Əsas Səhifə > Dünya > Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ...
Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ...Bu gün, 08:19 |
Colaninin fikirlərini və gənc yaşlarından atıldığı mübarizədə tutduğu mövqeyini oxuyuram. Ona sadəcə bir cihadçı kimi baxanlar yanılırlar. Adam sözün əsl mənasında dərin düşüncəli strateq və nə etdiyini bilən, addım-addım öz hədəfinə doğru irəliləyən siyasi lider imiş. Onun Rusiya və İranın Suriya ilə bağlı planlarından bəhs edən fikirlərindən bir hissəni sizinlə bölüşürəm: “Rusiyanı əslində rejim maraqlandırmır, o, ancaq bütün təbii qazı və isti suları ilə Aralıq dənizi sahillərinə çatmaq üçün rejimi bəhanə edir. Onu bunlar maraqlandırır və eyni zamanda onlara diqqət yetirirlər. Ruslar son on il ərzində 90-cı illərinin əvvəllərində Sovet İttifaqının dağılması ilə itirdikləri mövqeyi geri qaytarmağa, beynəlxalq səhnəyə qayıtmağa çalışırlar. İranlılara gəlincə, onların regionda daha böyük maraqları var. Tarixin çox erkən dövrlərinə gedib çıxan maraqları, qədim tarixləri, tarixi fars imperiyasının bu bölgədəki çıxarları İranı Suriyanı işğal etməyə həvəsləndirir. Onlar bir müddət bu bölgəni idarə etmiş, sonra isə bölgədən çəkilmişdilər. Bu bölgə üçün romalılarla, daha sonra isə bizanslılarla vuruşdular. İndi onlar əvvəlki şöhrətlərini qaytarmağa çalışırlar. Buna görə də diqqətlərini İraqa yönəldirlər, çünki İraq onların imperiyasının bir hissəsi idi. Onlar həm də Yəmənə diqqət yetirirlər, çünki İslamdan əvvəlki tarixdə Yəmən Fars imperiyasının bir hissəsi olub. Eyni səbəbdən Livan və Suriyaya da diqqət yetirirlər. İranlılar bunu açıq deyirlər. Bildirirlər ki, biz Suriyaya gedirik. Başlanğıcda bu, bizə baha başa gələcək, lakin böyük qazancla qayıdacaq; Aralıq dənizində bir liman qazanacağıq. Təbii ki, Aralıq dənizi böyük əhəmiyyət kəsb edir və ambisiyaları olan hər bir ölkə ona çatmaq istəyir. Rusiya da bu marağı bölüşür. İran da açıq şəkildə deyir: “Resurs əldə edirik; fosfat alıb ora nəql edirik. Biz İraq və Suriyanı İran mallarının istehlakçısına çeviririk və hər il İraqa təxminən 7 milyard dollar, Suriyaya isə bir qədər az mal ixrac edirik”. Məhz bu səbəbdən İran öz məqsədlərinə və tarix boyu axtardıqları maraqlara çatmaq üçün şiə doktrinasından istifadə edirlər”. Colani müsahibələrinin birində əslində 2015-ci ildə Əsəd rejimini məğlub etdiklərini, amma Qasim Süleymaninin Putinlə anlaşaraq bu qələbəni müvəqqəti dayandırmağa nail olduğunu bildirir: “İnqilab demək olar ki, rejimi məğlub etmişdi. 2015-ci ildə biz çox həssas, çox vacib mövqelərə çatmaq ərəfəsində idik. İranlılardan aldıqları dəstəyə və Suriya inqilabına heç bir ölkənin dəstəyinin olmamasına baxmayaraq, rejim və iranlılar inqilab lehinə Suriyanı itirmək üzrə olduqlarını hiss etdikdə, Qasim Süleymani Putinin yanına gedib onunla razılaşdı. Suriyaya girmək və təbii ki, Amerikalılar və Avropalılar bunu necə qəbul edəcəklərini görmək üçün şanslarını sınadılar. Beynəlxalq qüvvələr rus və İran müdaxilələrini sükutla izlədilər. Rusların Suriyaya girməsi üçün yaşıl işıq yandırıldı. Ruslar Suriyaya girdikdən sonra rejimi dirçəltmək üçün yeni cəhd və ya fürsət yarandı, amma Allaha şükür, rejim çox uzağa gedə bilmədi...” Heydər OĞUZ - "DİA-AZ" Geri qayıt |