Əsas Səhifə > Dünya > İsrail Livandakı bəzi əraziləri yaxın günlərdə təhvil verəcək
İsrail Livandakı bəzi əraziləri yaxın günlərdə təhvil verəcəkBu gün, 07:07 |
|
İsrail yaxın günlərdə nəzarətində olan Livan ərazilərinin bir hissəsini Beyruta qaytarmağa hazırlaşır. Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, hazırda İsrail qüvvələrinin nəzarətində olan ilk “pilot zona” bir neçə gün ərzində Livan tərəfinə təhvil veriləcək. Bildirilir ki, növbəti mərhələdə qaytarılması nəzərdə tutulan digər ərazilər də müəyyənləşdirilib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) prosesin irəliləməsi üçün hər iki tərəflə koordinasiyalı fəaliyyət göstərir. ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton yaxın vaxtlarda beynəlxalq tərəfdaşlarla əlaqə saxlayaraq Livan hökumətinin həmin ərazilərdə və bütövlükdə ölkədə suveren nəzarəti bərpa etməsinə dəstək verməyə çalışacaq. Məlumata görə, məsələ ilə bağlı növbəti həftə İtaliyanın paytaxtı Romada tərəflərin nümayəndələri arasında qapalı formatda danışıqlar keçiriləcək. Qeyd edək ki, Livan və İsrail iyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda aparılan beş raund danışıqlardan sonra çərçivə sazişi imzalayıblar. Saziş Livan ordusunun ölkə ərazisində mərhələli şəkildə tam suveren nəzarəti bərpa etməsini, qeyri-hökumət silahlı qruplarının tərksilah olunmasını və bunun fonunda İsrail qoşunlarının Cənubi Livandan çıxarılmasını nəzərdə tutur. Geri qayıt |