Əsas Səhifə > Dünya > ABŞ-nin sülh planına AVROPA REDAKTƏSİ...

ABŞ-nin sülh planına AVROPA REDAKTƏSİ...


24-11-2025, 02:09

Böyük Britaniya, Almaniya və Fransa ABŞ-ın 28 bəndlik “sülh planına” öz düzəlişlərini hazırlayıblar. "DİA-AZ" xarici KİV-ə istinadən həmin düzəlişləri təqdim edir:
1. Ukraynanın suverenliyi təsdiqlənməlidir.
2. Rusiya, Ukrayna və NATO arasında tam və hərtərəfli qarşılıqlı hücum etməmək haqqında saziş imzalanacaq. Son 30 ildə mövcud olan bütün qeyri-müəyyənliklər aradan qaldırılacaq.
3. ABŞ “sülh planının” 3-cü bəndi — “Rusiyanın qonşularının işlərinə qarışmayacağı, NATO-nun isə daha genişlənməyəcəyi gözlənilir” — çıxarılmağı təklif olunur.
4. Sülh sazişi imzalandıqdan sonra Rusiya və NATO arasında bütün təhlükəsizlik məsələlərini həll etmək və de-eskalasiya üçün şərait yaratmaq məqsədi ilə dialoq başlayacaq. Bu, qlobal təhlükəsizliyi təmin etməyə və gələcək iqtisadi əməkdaşlıq imkanlarını genişləndirməyə xidmət edəcək.
5. Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq.
6. Ukrayna Silahlı Qüvvələrinin sülh dövründə sayı 800 min nəfərlə məhdudlaşdırılacaq. (ABŞ təklifi həm sülh, həm müharibə dövrü üçün 600 min limit nəzərdə tuturdu.)
7. Ukraynanın NATO-ya üzvlüyü NATO üzvlərinin konsensusundan asılıdır — belə konsensus yoxdur. (ABŞ Ukraynanın Konstitusiyada NATO-dan imtinanı təsbit etməsini, NATO-nun isə gələcəkdə Ukraynanı qəbul etməyəcəyini nizamnaməyə daxil etməsini təklif edirdi.)
8. NATO sülh dövründə Ukraynada öz komandanlığı altında daimi qoşun yerləşdirməməyə razılaşır. (ABŞ təklifində NATO qüvvələrinin ümumiyyətlə Ukraynada yerləşdirilməsinə qadağa vardı.)
9. Polşada NATO qırıcıları yerləşdiriləcək.
10. ABŞ zəmanəti (Ukraynanın təhlükəsizliyi üzrə), NATO-nun 5-ci maddəsinə uyğun:
• ABŞ göstərdiyi zəmanətə görə kompensasiya alacaq;
• Əgər Ukrayna Rusiyaya hücum edərsə, zəmanəti itirəcək;
• Əgər Rusiya Ukraynaya hücum edərsə, qəti və koordinasiyalı hərbi cavabla yanaşı, bütün qlobal sanksiyalar bərpa ediləcək, yeni ərazilərin tanınması və bu razılaşmadan irəli gələn bütün üstünlüklər ləğv olunacaq.
11. Ukraynanın Aİ-yə üzvlük hüququ olacaq və məsələ araşdırıldığı müddətdə Avropa bazarına qısamüddətli güzəştli çıxış əldə edəcək.
12. Ukraynanın bərpası üçün güclü qlobal paket təqdim olunacaq, o cümlədən:
• Yüksək artım potensialı olan sahələrə — texnologiya, data mərkəzləri, süni intellekt daxil olmaqla — investisiya yatırmaq üçün Ukrayna İnkişaf Fondu yaradılacaq;
• ABŞ Ukraynanın qaz infrastrukturunun — boru kəmərləri və anbarlar daxil — bərpası, inkişafı, modernləşdirilməsi və istismarı üçün Ukrayna ilə əməkdaşlıq edəcək;
• Müharibədən zərər çəkmiş ərazilərin bərpası üçün birgə səylər — şəhərlərin və yaşayış məhəllələrinin yenidən qurulması və modernləşdirilməsi;
• İnfrastrukturun inkişafı;
• Faydalı qazıntıların və təbii ehtiyatların çıxarılması;
• Dünya Bankı bu səyləri sürətləndirmək üçün xüsusi maliyyə paketi hazırlayacaq.
13. Rusiyanın mərhələli şəkildə qlobal iqtisadiyyata reinteqrasiyası:
• Sanksiyaların ləğvi mərhələli şəkildə və hər bir hal üzrə ayrıca müzakirə olunacaq. (ABŞ təklifində bu prosesin “mərhələliliyi” şərti yox idi.)
• ABŞ enerji, təbii ehtiyatlar, infrastruktur, süni intellekt, data mərkəzləri, nadir torpaqlar, Arktikada birgə layihələr və digər korporativ imkanlar üzrə uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi bağlayacaq;
• Rusiya G8-ə qayıtmağa dəvət olunacaq.
14. Ukrayna tam bərpa ediləcək və maliyyə kompensasiyası alacaq, o cümlədən Rusiya suveren aktivləri hesabına — həmin aktivlər Rusiya Ukraynaya vurduğu zərəri ödəməyənədək dondurulmuş qalacaq. (Avropa dövlətləri ABŞ-ın Ukraynanın bərpasına 100 milyard avro investisiya və ABŞ-ın prosesdən 50% gəlir əldə etməsi təklifini çıxarıb.)
15. ABŞ, Ukrayna, Rusiya və Avropa ölkələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə birgə işçi qrupu yaradılacaq.
16. Rusiya Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini qanuniləşdirəcək.
17. ABŞ və Rusiya nüvə silahlarının yayılmaması və nəzarəti üzrə müqavilələrin müddətinin uzadılması barədə razılığa gələcək.
18. Ukrayna qeyri-nüvə dövləti olaraq qalmağa razıdır.
19. Zaporojye AES MAQATE nəzarəti altında işə salınacaq, istehsal edilən enerji Rusiya və Ukrayna arasında 50:50 bölünəcək.
20. Ukrayna dini tolerantlıq və dil azlıqlarının müdafiəsi ilə bağlı Aİ qaydalarını qəbul edəcək. (ABŞ təklifində “hər cür nasist ideologiyasının qadağan edilməsi” maddəsi vardı.)
21. Ərazilər:
• Ukrayna öz işğal olunmuş suveren ərazilərini hərbi yolla azad etməməyə razılaşır. Ərazi mübadiləsi üzrə danışıqlar təmas xətti əsasında aparılacaq.
(Bu bənd ABŞ təkliflərindən ciddi şəkildə fərqlənir: a) Rusiyaya ərazilərin verilməsi təklif olunmur; b) Krımın Rusiyaya məxsusluğunun tanınması yoxdur; c) ərazi məsələləri atəşkəslə əlaqələndirilir.)
22. Gələcək ərazi razılaşmaları təsdiq edildikdən sonra həm Rusiya Federasiyası, həm də Ukrayna bu razılaşmaları güc tətbiq etməklə dəyişdirməmək öhdəliyini götürür. Bu öhdəlik pozularsa, təhlükəsizlik zəmanətləri tətbiq olunmayacaq.
23. Rusiya Ukraynanın Dnepr çayından kommersiya məqsədləri üçün istifadəsinə mane olmayacaq və Qara dənizdə taxıl daşınmasının sərbəstliyi barədə razılaşmalar əldə olunacaq.
24. Aşağıdakı məsələlərin həlli üçün humanitar komitə yaradılacaq:
• Bütün əsirlər və cəsədlər “hamı-hamıya” prinsipi ilə dəyişdiriləcək;
• Bütün mülki saxlanılan şəxslər və girovlar, o cümlədən uşaqlar geri qaytarılacaq;
• Ailələrin birləşdirilməsi proqramı həyata keçiriləcək;
• Münaqişə qurbanlarının əziyyətlərini azaltmaq üçün tədbirlər görüləcək.
25. Ukrayna sülh sazişi imzalandıqdan sonra ən qısa müddətdə seçkilər keçirəcək. (ABŞ təklifində sazişdən 100 gün sonra seçki keçirilməsi tələb olunurdu.)
26. Münaqişə qurbanlarının əziyyətlərini azaltmaq üçün tədbirlər görüləcək. (ABŞ təklifində bütün tərəflərə, o cümlədən Rusiya hərbi cinayətkarlarına avtomatik tam amnistiya nəzərdə tutulurdu.)
27. Bu saziş hüquqi baxımdan məcburi olacaq. Onun icrasına prezident Donald J. Trampın rəhbərlik edəcəyi Sülh Şurası nəzarət edəcək. Pozuntular üçün sanksiyalar nəzərdə tutulacaq.
28. Bütün tərəflər memorandumla razılaşdıqdan sonra, tərəflər razılaşdırılmış mövqelərə çəkilən kimi atəşkəs dərhal qüvvəyə minəcək. Atəşkəsin şərtləri, o cümlədən monitorinq mexanizmi ABŞ nəzarəti altında tərəflər arasında razılaşdırılacaq.


Geri qayıt