Əsas Səhifə > Dünya > Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi...

Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi...


Bu gün, 02:55

Bütün dünya böyük maraqla İranda Əli Xameneinin genişmiqyaslı dəfn mərasimini izləyir. Tehrandan başlayaraq şiələr üçün müqəddəs Nəcəf və Kərbəla şəhərlərinə qədər uzanan altı günlük mərasimlər, 20 milyona yaxın iştirakçı və yüz ölkədən gələn nümayəndə heyətləri, böyük izdiham səhnəsini yaradıb. İranın dövlət mediası artıq bu siyasi hadisəni "əsrin dəfni" adlandırıb. İran rejimi bütün dünyaya aydın bir mesaj ötürür: mollakratiya ayaqdadır, vahiddir, bütövdür və ölkə daxilində situasiyaya tam nəzarət edir.
Bu acı bir gerçəklikdir!
Küçələrdə yenə də əski şüarlar guruldayır: “Amerikaya ölüm!", "İsrailə edam!". Bu sadə bir ritorika deyil - İran hakimiyyəti bir addım belə əvvəlki mövqeyindən geri çəkilməyib. Xameneinin portretləri onun xələfi İslam inqilabının lideri Xomeyninin şəkilləri ilə yanaşı asılır, qeybə çəkilən Möctəba da virtual hakimiyyətini təsdiq etməkdədir - yeni imam-varis hər küncdən görünür.
İsrailin məhvi hələ də İranın başlıca dövlət doktrinasıdır, sadəcə olaraq yeni mərhələdə strateji məqsədin yeni daşıyıcısı peyda olub.
Milyonlarla insanın axışdığı bu yürüşlərin görüntüləri dərin bir təəccüb doğurur. İran rejimi ağır itkilər verib, lakin bütün zəifliyinə rəğmən, naşı, alverçi və populist Tramp hakimiyyəti bu gün mollakratiya ilə bir masa arxasına oturmağa çox həvəslidir. Danışıqlar gedir, sanksiyalar qaldırılır, dondurulmuş vəsaitlər teokratik rejimə qaytarılır.
Başlıca paradoks: ABŞ və İsrailin hərbi üstünlüyü şəraitində, Trampın komandası siyasi iradə nümayiş etdirə bilmir, İranın şantajı qarşısında geri çəkilir, Fars körfəzi üzərində dominantlığını və təsirini əldən verir. Bu azmış kimi - Amerikanı bataqlığa sürükləyən nadan Tramp iqtidarı tarixdə ilk dəfə mollakratiyaya rəsmi tərəfdaş statusunu ərməğan edir. ABŞ və Qərb gələcəkdə bunun bədəlini mütləq ödəyəcək!
Beləliklə, Yaxın Şərqdə keyfiyyətcə yeni situasiya yaranır: Tramp-Netanyahu cütlüyü hakimiyyət maraqları naminə dolayısı ilə İrana geniş meydan açır, mollakratiyanın resurs bazasını genişləndirir, SEPAH-ın ekspansiyası, yeni istilalar, və beləliklə, növbəti qanlı toqquşmalar üçün tarixi zəmin yaradır. ABŞ-da və İsraildə gələcək hakimiyyətlər belə uzun onilliklər ərzində bu böhranın girovuna çevriləcəklər…
Müəllif: Eynulla Fətullayev - "DİA-AZ"

Geri qayıt