Əsas Səhifə > Dünya > “Kiçik olmaq – zəif olmaq demək deyil”

“Kiçik olmaq – zəif olmaq demək deyil”


Bu gün, 06:40

Hazırda Moldovadakı vəziyyət siyasətçilərin və ekspertlərin diqqət mərkəzindədir. Bazar günü ölkədə parlament seçkiləri keçirilib. Prezident Maya Sandunun rəhbərlik etdiyi Avropa yönümlü “Fəaliyyət və həmrəylik” partiyası (PAS) yeni parlamentdə mütləq çoxluq əldə edib. Rusiyapərəst müxalifəti isə yenidən məğlub olub.

Səslərin 100%-i sayıldıqdan sonra məlum olub ki, “Fəaliyyət və həmrəylik” partiyası (PAS) 50,20% səs toplayaraq parlamentdəki 101 yerdən 55-ni qazanıb. Qeyd edək ki, PAS əvvəlki parlamentdə 61 mandata malik idi.

Daha bir Avropa yönümlü siyasi təşkilat – “Alternativ” bloku ilkin məlumata görə, səkkiz mandat əldə edəcək.

Mərkəzi Seçki Komissiyasının hesablamalarına əsasən, Rusiyapərəst “Vətənpərvər blok”u 24,17% səs toplayıb və bu, ona 26 mandat qazandırır.

“Vətənpərvər blok”un tərkibinə sabiq prezident İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, digər keçmiş prezident Vladimir Voroninin başçılıq etdiyi Kommunistlər Partiyası, eləcə də 2001–2008-ci illərdə baş nazir olmuş Vasile Tarlevin “Moldovanın Gələcəyi” partiyası daxildir.

Bundan başqa, parlamentə daha iki partiya keçə bilib: Moldovanın Rumıniya ilə birləşməsini müdafiə edən milli-mühafizəkar Vasile Kostyukun rəhbərlik etdiyi “Ev demokratiyası” partiyası və populist Renato Usatının “Bizim partiya”sı.

Moldova prezidenti Maya Sandu bəyan edib ki, parlament seçkilərinin nəticələri ölkə əhalisinin Aİ-yə inteqrasiyasına güclü dəstəyini göstərib. O, mətbuat konfransında deyib: “Seçkilərin nəticələri ölkə üçün qələbədir, tək bir partiya üçün yox”.

Avropa İttifaqına gedən yolumuzun təmin olunmasına sevinirəm... Mən həqiqətən istəyirdim ki, moldovalılar Moldovanın taleyi barədə qərarı özləri versinlər. Mən istəyirəm ki, Moldova azad və demokratik bir ölkə olsun”, – Sandu əlavə edib.

Seçkilər partiya siyahıları üzrə keçirilib. Parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar isə ən azı 7% səs toplamalı idilər.

Seçki kampaniyası gedişində çoxsaylı qalmaqallar yaşanıb, hakimiyyət və müxalifət bir-birini mümkün saxtakarlıqlara hazırlaşmaqda ittiham edib. Səsvermədən az əvvəl onlarla şəxs saxlanılıb, onlara kütləvi iğtişaşlar təşkil etməyə hazırlaşmaq ittihamı irəli sürülüb.

Hələ ötən il prezident seçkiləri kampaniyasından bəri ölkədə axtarışda olan və Rusiyada gizlənən biznesmen İlan Şorla bağlı iddialar səsləndirilir. Müstəqil araşdırmaçılar və hökumət nümayəndələri bildiriblər ki, “Şor şəbəkəsi” adlanan qurum birbaşa rüşvət yolu ilə on minlərlə seçicini nəzarətdə saxlayıb. Bu şəbəkə Rusiyadan daxil olan pullar hesabına dezinformasiya yaymağa cəhd edib.

Avropa siyasətçiləri seçkilərin nəticələrini müsbət qarşılayıblar.

Moldova, sən bunu yenə bacardın”, – Avropa Komissiyasının sədri Ursula fon der Lyayen X sosial şəbəkəsində yazıb. O, Moldovanın açıq şəkildə Avropa, demokratiya və azadlıq yolunu seçdiyini vurğulayıb: “Bizim qapımız açıqdır. Hər addımında sənə dəstək olacağıq. Gələcək sənin əlindədir”.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə seçkilərin nəticələri barədə danışarkən Rusiyanı yada salıb: “Rusiyanın genişmiqyaslı dezinformasiya kampaniyalarına və səs almaq cəhdlərinə baxmayaraq, azadlığa can atan xalqı heç bir qüvvə dayandıra bilməz”.

