Əsas Səhifə > Dünya > ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər

ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər


Bu gün, 05:59

ABŞ bəzi "Yaşıl kart" (green card)müraciətçilərindən təxminən 100 min dollar məbləğində təminat tələb edə bilər.

"Report" xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub, bu məbləğ dəyişə bilər və hər bir konkret haldan asılı olaraq "Yaşıl kart" müraciətçisindən 100 min dollardan az və ya daha çox təminat tələb oluna bilər. Qəzet yazıb ki, Dövlət Departamenti bu yeniliyi az sayda ölkə üzrə sınaqdan keçirməyi təklif edib, lakin həmin ölkələrin adları açıqlanmır.

The Wall Street Journal mənbələrinin sözlərinə görə, təminat ABŞ üçün maliyyə zəmanəti rolunu oynamalıdır. Bu, "Yaşıl kart" sahibi ölkəyə köçdükdən sonra özünü maddi cəhətdən təmin edə bilməyəcəyi halda nəzərdə tutulur.

"Prezident (ABŞ Prezidenti Donald Tramp) açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlara köçmək istəyən şəxslər maliyyə baxımından müstəqil olmalıdırlar", – deyə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott qəzetə bildirib.

ABŞ administrasiyasının planına əsasən, digər ölkələrdəki ABŞ konsulluqları vasitəsilə "Yaşıl kart" üçün müraciət edən şəxslər təminat məbləği ödəməli olacaqlar. Vəsaitlər isə yalnız ABŞ vətəndaşlığı alındıqdan sonra geri qaytarıla bilər. Qəzet qeyd edib ki, bu proses adətən ən azı beş il davam edir.

"Yaşıl kart" (sözün əsl mənasında "green card", rəsmi adı - United States Permanent Resident Card) ABŞ vətəndaşı olmayan şəxslərə ölkədə daimi yaşamaq və işləmək hüququ verən şəxsiyyət sənədidir.


Geri qayıt