Əsas Səhifə > Dünya > Trampın zəfəranlı İranı
Trampın zəfəranlı İranı14-01-2026, 03:09 |
|
Şahçılar, kürdlər, bəluclar, ərəblər, qaşqaylar, giləklər…, yavaş-yavaş yerlərini alırlar. Güney Azərbaycanı yalnız bir təşkilat təmsil edir - Azərbaycan Mərkəz Partiyası (AMP). Şahçılar qatıldığı üçün Güney Azərbaycanın digər təşkilatları dəvəti qəbul etməyib. Amma fərd olaraq dünyanın bir çox bölgəsində yaşayan güneylilər gəliblər - ABŞ-dan, Kanadadan, Fransadan, İsveçdən, Norveçdən… Müzakirələrdən tam uzaq qalmaq istəmirlər.
Biz də ordayıq. AMP-nin göndərdiyi dəvətnamə ilə ABŞ-ın Bakı böyükelçiliyi 1 gün içində bizə - Azərbaycan Respublikasından gedəcək 5 nəfərə 1 illik çoxgirişli viza verib.
Nyu Yorkun mərkəzindəki Ruzvelt otelə yerləşdirilmişik. Toplantı da burada olacaq. Molla rejiminin ola biləcək təxribatlarını önləmək üçün son dərəcə ciddi güvənlik tədbirləri görülüb. Otel polis kordonları ilə çevrələnib, paralel-perpendikulyar küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb, oteldən 1 saniyəlik belə çıxsan, üçqat yoxlamadan keçmədən geridönüş mümkünsüzdür.
Toplantı salonu girişində ABŞ üçün xarakterik “coffe break” yerinə çeşid-çeşid İran şirniləri düzülən çay süfrəsi açılıb. Şirniyə, şərbətə qatılan zəfəranın xoş qoxusu Nyu York havasına girməyə imkan vermir) Toplantının da simgəsi zəfərandır. ABŞ İranın gələcəyi üçün məhz zəfəranı simgə seçib. Akkreditə kartını alan hər kəsə bir ədəd də zəfəran təsvirli yaxa sancağı verilir. Sonra Rudi Culiani izah edəcəkdi ki, İranın gələcəyini dəyərli və gözəl gördükləri üçün bu özəllikləri daşıyan zəfəranı simvol seçiblər.
Rza Pəhləvi də oradadır. 3-5 tərəfdarı ilə bir kənarda dayanıb söhbət edir. Heç ona tərəf baxan da yoxdur…
Toplantıya 10-15 dəqiqə qalmış salondaki son yerlər dolur. Kameralar, miktafonlar son dəfə test edirlir. Az sonra Rudi Culiani və digər rəsmilər protokoldakı yerlərini alırlar. Kürsüyə də ilk Culiani çıxır. O zaman hələ adı Ukraynadakı korrupsiya qalmaqalına qarışmamış mer çox əmin danışır:”Sizi Nyu York meri və prezident müşaviri kimi əmin edirəm - 2 il sonra yer üzündə İran İslam Respublikası adlı dövlət olmayacaq”. Bu onun təxminən 20 dəqiqəlik çıxışının ən təntənəli cümləsi idi. Amma çıxışda barmaq silkələmə də vardı - mollalara yox Fransaya:”Tehran rejimi hər gün edam qərarları verir. Minlərlə insan sadəcə azad yaşamaq arzularına görə asılır. Fransa embarqolara baxmayaraq İrana iqtisadi qapılar açır. Paris!!! Bil ki, İranda günahsız insanların boğazına keçən hər kəndir həm də sənin pulunla alınır, o tökülən qanlarda sənin də əlin var. Bunun hesabını mütləq verəcəksən”.
ABŞ-ın rəsmisi Fransanı açıq-aşkar fars molla rejiminin hamisi adlandırırdı…
Ən gözlənilməz olay Culianinin çıxışından sonra oldu. İlk söz Azərbaycan Mərkəz Partiyası başqanı Saleh Kamraniyə verildi… Kürsünün tam önündə oturan şahçılar qurdalanmağa, salona dağınıq halda yayılan kürdlər vurnuxnağa başladılar… “Niyə biz yox, türklər” sualını bütün vücudları ilə canlandırdılar.
Kamrani əhatəli bir çıxış etdi. Sonrakı fəaliyyətində bəyənmədiyimiz məqamlar olsa da, ogünkü çıxışı dərin idi. İslam inqilabından sonra molla rejiminin xalqlara divan tutmasını, din qiyafəsinə bürünüb insan azadlıqlarına, fikir çeşidliliyinə savaş açdığını, milyonlarla insanı repressiya maşınından keçirdiyini, 80 milyonluq böyük bir toplumun zülm altında inlədiyini faktlarla danışdı. Sonda dünya ölkələrini Xamneyi rejiminin iranlılara qarşı törətdiyi dövlət te@rroruna səssiz qalmamağa çağırdı.
Kamranidən sonra söz digərlərinə verildi. Bu gün də düşünürəm ki, Ağ Evin təşkil etdiyi toplantıda ilk sözün Güney Azərbaycan təşkilatına - İran türklərinə verilməsi “əlifba olayı” deyildi. ABŞ belə bəsit deyil. Bu, dərin bir analizin sonucu kimi ortadaydı. ABŞ İranı yeniləyə biləcək ən təsirli güc kimi türkləri gördüyünü mollalara qarşı ondan mədəd umanlara göstərirdi.
Sonra… Pandemiya başladı. Culianinin “2 il sonra İran olmayacaq” proqnozu yubandı. Ardınca Tramp dönəmi başa çatdı, daim bayğın Bayden dönəmi gəldi. Tehran Ağ Evdən yeni embarqolar və bəyanatlardan başqa nəsnə görmədi.
İndi - ikinci dönəmində Tramp qaldığı yerdən davam edir. Köhnə nizamı sındırıb yenisini qurmağa çalışır. Mollalarla hesablaşmaq zamanının gəldiyini düşünür. Sürətli və qərarlı görünür. Saat kimi işləyən bir mexanizm qurulduğu ortadadır. Xamneyiyə göz açdırmır. Hərbi gücü haqqında əfsanələr quraşdırılan İranı daxili təhlükəsizliyini qorumaqda aciz ölkə kimi ifşa edir.
Pəhləviləri Nyu York toplantısındakı kimi indi də birinci sırada “oturdub”. Amma “ilk sözü” türklərə - məsələn, Pezeşkiana verməyəcəyi nə məlum? ABŞ-dan ən çox “biz İranın sərhədlərinin dəyişdirilməsinin tərəfdarı deyilik” cümləsi səsləndirilmirmi? ABŞ-ın regiondakı tərəfdaşları da İranın sərhədlərinin dəyişdirilməməsinin tərəfdarı deyillərmi?
Az qaldı…
14.01.2026, Bakı.
Aygün Muradxanlı - "DİA-AZ"
""DİA-AZ"-dan yazı oğurlamaq HALALDIR
Geri qayıt |