Əsas Səhifə > Dünya > ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirir
ABŞ kəşfiyyatı Leypsiqdəki dron insidentini Rusiya ilə əlaqələndirirBu gün, 05:51 |
|
ABŞ kəşfiyyatının Almaniyanın Leypsiq hava limanında partlayıcı maddə ilə təchiz edilmiş pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasının arxasında Rusiyanın dayandığını ehtimal etdiyi bildirilir. Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” ABŞ mediasının məlumatlarına istinadən yazıb. “The Wall Street Journal” kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmilərinə istinadən PUA-nın böyük ehtimalla Rusiya hökuməti ilə əlaqəli olduğunu bildirib. CNN-in məlumatına görə isə Vaşinqton aparatın Rusiya xüsusi xidmət orqanlarından qaynaqlandığı qənaətinə gəlib. Hadisədən sonra Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt yay məzuniyyətini yarımçıq qoyaraq Leypsiqə gedib. Nazir baş verənləri Almaniya üçün “yeni təhlükə səviyyəsi” adlandırıb və hadisənin yaxşı təchiz edilmiş xarici aktor tərəfindən hazırlanmış “peşəkar hibrid təhdid ssenarisi” ola biləcəyini deyib. Məlumata görə, “Semtex” plastik partlayıcısı daşıyan kvadrokopter Leypsiq hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında aşkarlanıb. PUA-nı gecə saatlarında hava limanında çalışan avtobus sürücüsü görərək təhlükəsizlik xidmətlərinə məlumat verib. Daha sonra qurğu zərərsizləşdirilib. Almaniya hökuməti isə istintaq davam etdiyi üçün hadisəyə görə konkret olaraq Rusiyanı ittiham etməkdən çəkinir. Hadisədən sonra Almaniya dron təhlükəsinə qarşı tədbirləri gücləndirmək qərarına gəlib. Daxili İşlər Nazirliyi PUA-larla mübarizə üzrə federal mütəxəssislərin sayını iki dəfə artıraraq 300-ə, bölmənin əməliyyat bazalarının sayını isə dörddən səkkizə çatdırmağı planlaşdırır. Rusiya tərəfi ittihamları rədd edib. Rusiyanın Berlindəki səfirliyi Moskvanın Leypsiq hadisəsi ilə əlaqələndirilməsini “tələsik hazırlanmış təxribat” adlandırıb. Hazırda Almaniya hüquq-mühafizə orqanları hadisənin təşkilatçılarını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir. Geri qayıt |