Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Abid Şərifov açıq-aşkar deyir ki, "pul qalmayıb, olan kimi həll edəcəyik"...
Abid Şərifov açıq-aşkar deyir ki, "pul qalmayıb, olan kimi həll edəcəyik"...18-02-2016, 12:48 |
Bu yataqxana Əhmədli qəsəbəsi ərazisində yerləşir. "Tağıyev kombinatı"nın keçmiş yataqxanası kimi tanınan "bina"da onlarla ailə yaşayır. Sakinlər yataqxananın qəzalı vəziyyətdə olduğunu söyləyirlər. Ancaq çəkiliş zamanı gördük ki, yataqxana nəinki qəzalı vəziyyətdədir, hətta onun hər an uçması və böyük faciələrə səbəb olması risqi var. Hər ailə, demək olar ki, bir otaqda yaşayır. Və təsəvvür edin, bu insanlar hamam-tualet olan otaqda yatır, yeməyi orada yeyir və evə gələn qonağı orada qəbul edirlər. Əgər otaq deyiriksə, bunu adi otaq kimi qəbul etməyin. Təsəvvür edin, evin içində gəzdiyiniz yerdə anidən alt mərtəbəyə düşmə ehtimalınız var. Yeri gəlmişkən, 4-cü mərtəbədə çəkiliş apardığımız ərəfədə 3-cü mərtəbəyə yıxılmaqdan son anda xilas ola bildik. Evin ortasındakı dairəvi uçuq dəhşətli mənzərə yaratmışdı. Armaturlar, beton qatı bərbad vəziyyətdə, nəmişlikdən isə içəridə durmaq mümkün deyil. Bu evlərdə mədəni ev heyvanı da yaşamağa çətinlik çəkər. Hətta evin içində mamırlar açıq şəkildə gözə görünməyə başlayıb. Rütubətdən binanın üzündə ağac da bitib. Bu insanlar düşmən deyil. Öz qanımızdan, öz millətimizdən olan vətəndaşlardır. Dövlət onlara köçürülmə ilə bağlı dəfələrlə söz versə də, illərdir məsələ həllini tapmamış qalır. "Hər gün ərizə yazırıq, hər gün icra hakimiyyətinə gedirik, bizə vəd etdikləri kompensasiya ilə maraqlanırıq. Ancaq konkret cavab ala bilmirik. Bizə özləri söz vermişdilər ki, yanvar ayının sonunadək probleminiz həll olunacaq və kompensasiya ödəniləcək ki, gedin özünüzə ev alın. Hanı bəs? Niyə səsləri çıxmır? Gözləyirlər ki, ölək, ondan sonra işə başlasınlar?!", —deyə yataqxana sakini Zülfiyyə İsmayılova Sputnik-in əməkdaşı ilə söhbətində bildirdi. Xətai rayonu üzrə millət vəkili seçilən Fuad Muradovun bu həftənin sonu onlarla görüşəcəyini deyən sakinlər, bu görüşdən çox şey gözlədiklərini qeyd etdilər: "Millət vəkilini kim seçir? Xalq seçir. Biz seçirik. Ona görə seçirik ki, problemlərimizi həll etsin. Amma hələ də doğru-düzgün işlərinin şahidi olmamışıq. Biz burda ölümlə üz-üzəyik. Onlar isə isti otaqlarında rahat istirahət edirlər. Sanki heç nə olmamış kimi, məsuliyyətsiz yanaşırlar. Hansı nazirin ailəsi burada, tualetlə çarpayıların iç-içə olduğu otaqda 1 dəqiqə dayana bilər?". Sakinlər dövlətin onlar üçün 45 min manat kompensasiya ayırdığını, lakin həmin pulların kimlərinsə cibinə getdiyini iddia edirlər: "Bu ərazidə biz qaldığımızdan başqa 2 yataqxana da var idi. Lakin ilk tikilən, ən qədimi və yararsız olanı bu idi". Onların dediyinə görə, həmin digər yataqxanalar sökülüb, kompensasiyalar ödənilib: "Ancaq iş bizimkinə çatanda dedilər ki, pul yoxdur. Səbr edin, pul düzələndə verərik. Abid Şərifov açıq-aşkar deyir ki, "pul qalmayıb, olan kimi həll edəcəyik". Maraqlıdır, bəs bu qədər yeni tikililərə, saraylara pulu haradan tapırlar?". Sakinlərin müraciət etdiyi dövlət orqanlarından onlara qəribə cavab da verilib. "Deyirlər ki, bizə ödənilməli olan və büdcədən ayrılan kompensasiya, ötən il Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binası yandıqdan sonra, şəhərdəki binaların təmirinə, üzlüklərinin təzələnməsinə xərcləndiyi üçün, pul qurtarıb. Anlamırıq ki, büdcədən ayırmalar konkret, ünvanlı olduğu halda, necə ola bilər ki, həmin vəsait başqa məsələyə sərf olunsun?!", —deyə sakinlər vurğuladılar. Geri qayıt |