Əsas Səhifə > Dünya > Avropa hər ay Rusiyadan 1 milyard avro dəyərində neft və qaz alır

Avropa hər ay Rusiyadan 1 milyard avro dəyərində neft və qaz alır


Dünən, 12:11

Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il yarım keçməsinə baxmayaraq Avropa İttifaqı (Aİ) ölkələri hər ay Rusiyadan milyardlarla avro dəyərində neft və qazı almağa davam edir.

Teleqraf “The Times” nəşrinə istinadən xəbər verir ki, Rusiya Ukraynaya genişmiqyaslı hücum etməzdən əvvəl Aİ ölkələrinə hər ay təxminən 25 milyon ton enerji məhsulları idxal edilirdi. Hazırda bu həcm azalsa da, son bir ildə alışlar 19 milyard avrodan çox olub.

Macarıstan və Slovakiya Rusiyadan xam neft tədarükünə qoyulan embarqodan azad olunub və “Drujba” boru kəməri vasitəsilə Rusiya neftini almağa davam edir. Aİ-nin Rusiyadan idxal etdiyi enerji məhsullarının böyük hissəsini təbii qaz təşkil edir. Slovakiya, Macarıstan, İspaniya, Belçika və Fransa ən çox qaz idxal edən ölkələrdir.

Müharibə başlayandan bəri 27 Aİ ölkəsindən 17-si Ukraynaya verdiyi hərbi və maliyyə yardımlarından daha çox neft və qaz vasitəsilə Rusiya iqtisadiyyatına pul yatırıb. Türkiyə də 2022-ci ildən bəri Rusiyadan 110 milyard avro dəyərində yanacaq idxal edib.

Enerji və Təmiz Hava Araşdırmalar Mərkəzinin hesablamalarına görə, Böyük Britaniya dolayı yolla Kremlin büdcəsinə təxminən 510 milyon funt-sterlinq qazandırıb.

Bundan əlavə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra həyata keçirilən mayeləşdirilmiş təbii qaz ixracının 76%-i ya Böyük Britaniyaya məxsus, ya da bu ölkədə sığortalanmış gəmilərlə daşınıb.

İyunun 18-də Avropa Komissiyası Rusiyanın enerji resurslarından mərhələli imtina planını təqdim edib. Plan üzrə Rusiyadan enerji idxalı 2027-ci ilin sonuna qədər dayandırılacaq.


Geri qayıt