Əsas Səhifə > Dünya > Körfəz ölkələri İrana qarşı aktiv cəbhədə yer almağa başlayıblar

Körfəz ölkələri İrana qarşı aktiv cəbhədə yer almağa başlayıblar


Bu gün, 08:37

İraqdakı İrana bağlı proksi qüvvələrin həm İordaniya, həm də Səudiyyə Ərəbistanındakı hədəflərə, xüsusilə Sədiyyə krallığının neft müəssisələrinə hücumlar ərəb ölkələrinin sərt reaksiyalarına yol açıb.
Körfəz Əməkdaşlıq Şurası (KƏŞ)
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibliyi Səudiyyə Ərəbistanını dəstəklədiyini bəyan edərək, ölkənin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün görülən bütün tədbirləri dəstəklədiyini bildirib. İraqda İran tərəfindən dəstəklənən proksi qüvvələrinin Səudiyyə Ərəbistanına qarşı terror hücumlarını pisləyən KƏŞ-in baş katibi Casim əl-Budavi bu hərəkətlərin Səudiyyə Ərəbistanının suverenliyinin açıq şəkildə pozulması, regional təhlükəsizlik və sabitliyə birbaşa təhdid və təhlükəli eskalasiya olduğunu bəyan edib.
Səudiyyə Ərəbistanı
Krallıq dünən ABŞ ordusu ilə bərabər İraqdakı İran dəstəkli Həşdi-Şabi hərbi hissələrə ağır hava zərbələri endirib. Rəsmi Riyad İraqdakı paramilitar qüvvələrə qarşı hava hücumlarının özünümüdafiə çərçivəsində olduğunu vurğulayaraq, gərginliyi artırmaq məqsədi güdmədiklərini, lakin istənilən hücuma cavab verəcəklərini bildirib.
Küveyt
Küveyt də Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu açıqlayaraq, bu ölkənin təhlükəsizliyini, suverenliyini və resurslarını qorumaq üçün gördüyü bütün tədbirləri dəstəklədiyini bəyan edərək, onun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malik olduğunu vurğulayıb.
Küveyt Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, İraqdakı İranpərəst terrorçuların Səudiyyə Ərəbistanını hədəf alan davamlı hücumları bu qrupların gərginliyi artırmaq və regional təhlükəsizlik və sabitliyi pozmaqda israrlı olduğunu əks etdirir. Bəyanatda həmçinin qeyd olunur ki, pilotsuz uçuş aparatları (PUA) tərəfindən həyata keçirilən son hücum, Səudiyyə Ərəbistanının regional eskalasiyaya son qoymağa çalışdığı bir vaxtda baş verib.
Qətər
Qətər də İraq ərazisindən atılan PUA-ların strateji obyektlərə hücum cəhdini qətiyyətlə pisləyib. Qətər Xarici İşlər Nazirliyi bu hərəkətin Səudiyyə Ərəbistanının suverenliyinin açıq şəkildə pozulması, təhlükəsizliyinə və ərazi bütövlüyünə birbaşa təhdid, eləcə də beynəlxalq hüququn, BMT Nizamnaməsinin və mehriban qonşuluq prinsiplərinin pozulması kimi qiymətləndirib.
Bəhreyn
Bəhreyn də hadisələrə laqeyd qalmayıb, İraq ərazisindən atılmış dronlar vasitəsilə Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı törədilən təxribarı terror hücumlarına cəhd kimi qiymətləndirib. Manama hökuməti BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Səudiyyə Ərəbistanının suverenliyini və təhlükəsizliyini qorumaq üçün gördüyü bütün tədbirləri, o cümlədən hücum mənbələrinə cavab vermək və təcavüzkarları çəkindirmək hüququnu qəti şəkildə dəstəklədiyini bəyan edib. Bəyanatda Səudiyyə Ərəbistanının təhlükəsizliyi və sabitliyinin Bəhreynin milli təhlükəsizliyinin və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin ortaq təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu vurğulanıb.
Misir
Qahirə hökuməti Səudiyyə Ərəbistanı və İordaniya Haşimilər Krallığındakı neft obyektlərinin hədəfə alınmasını ən sərt şəkildə qınayıb. Misirin fikrincə, bu təxribatlar dövlətlərin suverenliyinə və mülki/həyati obyektlərə qarşı qəbuledilməz hücum, beynəlxalq hüququn açıq şəkildə pozulması və regional sabitliyi və qlobal enerji təhlükəsizliyini təhdid edən təhlükəli eskalasiya kimi təsvir edilib.
İraq
Ən maraqlı açıqlama isə İraqın özündən gəlib. Ölkənin ən nüfuzlu silahlı qüvvəsi sayılan Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr İran İnqilabı Keşikçiləri Korpusunu (Sepah) və "nəzarətsiz partizan qruplarını" İraq ərazisini hədəf almamağa və ölkəni regional münaqişəyə cəlb etməməyə çağırdı.
Dünən yayımladığı yazılı açıqlamada Sədr bildirib ki, İraq ərazisindən İrana qarşı hücumlar baş vermədikcə, SEPAH İraqı hədəf almaqdan çəkinməlidir. O, həmçinin "nəzarətsiz milis qruplarını" Körfəz ölkələrinə İraqı hədəf almaq üçün "bəhanə" verməməyə çağırıb.
Heydər Oğuz - "DİA-AZ"

Geri qayıt