Əsas Səhifə > Dünya > ABŞ İrana qarşı əməliyyat üçün silah çatışmazlığını etiraf edib
ABŞ İrana qarşı əməliyyat üçün silah çatışmazlığını etiraf edibBu gün, 06:43 |
|
ABŞ İsrailə dəstək və Ukraynaya yardım fonunda silah ehtiyatlarının azalması səbəbindən İrana qarşı güc tətbiqi halında ciddi çətinliklərlə üzləşə bilər. Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynin mövqeyinə istinadla yazıb. Nəşrin məlumatına görə, general ötən həftə ABŞ Prezidenti Donald Tramp və administrasiyanın yüksək vəzifəli nümayəndələri ilə qapalı görüşdə bildirib ki, amerikalı hərbçilər İrana qarşı hər hansı iri miqyaslı əməliyyatın keçirilməsi zamanı çətinliklərlə üzləşəcəklər, çünki silah ehtiyatları İsrailin müdafiəsi və Ukraynaya davam edən dəstək səbəbindən xeyli dərəcədə tükənib. Den Keyn, həmçinin, müttəfiqlərin kifayət qədər dəstək verməməsi ucbatından da ABŞ üçün belə bir əməliyyatın həyata keçirilməsinin çətin olacağını qeyd edib. "Axios" portalının daha əvvəl yaydığı məlumata görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri hesab edir ki, İrana qarşı hərbi əməliyyatlar Vaşinqton üçün uzunmüddətli münaqişəyə çevrilə, həmçinin amerikalı hərbçilər arasında itkilərə səbəb ola bilər. Xatırladaq ki, yanvar ayında Ağ ev İrana qarşı güc tətbiqi imkanının ciddi şəkildə nəzərdən keçirildiyini açıqlamışdı. Vaşinqton o zaman Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” razılaşma bağlayacağına ümid etdiyini bildirmişdi. İran hakimiyyəti isə dəfələrlə atom bombası yaratmaq niyyətində olmadığını bəyan edib. Qeyd edək ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə dosyesi üzrə danışıqların ikinci raundu keçirilib. İran XİN tərəflər arasında gələcək saziş layihəsinə daxil edilə biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu açıqlayıb. Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini desə də, Tehranın Ağ ev tərəfindən səsləndirilən bəzi mövqeləri hələlik qəbul etmədiyini bildirib. Tərəflər növbəti raundun vaxtını və yerini açıqlamayıb. ABŞ və İsrail daha əvvəl İranın təkcə nüvə proqramının inkişafından deyil, həm də ballistik raketlərin istehsalından və Yaxın Şərqdə proiran qüvvələrinə dəstəkdən imtina etməsində israr ediblər. Geri qayıt |