Əsas Səhifə > Hadisə, Manşet > Burada dünyaya uşaq gətirmək riskli hesab olunur...

Burada dünyaya uşaq gətirmək riskli hesab olunur...


20-02-2016, 10:51
Burada dünyaya uşaq gətirmək riskli hesab olunur...
Şamaxı rayonunda səhiyyə sisteminin acınacaqlı durumda olması, bu sahəyə rəhbərlik edən Elxan Məmmədovun öz işində yol verdiyi çeşidli qanun pozuntuları ilə mövcud vəziyyəti getdikcə daha da ağırlaşdırması barədə məlumatlar artıq uzun müddətdir ki, redaksiyamıza daxil olmaqdadır. Qəzetimizin ötən saylarında biz Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Elxan Məmmədovun özbaşınalıqlarından bəhs edən bir neçə tənqidi material dərc etmişik. Redaksiyamıza daxil olan məlumatlarda yerli sakinlərin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olduğu göstərilir. Bu xüsusda mənbələr bildirirlər ki, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çoxd olduğu məlum olar. Halbuki, onların demək olar heç birində xəstələr yatmır.
Digər tərəfdən isə, məlumatlarda RMX-nın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Nəzakət Abdulrəzəqova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini RMX-nın baş həkimi E.Məmmədova çatır.

Təbii ki, bütün bu özbaşınalıqlar Şamaxı RMX-nın fəaliyyətində daha ciddi fəsadlara da yol açmaya bilməz. Elə bir neçə ay bundan öncə xəstəxananın doğum şöbəsində baş vermiş uşaq ölümü hadisəsi də buna əyani sübutdur. Həmin vaxt Şamaxı Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirən Ziyafət Həsənovanın bacısı oğlu bu xüsusda açıqlama verərək bildirmişdi ki, xalası 2015-ci il iyunun 8-də Şamaxı RMX-nın doğum şöbəsində qeysəriyyə üsulu ilə oğlan usağı dünyaya gətirib: “Uşağa beyində birinci dərəcəli qansızma diaqnozu qoyulmuşdu. Bundan sonra xəstəxananın şöbə müdiri Nəzakət Abdulrazaqovanın göndərişiylə uşaq Bakıya, Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərildi. Uşağı atası Afiyəddin Həsənova verdilər ki, aparın Bakıya. Ana isə, vəziyyəti ağır olduğundan Şamaxıda qalmalı oldu. Bakıda isə, Şamaxı həkimlərinin qoyduğu diaqnoza düzəliş etdirlər. Dedilər ki, uşaqda üçüncü dərəcəli qansızmadır. Uşağın çəkisini də Şamaxıda səhv çəkiblər. Bakıda deyirlər ki, uşağın çəkisi 2 kiloqram 700 qramdır. Şamaxıda isə demişdilər ki, uşaq 2 kiloqram doğulub. Təəssüflər olsun ki, körpənin həyatını Bakıda da xilas etmək mümkün olmadı. Elmi Tədqiqat Pediatriya İnstitutunda bildirdilər ki, uşağın ölmə səbəbi vaxtından əvvəl doğuşdur. Bu isə ona görə baş verib ki, Şamaxı RMX-nın doğum şöbəsində əməliyyatı tez keçirib, pasiyentdən 500 manat pulu almağa çox tələsiblər. Uşaq öləndən sonra pulumuzu geri qaytardılar ki, səsinizi çıxarmayın. Bütün bunların başında isə Tamara Qədirova və Nəzakət Abdulrazaqova dururlar”.
Maraqlıdır ki, həkim Tamara Qədirova da o zaman mətbuata verdiyi açıqlamalarında uşağın ölümünə məhz vaxtından əvvəl aparılmış qeysəriyyə əməliyyatının səbəb olduğunu təsdiq etmişdi. Öz açıqlamasında T.Qədirova bildirmişdi ki, uşaq doğularkən heç bir reaksiyası olmayıb və yalnız oksigen aparatına qoşulduqdan sonra vəziyyəti nisbətən normallaşıb: “Uşaq doğuldu, ağlamadı. Oksigen verdik bir az rəngi dəyişdi. Nə lazımdırsa elədik. Əməliyyat edən həkim Nəzakət Abdulrazaqovanı çağırdım ki, doktor, uşağın vəziyyəti yaxşı deyil, sonra məni təqsirkar görəcəklər ki, nə əcəb Bakıya göndərməmisiniz. Burda aparat yoxdur ki, uşağın orqanlarını yoxlayaq. Uşağın qeysəriyyə ilə doğulması məsləhətini Nəzakət xanım vermişdi. Bəli, uşaq yarımçıq doğulmuşdu. Hardasa bir ay tez əməliyyat edilmişdi...”
Lakin bütün bunlara baxmayaraq, Nəzakət Abdulrazaqova bir ailənin faciəsinə səbəb olmuş əməlinə görə hələ də cəzalandırılmayıb. Bu isə, indinin özündə də doğum üçün Şamaxı RMX-ya müraciət edən pasiyentlərin həm özlərinin, həm də övladlarının həyatlarının böyük risk altında olduğu anlamına gəlir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt