Əsas Səhifə > Dünya > TRAMPIN AMERİKASI...

TRAMPIN AMERİKASI...


Bu gün, 12:14

ABŞ Prezidenti Donald Tramp müxtəlif dövlətlərin və liderlərin ünvanına tərif səsləndirməkdə davam edir. Bu Ağ Ev sahibinin xarici və təhlükəsizlik siyasətinin tərkib hissəsinə çevrilib.
Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya Prezidenti Əhməd əl-Şaranı qəbul edərkən, onu ölkəsini çiçəkləndirməyə qadir lider kimi qiymətləndirib. Bu, Suriya liderinin 1946-cı ildə müstəqillik qazandıqdan bəri Ağ Evə ilk səfəridir. Bununla Tramp daha bir ilkə imza atıb. Ağ Ev sahibi ABŞ-ın Suriyaya dəstək verəcəyini vəd edib.
Suriyanın Amerikanın dəstəyinə ehtiyacı var. Təsadüfi deyil ki, Əhməd əl-Şara “Fox News” televiziya kanalına müsahibəsində ABŞ-ı Suriyanın geosiyasi müttəfiqi adlandırıb. ABŞ-ın Suriyaya yatırımlarını artıracağına ümid etdiyini bildirən Əhməd əl-Şara iki ölkə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Əhməd əl-Şara buna nail olmaq üçün Vaşinqtonun əsas xahişini yerinə yetirib. Suriya ABŞ-la birlikdə “İslam dövləti” terrorçu qruplaşmasına qarşı mübarizə aparacağını söyləyib. Bu qruplaşma onsuz da son illərdə xeyli zəifləyib və Suriya terrorçularla mübarizədə ABŞ-la ittifaq yaratmaqda heç nə itirmir. Əhməd əl-Şara ABŞ-ın Suriyada hərbi varlığının da əleyhinə deyil. Vaşinqton Suriyanın İsraillə də dil tapmasını istəyir. Ancaq bunun üçün İsrail Suriya sərhədində gərginliyə yol verməməlidir.
Tramp Suriyada sabitliyin yaranmasında Türkiyənin də xüsusi rolunu qeyd edib. Tramp ayrıca, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı böyük lider kimi xarakterizə edib. Ərdoğanı çox güclü ordusu olan lider kimi xarakterizə edən Tramp Türkiyənin Suriyadakı hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərdiyini xatırladıb. Halbuki, Trampdan əvvəlki Prezident Cozef Bayden Türkiyəni Suriyada artan rolundan narahat idi. Tramp Baydendən fərqli olaraq anlayır ki, Suriyada Türkiyə ilə ziddiyət içərisində olmaq ABŞ-ın təhlükəsizlik maraqlarına cavab vermir. Türkiyənin Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada rolu artarkən, Tramp administrasiyası Ankara ilə koordinasiyalı fəaliyyətə üstünlük verir. Bu Azərbaycanın da maraqlarına uyğundur.
Bu arada, Donald Tramp Çinlə ticarətdə sabitlik yaratmaq istəyərkən, Hindistanla da danışıqları intensivləşdirib. “Hindistan dünyanın ən qədim sivilizasiyalarından biri, əhali sayına görə dünyanın ən böyük ölkəsidir” deyən Tramp ABŞ-ın bu ölkəyə tətbiq etdiyi tarifləri endirməyə hazır olduğunu bildirib. Ağ Ev sahibi Hindistanla ədalətli ticarət razılaşmasına yaxınlaşdığını deyib. Tramp Hindistanla təhlükəsizlik sahəsində də əməkdaşlığı genişləndirəcəyini bildirib. Demək, növbədə Donald Trampın Hindistanın baş naziri Narendra Modi ilə əldə edəcəyi razılaşmadır.
Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt