Əsas Səhifə > Dünya > ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi
ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisiDünən, 11:57 |
|
Boş-boşuna Hörmüz boğazında yeni hadisələr axtarmayın. Böyük ehtimalla, Hörmüz boğazında hələ uzun müddət diqqətə layiq hadisələr baş verməyəcək. Çünki ABŞ Hörmüz boğazını tamamilə blokadaya aldı və bundan sonra İranın ciddi şəkildə zəifləməsini gözləyəcək. Onun artıq müqavimət göstərmək qabiliyyətində olmadığını hiss edəndə isə sonuncu və həlledici hücuma keçib, məsələyə nöqtə qoyacaq. Eynilə 1990-2000-ci illərdə İraqda olduğu kimi.
Elədirsə, gəlin, bir-birindən 12 illik fasilə ilə ayrılan və əslində bir-birinin gecikmiş davamı olan Körfəz savaşlarının nəticəsinə nəzər salaq.
Sirr deyil ki, I Körfəz savaşı II Körfəz savaşının müqəddiməsi idi. İlk savaşın məqsədi İraqı zəiflədib müqavimətsiz hala gətirmək və zamanı gələndə onu boğazlayıb kəsməyə hazırlamaqdı. Necə ki, biz qurban kəsəndə heyvanın əvvəl boğazını kəsib və sonra 5-6 dəqiqə onun qanının bədənindən çıxmasını gözləyirik. Bənzətmə nə qədər kobud və amansız olsa da, ABŞ İraq savaşlarında məhz belə etmişdi. Əvvəl onu yaralamış, sonra isə çırpına-çırpına damarındakı qanın axıb bitməsini gözləmişdi. Bunun üçün isə ilk növbədə İraqın şimalını uçuşa yasaq bölgə elan etmiş və kürd separatizminin kök salmasına şərait yaratmışdı. Digər tərəfdən isə onun Fars (Bəsrə) körfəzinə açılan qapısını tutmuş və neft satma imkanlarını sıfırlamışdı. Eynilə bugünkü İran savaşında Hörmüz boğazını tutduğu kimi. I Körfəz savaşı ilə II Körfəz savaşı arasında keçən 13 il ərzində İraqa ancaq dərman və taxıl almaq üçün öz neftini satmaq icazəsi verilmişdi. Nəticədə İraq əhalisi tamamilə gücdən düşmüş, dövlət özünü müdafiə edəcək silahlardan məhrum buraxılmışdır. Beləcə, ABŞ II Körfəz savaşında çox da əziyyət çəkmədən qələbə qazanmaq imkanı əldə etmişdir.
Məsələyə bu məntiqlə yanaşanda ABŞ-ın I İran savaşında da özünün nihai hədəflərini reallaşdırdığı aydın olur. Xüsusilə də Hörmüz boğazının bağlanmasından sonra İranın I Körfəz savaşında əl-qolu bağlanan İraqdan fərqli vəziyyətdə olmadığını görə bilərik.
Sual oluna bilər: ABŞ Hörmüz boğazını bağlamaqla İranla yanaşı digər ərəb ölkələrini də çətin vəziyyətə salır. Bəs, onları necə bu ağır vəziyyətdən çıxara biləcək?Fikrimcə, bunun həll yolu da əvvəlcədən düşünülüb. Özü də indi yox, xeyli müddət əvvəl. Söhbət Bəsrə (Fars) körfəzinin istisna edildiyi marşrut layihələrindən gedir. Bu layihələrdən biri İMEC layihəsidir. 2023-cü ilin 9-10 sentyabrda Hindistanda keçirilən G20 Zirvə Görüşündə elan edilən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) planı dəmir yolu, dəniz və enerji xətlərini əhatə edən strateji infrastruktur və ticarət layihəsidir. Hindistanı BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə Avropaya (Yunanıstan) birləşdirməyi hədəfləyir. Çinin "Bir Kəmər, Bir Yol" Təşəbbüsünə alternativ olaraq görülən bu dəhliz ticarəti 40% sürətləndirməyi və xərclərini 30% azaltmağı hədəfləyir.