Ukrayna prezidenti Volodimir Zelenski də Maya Sandunu partiyasının qələbəsi münasibətilə təbrik edib: “Bu seçkilər göstərdi ki, Rusiyanın vəziyyəti qarışdırmaq fəaliyyətləri uğursuz olacaq, Moldova isə Avropada qazanacaq. Rusiyanın dağıdıcı fəaliyyəti, daimi dezinformasiyası heç bir nəticə vermədi. Ən önəmlisi odur ki, Moldova bütün kömək edənlərlə birgə təhlükələrdən effektiv şəkildə qorundu”.

Moldova prezidenti Maya Sandu artıq qələbəni qeyd edir. O, seçkilərdə dəstəyə görə ölkə vətəndaşlarına təşəkkür edib və əlavə edib ki, ölkənin Avropa kursu indi təhlükəsizlikdədir.

Amma doğrudanmı Moldovanın Avropa kursuna heç bir təhlükə yoxdur? Seçkilərin nəticələrini necə qiymətləndirmək olar? Axı, bu, Moskvanın sürünən təcavüzü, onun hibrid əməliyyatlarına açıq zərbədir. Lakin Moldovadakı Qərbyönlü əhval-ruhiyyə Moskvanın tərəfdarlarını əsla razı salmır. Bu isə seçkidən sonrakı dövrdə vəziyyətin ciddi şəkildə qarışması riski yaratmırmı?

Bununla bağlı fikirlərini Pressklub.az-la bölüşən tarix elmləri doktoru, Kişinyovdakı Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski deyir ki, “kiçik olmaq zəif olmaq demək deyil”.

Bu, Moldova və onun prezidenti Maya Sandu haqqındadır. Kreml və onun müxtəlif partiya və bloklara yığılmış marionetkaları qorxulu qüvvə təsiri bağışlayırdı. Prosesə hər şeyi qoşmuşdular: yüz milyonlarla dollar, bütöv jurnalist və təbliğatçı orduları, televiziya kanalları, şəbəkələrdəki botlar, seçici səsini almaq üçün şəbəkələr, hətta mitinq və aksiyalarda təzyiq üçün “döyüş qrupları”. Adama elə gəlirdi ki, buna qarşı dayanmaq mümkün deyildi.

Amma nəticə məlumdur. Rusiya uduzdu. Moldova tab gətirdi. Avropa yönümlü qüvvələrin qələbəsi təkcə seçki uğuru deyil – bu, ölkəmizi imperiyanın qırıntısına çevirmək istəyən Kreml strategiyasına zərbədir. Bu gün hakimiyyətin bütün əsas institutları Avropayönlü qüvvələrin əlindədir. Bu, həm bizə, həm də dünyaya siqnaldır: kiçik Moldova nəhəng təzyiq və korrupsiya maşınını dayandıra bildi”, – tarixçi vurğulayıb.

Ekspert Rusiyanın bununla barışıb-barışmayacağı sualını da cavablandırıb. “Əlbəttə ki, yox. Kreml qisas alacaq. Artıq yeni “qəhrəmanlar” və siyasi marionetkalar axtarır, çünki köhnələri ümidləri doğrultmadı. Yeni partiyalar, yeni simalar, yeni hücumlar olacaq. Qarşıda bizi informasiya kampaniyaları, küçə təxribatları, iqtisadi şantaj cəhdləri gözləyir. Amma bir “amma” var – indi həm xalq, həm də hakimiyyət qələbənin dadını duydu.

Moldova sübut etdi: kiçik olmaq – zəif olmaq demək deyil. Ölkənin iradəsi var, məqsədi var, Avropa gələcəyinə inamı var. Elə bu da bizi Kremlin milyonlarından və təbliğatından daha güclü edir. Bizim əsas silahımız var – birlik və Moldovanın dayanacağına, yenidən qalib gələcəyinə inam”, – Andriyevski yekunlaşdırıb.


Geri qayıt