Əsas Səhifə > Dünya > Yaxın Şərq ölkələri Hörmüzdən gizli neft daşıyır
Yaxın Şərq ölkələri Hörmüzdən gizli neft daşıyırBu gün, 04:50 |
|
Yaxın Şərqin neft ixrac edən ölkələri Hörmüz boğazı vasitəsilə gizli şəkildə karbohidrogen daşımalarını davam etdirirlər. Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytdən neft daşıyan gəmilər Hörmüz boğazından keçərkən transponderlərini söndürürlər. Bu cür daşımaların artıq bir neçə aydır həyata keçirildiyi bildirilir. “Bloomberg” qeyd edir ki, gəmilərin hərəkətinin gizli xarakter daşıması boğazdan real olaraq nə qədər neft keçirildiyini müəyyənləşdirməyi çətinləşdirir. Agentliyin ehtimalına görə, daşınan neftin həcmi bazarın gündəlik təxminən 4 milyon barel səviyyəsində olan mövcud qiymətləndirmələrindən daha yüksək ola bilər. Bildirilir ki, gizli daşımaların davam etməsi enerji qiymətlərinin daha sürətlə yüksəlməsinin qarşısını alan amillərdən biridir. Bununla belə, Hörmüz boğazından keçən tankerlərin hücuma məruz qalmaq riski yüksək olaraq qalır. “Bloomberg”in məlumatına görə, münaqişə başlayandan bəri Əbu-Dabi Milli Neft Şirkətinə – ADNOC-a məxsus 23 gəmi hücumlara məruz qalıb. Hadisələr nəticəsində bir nəfər ölüb, daha 20 nəfər yaralanıb. Agentlik bildirir ki, Hörmüz boğazından gizli tranzitlə yanaşı, neft kəmərləri vasitəsilə tədarükün artırılması və region ölkələrinin strateji neft ehtiyatlarından istifadə etməsi Yaxın Şərqdəki qarşıdurmanın dünya iqtisadiyyatına təsirini müəyyən qədər yumşaldır. Daha əvvəl ABŞ energetika naziri Kris Rayt Hörmüz boğazından gündə təxminən 8-9 milyon barel neft daşındığını bildirmişdi. “The Wall Street Journal” isə peyk məlumatlarına əsasən, iyul ayında boğazdan gündə orta hesabla 26 gəminin keçdiyini, bunun münaqişədən əvvəlki göstəricidən təxminən beş dəfə az olduğunu yazmışdı. Geri qayıt |