İkinci plan Oman-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə xəttidir. Enerji dəhlizi olaraq Qətərdən Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə-Avropa xətti kimi düşünülən bu plan 2008-ci ildə Türkiyə prezidenti Abdullah Gül tərəfindən həm Suriya, həm də Səudiyyə Ərəbistanı liderlərinə təqdim olunmuşdur. Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın təbiri ilə desək, həmin vaxt bu layihənin reallaşdırılmasının qarşısını kəsən “ərəb baharı” hadisələri oldu. Təbii ki, İran və Rusiyanın Suriyaya müdaxiləsi və 13 il bu ölkəni əllərində tutmaq səyləri də planın gecikdirilməsinin əsas səbəblərindən biri idi. Ötən ildən başlayaraq, həm Rusiya, həm də İran Suriyadan qovuldu və layihənin yenidən reallaşdırılması imkanı yarandı. Fikrimcə, bu layihə işə salınsa, Səudiyyə Ərəbistanı ilə yanaşı BƏƏ-nin də enerji məhsulları bu dəhliz vasitəsi ilə Avropaya yollana biləcək.
Adına şərti olaraq Hicaz dəhlizi dediyimiz Oman-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə xətti təkcə enerji məhsullarının nəqlini nəzərdə tutmur. Hətta deyərdim ki, enerji nəqli mübahisəli görünsə də, Hicaz dəhlizi Hindistandan Avropaya müxtəlif məhsulların nəqlinin ən qısa və ucuz yolu kimi nəzərdən keçirilir. 1900-cü illərin əvvəlində Almaniya və Osmanlı dövlətlərinin birgə fəaliyyəti ilə bu istiaqamətdə dəmir yolları belə çəkilib. Hicaz dəmir yolunun Hicaz koridoruna çevrilməsi üçün Mədinədən Omana qədər dəmir yolu çəkilməsi kifayət edər. Bu yaxınlarda İordaniya və Səudiyyə Ərəbistanına səfər edən Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülqadir Uraloğlu Türkiyə, Suriya və İordaniyanı bir-birinə bağlayan "müasir Hicaz Dəmir Yolu" qurmaq istədiklərini gizlətməyib. Nazir yaxın gələcəkdə Səudiyyə Ərəbistanı və Omanın bu marşruta qoşulmaq ehtimalını da istisna etməyib: "Səudiyyə Ərəbistanı naziri ilə görüşdüm. Texniki nümayəndə heyətləri bu ay görüşəcək. Xarici İşlər Nazirliyimiz vasitəsilə Omanla da danışdıq. Onlar da bu layihəyə müsbət yanaşırlar. Beləliklə, qeyd etdiyiniz kimi, bu xətt Omandan başlayıb Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyədən keçəcək. Söhbət Qırmızı dənizə, Aralıq dənizinə, eləcə də Avropaya açılacaq bir xəttdən gedir".
Üzərində durulan digər bir xətt isə “Qalxınma yolu” projesidir. Hakan Fidanın bildirdiyinə görə, 2021-2022-ci illlərdə İraqın təşəbbüsü ilə ortaya atılan bu təklif region ölkələrindən bəzilərinin, o cümlədən İranın müxalifliyi nəticəsində baş tutmayıb. Bununla belə, Hörmüz boğazının bağlanması ilə faktiki olaraq bu layihə vazkeçilməz hala gələ bilər. Əsasən, Kuveyt və İraq enerji mənbələrinin dünya bazarına çıxarılması üçün.
Göründüyü kimi, Hörmüz boğazının bağlanması ehtimalında alternativ layihələr mövcuddur və onlar hər an dövriyyəyə salına bilər. Zənnimizcə, yaxın zamanlarda bu alternativ layihələrin həyata keçirilməsi ilə Hörmüzün bağlanmasının yeganə qurbanı İran olacaq. Təbii ki, İraq sonuna qədər İrana sədaqətindən vaz keçməyəcəyi təqdirdə. İraq özünü dəyişməsə, ikinci Hörmüz şapalağını o da dadacaq.
Bütün bunlar İranın da İraq ssenarisinə bənzər şəkildə sıradan çıxarılması ehtimalını gücləndirir. İran bu imtahandan üzüağ çıxacaqmı? Açığı, inanmıram. Amma ümid etmək istərdim ki, yanılan mən olum.
Müəllif: Heydər Oğuz
"DİA-AZ"
Geri qayıt |