış vəziyyət həmin müəssisə rəhbərlərini də adekvat addımlar atmağa sövq edir. Buna görə də hazırda bu müəssisələrin ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Mədəniyyət və Turizm Şobəsinin nəzrində fəaliyyət göstərən obyekt və müəssisələrin demək olar ki, heç birində ştat cədvəlində əməkdaşların göstərilən sayı ilə burada işləyən insanların sayı düz gəlmir. Aradakı fərq isə təbii ki, ayrılan əmək haqlarının mənimsənilməsi üçün qəsdən yaradılmışdır. Həmçinin mənbənin bizimdovr.az-a təqdim etdiyi məlumatlarda bildirilir ki, Kamran Quliyev rayonun musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının planlaşdırılması ilə həyata keçirdiyi müxtəlif maxinasiyaların köməyi ilə də külli miqdarda rüşvət yığımına və büdcə vəsaitlərinin mənimsənilməsinə nail olub. Digər tərəfdən də, bəzi mənbələr Bakıda və Biləsuvarda fəaliyyət göstərən musiqi məktəblərinin müdirlərini də bir çox maxinasiyalara yol verməkdə ittiham edirlər.

Həmçinin məlumatlarda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfinən bu müəssisələrin ehtiyaclarına ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Kamran Quliyev tərəfindən mənimsənilir. Bu məqsədlərlə şöbə müdiri təmir-bərpa idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır.

Bütün bunları nəzərə alaraq demək olar ki, bu gün Kamran Quliyev Cəbrayılın mədəniyyət obyektlərinin sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur. Lakin, nədənsə indiyədək nə rayon rəhbərliyi, nə də ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş şöbə müdirinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Yuxarı instansiyaların problemlərə belə yanaşma tərzi isə, artıq dəfələrlə vurğuladığımız kimi, bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarına getdikcə daha çox rəvac verir.

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

Geri qayıt