|
İyulda ABŞ-ın 250 yaşı tamam olur. Bəşər tarixi baxımdan heç nədir. Xüsusilə müasir dövrdə onun hədəfə aldığı üç ən qədim sivilizasiya mahiyyətli dövlətlərin (Çin, İran və Avropa Birliyi) eramızdan əvvəl başlayan tarixini nəzərə alsaq.
Sin imperiyasından başlayan Çin, Əhəməni imperiyasından başlayan İran, Roma imperiyasından başlayan Avropa spesifik mədəniyyət, elm, dövlətçilik və qanunçuluq ənənələrini qoymuşlar. Hər üçü tarixin ən qədim imperiyası olaraq hansısa bir etnosa məxsus fenomen deyil. Təsadüfi deyil ki, bəşəriyyətə ən böyük töhfəni də onlar vermişdir. Hətta indi də Çində, İranda və Avropadakı siyasi rejim, institutlar, ideologiya və mədəniyyət spesifikdir. Düz və ya səhv olması əhəmiyyətli deyil. Spesifikdir!
Ola bilər ki, məhz bu spesifik institusionallıq sayəsində də bu dövlətlər tarixin səhnəsində həmişə duruş gətirə bilir. Bəzən elə təəssürat yaranır ki, bu dövlətlər çökdü, lakin sonradan yeni enerji ilə tarixin böyük səhnəsinə qayıdıblar. Yüksək oturaq həyat tərzi səviyyəsi, mədəniyyət və xalqın yaradıcı potensialı sayəsində onlar bütün köçəriləri özlərində əridə biliblər. Minilliklərlə ölçülən tarixləri boyu nə qədər ulduz kimi qısa müddətdə parıldamış və sönmüş imperiyaları yola salıblar onlar.
ABŞ da müəyyən mənada köçərilərin dövlətidir. Çağdaşı olduğumuz üçün onun dövlətçiliyi bizə möhtəşəm görünür, amma son nəticədə onun özünə məxsus heç bir spesifiklikliyi yoxdur, sadəcə ondan-bundan yaxşını götürüb güclənib. Minillik tarix miqyasında ənənələri yoxdur. Hətta qurucu atası Vaşinqtonun vida müraciətininin əsas çağırışlarına da əməl edə bilməyib. Belə ki, məsələn, Vaşinqton partiyaçılığın və digər dövlətlərin işinə qarışmağın əleyhinə idi. Amma ABŞ artıq XIX əsrdən başqa yolu tutub. Hazırda isə əslində tənəzzülünü yaşayır. Məhz buna görə də müsbət reputasiyasını qorumaq onun üçün artıq prioritet deyil. Sadəcə ayaqda qalmaq istəyir. Bunun üçün də ənənələrinə sadiqliyi prinsipiallığl nümayiş edə bilmir.
Odur ki, XXII əsrin proqnozlaşdırmaq istəyirsinizsə, orada ABŞ-ın olub-olmaması sual altındadır. Çin, İran və Avropa isə bu və ya digər şəkildə və formada, amma mahiyyətcə öz ənənələrinə sadiq qalaraq ayaqda olacaqlar. Həmişə olduğu kimi...
Əkrəm Həsənov - "DİA-AZ"
Geri qayıt
|