Əsas Səhifə > Dünya > Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər”

Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər”


Dünən, 19:26
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər”
Şimali Koreya ordusunun texniki məsləhətçiləri Ukraynanın işğal olunmuş Mariupol şəhərinə yerləşiblər. Şimali Koreyadan olan digər hərbçi dəstəsi isə isə Xarkov vilayətinin şərqində görünüb. Bu barədə Ukrayna təhlükəsizlik güclərindəki mənbə CNN-ə bildirib.

Kanalın həmsöhbətinin sözlərinə görə, Şimali Koreya hərbçilərinin Mariupola gəlişinin məqsədi müəmmalıdır. Onu da qeyd edib ki, hərbçilər Rusiyaya aid hərbi geyimdə olublar. Mənbə bildirib ki, Şimali Koreyadan olan hərbçilər Mariupolda dəstək verdikləri Rusiya hərbi bölmələrindən ayrı yerləşirlər.

Rusiya ordusundakı digər əcnəbi döyüşçülər adətən yerli bölmələrdə yerləşdirilsə də, Şimali Koreya hərbçiləri ayrı mənzillərdə yerləşdirilib, yeməkləri ayrıdır.

Ukraynanın bölgədəki hərbi komandanlığının sözçüsü bildirib ki, Şimali Koreya qoşunları Ukraynanın şərqində də müşahidə edilib.

Ukraynanın Xarkovdakı Hərbi Birləşmələr Assosiasiyasının mətbuat katibi Yevgeni Romanov səhih məlumata malik olduqlarını deyib: “Radio dinləmələrə əsasən, təsdiq edə bilərəm ki, Şimali Koreya hərbi bölmələri Xarkov vilayətindədirlər”. Digər Ukrayna hərbi mənbəsi də bu məlumatı təsdiqləyib.

“Müşahidələrimizə əsasən, onlar bölmələr şəklində ayrılırlar, döyüş hissələrini gücləndirirlər və cəbhə xəttində kiçik qüvvələr toplayırlar. Onlar havanın pisləşməsini gözləyirlər. Çünki düşmənin hücum əməliyyatlarına başlaması üçün havanın pisləşməsi uyğun vaxtdır”, -Ukrayna 153-cü əlahiddə mexanikləşdirilmiş briqadanın birləşmə komandiri Nazariy Kişak bildirib.

Oktyabr ayında Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya kömək üçün öz əsgərlərini göndərdiyini bildirib. Daha sonra bu məlumatı Cənubi Koreya kəşfiyyatı və Pentaqon da təsdiqləyib. Kiyevin məlumatına görə, Şimali Koreyadan Rusiyaya kömək üçün göndərilən əsgərlərin sayı 12 min nəfərə yaxındır. Cənubi Koreya kəşfiyyatı həmçinin bildirib ki, Moskva Pxenyana hər bir hərbi qulluqçuya görə 2000 dollar ödəyir ki, bu da adi Şimali Koreya vətəndaşının 83 illik maaşına bərabərdir.

Rəsmi Seul həmin vaxt onu da məlumat vermişdi ki, Şimali Koreya əsgərləri artıq Uzaq Şərqdə təlim keçir və oradan Ukraynanın cəbhə xəttinə göndəriləcək. Kəşfiyyat məlumatlarına görə, onlara rus geyimləri və silahları verilib və raket zabitləri döyüş bölgəsinə gəliblər. Onlar ruslara Şimali Koreya raketlərindən istifadə etməyə kömək edirlər. Sübut kimi Cənubi Koreya kəşfiyyatı Şimali Koreya xüsusi təyinatlılarının Rusiyaya köçürülməsini təsdiqləyən peyk görüntülərini də dərc etmişdi. Bu xəbərlərdən sonra Cənubi Koreya Prezidenti Yoon Seok-yeol kəşfiyyat və hərbi rəsmilərlə planlaşdırılmamış təhlükəsizlik görüşü keçirdi və bundan sonra Cənubi Koreya Prezidentinin Ofisi aşağıdakı bəyanatı verdi: “Rusiya ilə Şimali Koreya arasında yaxınlaşmanın hərbi yüklərin tədarükündən faktiki qoşunların göndərilməsinə keçməsi vəziyyəti təkcə ölkəmiz üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün ciddi təhlükəsizlik təhdididir”.

Noyabrda ABŞ Dövlət Departamenti Rusiyaya kömək üçün göndərilən Şimali Koreya əsgərlərinin əksəriyyətinin artıq Kursk vilayətində döyüş əməliyyatlarında iştirak etdiyini bildirib. “The New York Times” bundan əvvəl xəbər vermişdi ki, Rusiya avqust ayından Ukrayna qüvvələrinin nəzarətində olan Kursk bölgəsində əks-hücum üçün Şimali Koreya qoşunları da daxil olmaqla 50 minlik qüvvə toplayıb.

Bu ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin Pxenyana səfər edib və Şimali Koreya lideri Kim Çen In ilə “Hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalayıb. Bu sənəd faktiki olaraq ölkələr arasında hərbi ittifaqı möhkəmləndirir. Müqavilənin 4-cü maddəsinə əsasən, tərəflərdən birinə hücum olarsa, digəri bütün mümkün vasitələrlə hərbi yardım göstərməyi öhdəsinə götürür.

Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin eksperti Pavel Luzin isə deyib ki, Ukrayna ilə müharibədə Rusiyaya kömək etmək üçün Şimali Koreya ordusunun göndərilməsinə artıq heç bir şübhə yoxdur. Pxenyanın belə bir addım atmasının səbəbləri, onun fikrincə, həm də Rusiyada canlı qüvvə çatışmazlığı ilə bağlıdır: “Rusiya xüsusən də bu ilin yayından bəri açıq-aşkar canlı qüvvə çatışmazlığı ilə üzləşib. Rusiya mümkün olan bütün vasitələrdən istifadə edərək boşluqları doldurmağa çalışır. Ən yaxşı variantlardan biri də Şimali Koreyadan hərbçiləri gətirib Ukraynaya qarşı döyüşə buraxmaqdır. Çünki Moskva və Pxenyan arasında yayda imzalanan sənəd var. Bu sənədin işlək olduğunun şahidiyik”.

Ayna.az
Geri qayıt