Əsas Səhifə > Dünya > Suriyanın “açarı” kimdədir?

Suriyanın “açarı” kimdədir?


Bu gün, 03:06
Suriyanın “açarı” kimdədir?
Suriyada Bəşər Əsəd rejiminin devrilməsi, dünya gündəminin də dəyişməsinə səbəb oldu. Vəziyyəti rəğbət və sevinclə qarşılayan ölkələr olduğu kimi, Əsəd rejiminə dəstək verən azsaylı ölkələr də mövcuddur.

Əsəd rejiminin siyasətindən ən çox zərər görən ölkə isə Türkiyə olub. İstər PKK ilə mübarizə, istərsə də 3 milyon suriyalının müharibədən qaçqın düşüb Türkiyəyə sığınması bu zərərin hələ görünən tərəfləridir.

Bir neçə gün öncə ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan böhranın həllinə dair razılığa gəliblər və Suriyada keçid hökuməti formalaşdırılacağı bildirilib. Yeni hökumətin fəaliyyət istiqamətləri isə ilk növbədə qadınların, o cümlədən etnik və dini azlıqların hüquqlarının müdafiəsini özündə ehtiva edəcək.

Yaranmış şəraitlə bağlı ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da mövqe bildirib. O deyib ki, Suriyadakı qeyri-müəyyənliklərin həllində açar ölkə Türkiyədir: “Bölgədəki son vəziyyətin necə olacağını və qalib ölkənin kim olacağını heç kim bilmir. Amma məncə bu, Türkiyə olacaq”.

ABŞ-nin bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp Suriyadakı 900 amerikalı hərbçinin gələcək taleyi ilə bağlı məsələyə aydınlıq da gətirib. Bildirib ki, bunun başqa bir yolu olmalıdır. Bunlardan biri də Türkiyədir: "Türkiyə böyük bir hərbi gücə malikdir. Və bu güc müharibələrdə zəifləmədi. Çox güclü bir dövlət və ordu qurdu".

Onu da qeyd edək ki, ABŞ vaxtı ilə PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə gizlicə daşınan zenit-raket kompleksləri verib.

Bəs ABŞ-nin mövqeyinin dəyişməsinin əsas səbəbi nədir? Suriyanın taleyini həll edən əsas ölkə həqiqətənmi Türkiyədir?

Politoloq Elxan Şahinoğlu Pressklub.az-a açıqlamasında bildirib ki, Əsəd rejiminə qarşı əsas mübarizə aparan ölkə məhz Türkiyə olub: “Türkiyə bu illər ərzində səbirlə öz mövqeyini qorudu və sonunda Əsəd rejimi süquta uğradı. Rusiya və İran da Əsədə dəstək verərək, nəticədə Suriyanı itirdilər. Amma bu o demək deyil ki, hakimiyyəti faktiki ələ keçirənlərin arxasında Türkiyə dayanır. Türkiyənin əsas iki istəyi var. Suriyanın ərazi bütövlüyü təmin edilsin və oradakı terrorçu qruplaşmalar ortadan qaldırılsın. Əsasən də söhbət PKK-dan gedir”.

E.Şahinoğlunun fikrincə, qarşıdakı mərhələdə Türkiyə Suriyaya dəstəyini artıracaq. Suriyanın yenidən qurulmasında, Konstitusiyanın formalaşmasında, bələdiyyələrin qurulmasında Türkiyə təcrübəsindən istifadə edilə bilər: “Suriyalı qaçqınların sayı isə türk mənbələrinə görə, 3 milyona yaxındır. Onların bir hissəsi geri qayıdıb. Bu da Türkiyə üçün vacib amillərdən biridir, çünki suriyalılar Türkiyə üçün müəyyən qədər yük idi, Türkiyə onlara müəyyən məbləğdə vəsait xərcləyirdi. Amma burada da Türkiyə uduşlu vəziyyətdədir. Oradan qayıdan suriyalılar türk dilini mükəmməl öyrəniblər. Onlar faktiki Suriyada Türkiyənin lobbisinə çevriləcəklər”.

