Əsas Səhifə > Dünya > Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır

Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır


Bu gün, 11:06

Rusiya Prezidenti Vladimir Putinin və onun ətrafının Çinə səfərin nəticələrini yüksək qiymətləndirməsinə baxmayaraq, tərəflər iki ölkə arasında “Sibirin gücü – 2” strateji qaz kəmərinin inşası məsələsini razılaşdıra bilməyiblər. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “tərəflər layihənin ümumi konturları və əsas parametrləri üzrə müəyyən bir anlaşmaya bütövlükdə nail olublar” fikrini səsləndirsə də, Pekindən bu mövzuda oxşar açıqlama yayımlanmayıb. Bu boru kəməriylə bağlı müzakirələr 10 ildən çoxdur davam edir və hələ də nəticə yoxdur. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi qazın böyük həcmini Çinə satmağa çalışır. Pekin Moskva ilə tərəfdaşlığını davam etdirsə də, enerji idxalında şaxələndirmə prinsipinə üstünlük verir, yəni Çin neft və qaz alışında bir ölkədən asılı olmaq istəmir. Çin eyni zamanda Rusiyanın çıxılmaz vəziyyyətindən istifadə edərək qazın qiymətlərini aşağı salmağa çalışır. Digər tərəfdən Çin Rusiyaya yatırım qoymaqda ehtiyatlıdır, qonşusuna xammal bazası kimi baxır. Bu iki dövlətin strateji tərəfdaşlığı sadəcə taktiki xarakter daşıyır, hər ikisi ABŞ-ın hegemonluğunun zəifləməsində maraqlıdır.
Vladimir Putin çinli həmkarı Si Cinpinlə Ukrayna məsələsinin müzakirəsində də maraqlı məqamlar var. Liderlərin ortaq bəyanatında Ukrayna “böhranının” ilkin səbəblərinin ortadan qaldırılması gərəkliyi vurğulanıb. Məlumdur ki, Kreml “ilkin səbəblər” dedikdə Donbasın Rusiyaya birləşdirilməsini, Ukraynanın NATO üzvülüyündən imtinasını və digər tələblərinin yerinə yetirilməsini nəzərdə tutur. Pekin Kremlin bu tələblərinə şərikdirmi? Məsələ burasındadır ki, Ukrayna kimi Çin üçün də ərazi bütövlüyü məsələsi “qırmızı çizgidir”. Buna baxmayaraq, Pekin Ukraynanın ərazi bütövlüyünü tanıdığı halda, Rusiyanın bu ölkədən ərazi qoparmasına seyrçidir. Müharibə Rusiya və Qərb ölkələrini taqətdən salır, bu isə Çinin maraqlarına uyğundur.
Liderlərin ortaq bəyanatında davamlı sülhə nail olmaq üçün BMT Nizamnaməsinin yerinə yetirilməsi vacibliyi göstərilib. Əslində məhz Rusiya BMT Nizamnaməsini kobud şəkildə pozaraq qonşu dövlətin ərazisini işğal edib və müharibəni davam etdirməkdə israrlıdır. Ortaq bəyanatda Ukrayna münaqişəsinin həlli üçün danışıqların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu bəndi pozan da Rusiyadır. Bu ölkənin Prezidenti bir şərtlə Kiyevlə danışıqlara razıdır ki, Ukrayna Rusiyanın şərtlərini qəbul etsin. Bu isə danışıq deyil, bir ölkənin o biri ölkə qarşısında ağ bayraq qaldırılmasıdır. Ukrayna ordusunun müqavimət gücü artır və Kiyev Kremlin danışıqlara başlamaq üçün şərtlərini qəbul etməyəcək. Kreml Pekinə xoş gəlsin deyə ortaq bəyanata “Rusiya Çinin Ukrayna böhranının diplomatik yollarla həllinə verdiyi dəstəyi yüksək qiymətləndirir” cümləsini əlavə edib.
Bu arada, Si Cinpinin Vladimir Putinlə görüşdə “beynəlxalq aləmdə qeyri-sabitlik yaşanır və bu “cəngəllik dünyasına” qayıtmaq təhlükəsi yaradır” cümləsi diqqət çəkib. Rusiyalı siyasətçilər və ekspertlər Si Cinpinin bu cümləsini İrana qarşı müharibəyə başlayan ABŞ-a aid edə bilərlər. Ancaq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi də beynəlxalq qanunların kobu şəkildə pozulması və Si Cinpinin təbirincə desək, “cəngəllik dünyasına” qayıdışdır.
“Atlas” Araşdırmalar Mərkəzi
"DİA-AZ"

Geri qayıt