Əsas Səhifə > Dünya > Ankara terroruna görə 3 məmur işdən çıxarıldı
Ankara terroruna görə 3 məmur işdən çıxarıldı14-10-2015, 08:08 |
Türkiyənin paytaxtı Ankarada 100-ə yaxın insanın ölümü ilə nəticələnən terror hadisələrinin istintaqı zəminində 3 vəzifəli məmur işdən çıxarılıb. ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Ankara qatar stansiyasının yaxınlığında baş vermiş iki partlayışla əlaqədar başlatdığı istintaq araşdırmasının obyektivliyi üçün Ankaranın polis rəisi, Xüsusi xidmət şöbəsinin rəisi və Təhlükəsizlik şöbəsinin rəisi tutduqları vəzifədən azad ediliblər. Daxili İşlər Nazirliyi saytının yaydığı məlumata görə, bu qərar istintaqı aparan müfəttişlərin təklifi ilə qəbul olunub. “2015-ci il oktyabrın 10-da Ankara qatar stansiyasının qarşısında meydana gələn mənfur terror hadisəsini hərtərəfli araşdırmaqla vəzifələndirilmiş polis müfəttişlərinin təklifləri istiqamətində, istintaqın obyektiv aparılabilməsi üçün Ankara şəhəri polis idarəsinin rəisi, Xüsusixidmət şöbəsinin rəisi və Təhlükəsizlik şöbəsinin rəisi tutduqları vəzifədən uzaqlaşdırılıblar.” – deyə DİN-in açıqlamasında bildirilir. Ankara polisinin rəisi vəzifəsini müvəqqəti olaraq rəisin müavini Əhməd Hakan Arıkan icra edəcək. Oktyabrın 10-da günorta saatlarında Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, Baş Nazirlik Kordinasiya mərkəzi gecə saatlarında ölü sayının 97, yaralı sayının 245 olduğunu açıqlamışdı. Türkiyədə 3 günlük milli yas elan olunmuş və ölkədəki bütün bayraqlar yarıya endirilmişdi. Baş verənlərin Türkiyədə Cümhuriyyət tarixinin ən qanlı terror hadisəsi olduğu bildirilib. Geri qayıt |