Əsas Səhifə > Hadisə, Manşet > Sabirabadlı məmura qarşı korrupsiya ittihamları

Sabirabadlı məmura qarşı korrupsiya ittihamları


15-03-2016, 09:09
Sabirabadlı məmura qarşı korrupsiya ittihamları
Sabirabad sakini Ağaəli Cabbarov teref.info-ya məktub göndərib. DİA.AZ xəbər verir ki, məktubda Sabirabad Telekommunikasiya Qovşağında baş verən korrupsiya hallarından bəhs edilib.

“Qovşaq rəisi telefon çəkdirmək və digər məsələlər üçün müraciət edən vətəndaşları süründürür. Borc adı ilə yığılan vəsaitlər bir neçə il qabaq yığılıb qalmış borclar kimi təqdim olunur. Əgər vətəndaş bir il əvvəl evini satıb və telefon danışıqları üzrə cari dövriyyə borcunu ödəmədən qeydiyyatdan çıxırsa, borc evi alan şəxsin üzərində qalır.

Belə ki, həmin evi alan digər vətəndaş yeni telefon xətti çəkdirərək abunəçi statusu alır. Qovşağın əməkdaşları isə köhnə sakinin borclu olduğu həmin pulları da evi müqavilə ilə yenicə almış vətəndaşdan tələb edirlər. Əks halda onun telefon xətti kəsilir. Baxmayaraq ki, vətəndaşın köhnə nömrəyə və abunəyə, eyni zamanda danışıq qiymətinə aidiyyəti yoxdur”,-deyə məktubda qeyd olunub.

Məktub müəllifi yazıb ki, əhali internetdən istədiyi kimi istifadə edə bilmir: “Çünki internetin nə sürəti normaldır, nə də keyfiyyəti. Bunların hamısı qovşaq rəisinin uğursuz fəaliyyəti ilə bağlıdır. Uzun müddətdir yaşanan eyni problemlərin həlli məsələsi qovşağın rəhbərliyi üçün artıq qeyri-mümkün hesab oluna bilər.

Hətta problemlər o qədər dərinləşib ki, bəzi aylar ərzində Sabirabadda internet istifadəçiləri gündəlik norma ilə, yəni 4-5 saat verilən internet əlaqəsi ilə kifayətlənməli olur. Problemin həlli üçün vətəndaşların müraciətlərini qəbul edən qovşağın işçiləri isə yalnız quru vədlər verməklə kifayətlənirlər”.

Şikayətçi məlumat verib ki, qovşaq rəisi Tapdıq Bağırov “Aztelekom” rəhbərliyi, xüsusən həbsdə olan sədr Məhəmməd Məhəmmədovla yaxın dost imiş: “Buna görə ona “gözün üstə qaşın var” deyən yoxdur. Qovşaq rəisi ancaq özü üçün çalışır. Bu müəssisə hazırda özünün ən çətin dövrünü yaşayır. Onun adı indiyə kimi bir çox qalmaqallı məsələdə çəkilib. Bir müddət əvvəl işçilərin rüblük mükafatları, müalicə xərclərini və 13-cü maaşlarını kəsmişdi.

İşçilər rəisin bu özbaşınalığına ən kəskin formada etirazlarını bildirmişdilər. Həmin vaxt qovşaq rəisi bərk narahat oldu, hətta onun işdən xaric ediləcəyi gözlənilirdi. Lakin dostu Məhmməd Məmmədov ona heç nə demədi.

Görünən odur ki, Tapdıq müəllim həmin şansı boşa verib. Sabirabad Telekommunikasiya Qovşağında hələ də əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur, əmək müqaviləsi bağlanılmadan işə adam götürülür və ikili mühasibat aparılır.

Rəis rayonda stasionar telefon xətti çəkilişinin qiymətini özbaşına olaraq qaldırıb. Vətəndaşlardan dövlət rüsumundan başqa ödənişlər tələb olunur. Sakinlər buna etiraz edəndə isə əlavə problemlə üzləşməli olurlar.

Rayonda dayaq dirəklərinin yenisi ilə əvəzlənməsi üçün kifayət qədər vəsait ayrılır, amma kabellər köhnə, qəza vəziyyətinə düşmək təhlükəsi daşıyan şalbanlara bağlanılıb. Rayonda belə bir fikir formalaşıb ki, Sabirabad Telekommunikasiya Qovşağının rəisinin ümumiyyətlə vəzifə borclarının öhdəsindən gələ bilmir, daha dəqiq desək bu vəzifə borclarının nədən ibarət olduğunu belə bilmir.

Qovşaq rəisi iş vaxtının çox hissəsini rayonun səfalı guşələrində yerləşən əyləncə-istirahət mərkəzlərində keçirməyə üstünlük verir. Ona həvalə olunmuş strukturun işini kiçik rəhbər işçilər yönləndirdikləri səbəbindən, yuxarı instansiyalara təqdm olunan hesabat və məruzələrin məzmunu belə bu məmur üçün qeyri-müəyyən və anlaşılmaz qalır.

“Aztelekom”-un sədri həbs ediləndən sonra Tapdıq müəllim indidə özünə yeni hami tapıb. “Aztelekom” Texniki direktoru Zahir Vəliyevin onun yaxın dostu olduğunu iddia edən Tapdıq Bağırov bundan sonra ona heç kimin bata bilməyəcəyini dilinə gətirib”.
Qarşı tərəfi dinləməyə hazırıq.

Geri qayıt