Politoloqun fikrincə, ABŞ uzun müddət Suriyada PKK və ona bağlı YPG və PYD-ni dəstəkləyib, amma bəhanələri də var idi ki, onlar İŞİD-ə qarşı mübarizə aparırlar: “Faktiki olaraq, Suriyada İŞİD qalmayıb, bu təşkilat çox zəiflədi. Türkiyə də ABŞ-yə bildirir ki, İŞİD varsa, biz də onlara qarşı mübarizə aparacağıq. PKK-nın varlığına və ABŞ-nin dəstəyinə ehtiyac yoxdur. PKK-nın nəzarət etdiyi ərazilərdə də etirazlar artıb”.

Müsahibimiz bildirir ki, artıq PKK bir neçə şəhəri boşaltmaq məcburiyyətində qalıb, amma Suriya ərazisindən PKK tam çıxmayana qədər Türkiyə mübarizəsini davam etdirəcək. Alternativ isə budur ki, ya onlar tərksilah olmalıdır, ya da İraq və İran ərazisinə keçməlidirlər: “Dəməşqi ələ keçirən qüvvə də bəyan edib ki, artıq müharibə bitib. Suriyadakı bütün silahlı qüvvələr silahını təhvil verməlidir. PKK təhvil verməsə, ona qarşı mübarizə daha da şiddətlənəcək və ABŞ da artıq onları müdafiə edə bilməyəcək. Tramp yanvarın 20-də andiçmədən sonra vəzifəsinin icrasına başlayacaq. O, bölgədə Türkiyənin artan rolunu qəbul edib. Suriya ərazisində təxminən 800-900 ABŞ hərbçisi qalıb. Tramp onların bir hissəsini geri çağıracaq. Trampın özü üçün də PKK-ya dəstəyin heç bir mənası yoxdur”.

Digər müsahibimiz, politoloq Xaqani Cəfərlinin sözlərinə görə, ABŞ və Türkiyənin Suriya böhranının həllinə dair razılığa gəlməsi, yeni hökumətin etnik və dini azlıqların hüquqlarını müdafiə edəcəyi ilə bağlı fikirləri həddindən artıq nikbin dəyərləndirmə hesab edir: “Münaqişələr, xüsusilə də Yaxın Şərqdə münaqişələr belə asan həll olunsaydı, dünya cənnət olardı. Yaxın Şərqdə etnik və dini azlıqların dinc yanaşı yaşaması, qadın hüquqlarına hörmət edilməsi üçün bölgədə mədəniyyət inqilabı baş verməlidir. Bu inqilabın ilkin işartıları belə yoxdur. Məncə, qarşıdakı 100-150 ildə Yaxın Şərqdə etnik və dini azlıqların birgə yaşaması, qadın hüquqlarına hörmət edilməsi mümkün görünmür”.

Politoloq deyir ki, Trampın açıqlamaları onu göstərir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Yaxın Şərqdə nə baş verdiyindən tam xəbərsizdir. Türkiyənin açar ölkə olacağı ilə bağlı fikirləri də bu qəbildəndir. Türkiyə və Azərbaycanda da belə eyforiya var, ancaq bunlar reallıqlara uyğun deyil.

“Suriyanın bərpası üçün 300 milyard dollar lazımdır. Türkiyənin Suriyanın bərpası üçün ayıra biləcəyi 3 milyard dolları da yoxdur. Həmin 300 milyard dolları hansı dövlət ayıracaqsa, Suriyanın açarı da həmin ölkədə olacaq. Bu vəsait olmayacaqsa, Suriya Livandan da pis vəziyyətə düşəcək və dağılacaq. Suriyada Türkiyənin maraqları İsrail və əksər Qərb dövlətləri ilə yanaşı, ərəb coğrafiyasının aparıcı ölkələrinin maraqları ilə də üst-üstə düşmür. Ona görə də Suriyada Türkiyəni uğurdan çox problem gözləyir. Artıq bunun ilk əlamətləri də özünü büruzə verməyə başlayıb” – politoloq fikrini belə yekunlaşdırıb.
Geri qayıt