Əsas Səhifə > Dünya > “Türkiyə ilk dəfə İsrail sərhədlərinə dayanmaq imkanı qazandı”
“Türkiyə ilk dəfə İsrail sərhədlərinə dayanmaq imkanı qazandı”Dünən, 10:32 |
Moskvada yaşayan azərbaycanlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov AYNA-ya müsahibəsində Ukrayna və Suriyada yaşanan prosesləri dəyərləndirib. Beləliklə: - Suriyada nə baş verir və ya nə baş verdi? - Suriyada güclü ideoloji bazası olan, Peyğəmbər sünnəsinə, İslam qaydalarına söykənən mücahidlərin həmrəy olmayan bidətçi bir qrup üzərində qələbəsi baş verdi. Bildiyimiz kimi, İslam ədalətdir. Əgər Bəşər Əsəd İslama söykənsəydi, özü ədalətli olar, ölkəsində də ədalət hökm sürərdi. Amma belə deyildi. Bu mənada baş verənləri demokratiyanın tiraniya üzərində qələbəsi kimi qiymətləndirsək, yanlış olar. Çünki qalib gələn tərəfin də demokratiya ilə qətiyyən əlaqəsi yoxdur. Qələbənin kökündə, yuxarıda qeyd etdiyim kimi, güclü ideoloji baza – İslam inancı dayanırdı. Belə bir qələbənin baş verəcəyi də labüd idi. Çünki Əsəd ailəsi 60 ildən uzun müddətə hakimiyyətdə idi, insanlarda isə uzun sürən hakimiyyətlərdən yorulmaq hissi var. Eyni televerilişin, eyni teleserialın uzun-uzadı davam etməsi kimi – bu da insanları yorur, bezdirir. Hakimiyyətlər də gedib-gəldiklərində daha cəlbedici olurlar, nəinki uzun zaman yerlərindən tərpənmədikdə. Hətta, ən uğurlu hakimiyyətlər də dəyişməzsə, onları dəyişirlər. Bəşər Əsəd bu amili anlamadı, insanların ondan yorulduqlarını görmədi və başa düşmədi ki, onun hakimiyyətinin bu qədər uzun sürməsi üçün xalq qarşısında heç bir xidməti, üstün cəhəti olmayıb, yoxdur. Əsəd qalib lider deyildi, güclü iqtisadiyyat qurmamışdı, qonşuları ilə düşmən idi, qarşısında güclü dini-ideoloji bazaya malik müxalifət vardı. Nəticədə Əsəd rejimi devrildi. - Bütün dünyanın diqqəti üzərində olan Ukrayna müharibəsi gedərkən, Yaxın Şərqdə yaşananlar kim(lər)in marağına uyğundur? - Yaxın Şərqdə yaşanan bu hadisə ilk növbədə Suriya xalqının marağına uyğundur. Bundan sonra Türkiyənin və şiəliyi ideoloji səviyyəyə qaldırmayan müsəlman ölkələrinin marağına uyğundur. Mən deməzdim ki, baş verənlər İsrailin marağına uyğundur. Əvvəla ona görə ki, Türkiyə ilk dəfə İsrailin sərhədlərinə dayanmaq imkanı qazandı. Tarixi analogiyaya diqqət edin: müsəlman aləmində hər zaman Qüdsün fəthi Şamın fəthindən sonra baş verib – istər Xəlifə Ömərin dövründə, istər Səlahəddin Əyyubinin dövründə, istərsə də Osmanlı dövründə. Mən Qüdsün fəth olunmalı olduğunu demirəm, bunun təbliğatçısı deyiləm, amma arzu edərdim ki, Qüds müsəlmanların nəzarətində və idarəsi altında olsun. Və indiki məqamda bu məsələ ilk növbədə Türkiyənin marağındadır. Düşünürəm ki, Türkiyə ilə Suriya arasında Şuşa Bəyannaməsi formasında bir saziş imzalanacaq və bu, zəifləmiş Suriyanı gücləndirəcək. Suriya deyiləndə ilk ağla Türkiyə gələcək. Bu hadisə, İslam ideologiyasının təməllərinə söykənən Türkiyə dövləti üçün böyük bir qələbədir. - 2011-dən bəri Əsədi qoruyan Moskva, artıq qoruya bilmədi, yoxsa qorumağa ehtiyac duymadı? - Əvvəla, Hmeymim bazası sıfırdan qurulmuşdu. İkincisi, Rusiya iki cəbhədə vuruşurdu və bu, ciddi faktordur. Düşünürəm ki, Ukrayna böhranı olmasaydı, Rusiya Suriyanı heç vaxt heç kimə güzəştə getməzdi. Bu mənada hesab edirəm ki, Rusiya Suriyanı qoruya bilmədi, iki cəbhədə vuruşmağın problemini yaşadı. Təbii ki, bu, təbliğati baxımdan da arzuolunan deyil. Çünki inam vardı ki, dünya artıq təkqütblü deyil və Rusiya öz sərhədlərindən çox-çox uzaqlarda da mövcuddur. - Ola bilərmi ki, Moskva Yaxın Şərqdəki yeganə dayağından hansısa anlaşma nəticəsində əl çəksin? - Mən kanspirologiyaya inanmıram. Rusiya Suriyada qalmaq üçün böyük maliyyə vəsaiti xərcləmişdi. Dəməşqə dəstək Rusiyanın milli maraqlarından doğurdu və indi də həmin milli maraq öz aktuallığını itirməyib. Deməli, hansısa anlaşma da ola bilməz. Qərb-Rusiya münaqişəsi bitmədiyi üçün Moskva milli maraqları hansısa sövdələşməyə qurban vermə. Dediyim kimi, Suriyadan çəkilməyin səbəbi iki cəbhədə vuruşmağın çətinliyi ilə əlaqəlidir. - Təxminən 1 il öncə belə suallar vardı: sırada kim var - Litva, Latviya, Estoniya... və s. İndi Yaxın Şərq savaşı sualları dəyişdirdi: sırada kim var? - Biz hələlik bilmirik ki, Putin-Tramp anlaşması mümkün olacaqmı, necə başa çatacaq və Tramp Putinə nə təklif edəcək. Bu mənada ehtimallar üzərindən fikir bildirmək olar. Məsələn, indiyədək demokratiya seli gəlib avtoritar rejimləri yuyub aparıb. Hazırda hədəf olaraq İran göstərilir. Avropa istiqamətinə gəlincə, sizin adlarını çəkdiyiniz Baltikyanı ölkələr də İran qədər təhlükə qarşısındadır. Çünki iki böyük dövlət proksi müharibə aparır. Rusiya da Ukrayna savaşını Baltikyanı istiqamətinə yönəldə bilər, çünki sərhədidir. Qeyd etdiyim kimi, bunlar ehtimallardır. Daha dəqiq mənzərə Tramp-Putin danışıqları, Vaşinqtonun Moskvaya təklifləri və Kremlin bu təkliflərə reaksiyasından sonra ortaya çıxacaq. - Və? - Hesab edirəm ki, müharibələr ara verəcək, sakit və gərgin fazalar bir-birini əvəzləyəcək. Bir növ burulğandan öncəki sakitlik kimi. Amma yenə də deyirəm, biz bilmirik, Tramp Putinə nə təklif edəcək. Əgər amerikanlar 1997-ci il NATO sərhədlərinə dönməyə razılıq versələr, xüsusi hərbi əməliyyat bitəcək, əks halda yox! Geri qayıt |