Əsas Səhifə > Dünya > Xameneyini əvəzləmək üçün düymə basılıb?

Xameneyini əvəzləmək üçün düymə basılıb?


Bu gün, 14:19
Xameneyini əvəzləmək üçün düymə basılıb?
İsfahan əyalətinin cümə imamı və Ekspertlər Şurasının üzvü Əbülhəsən Məhdəvi İranın ali dini lideri Əli Xameneyinin yerinə üç namizəd irəli sürüb.

Onun sözlərinə görə, Xameneyinin hökumətə ondan sonra rəhbərlik edəcək şəxsin təyin edilməsi ilə bağlı tövsiyəsindən sonra, məxfi komissiyada olan Ekspertlər Şurası 3 nəfəri müəyyən edib və prioritetləşdirib.

Maraqlıdır, həmin 3 nəfər kimlər ola bilər?

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Xameneyini kimin əvəzləyəcəyi çox qəliz məsələdir:

"Ona görə də indidən kimlərin bu vəzifəyə namizəd olduğunu ehtimal etmək olmaz. Üstəlik, sözügedən 3 namizədin adını hələlik məxfi saxlanılır. Buna baxmayaraq, Xameneyinin oğlu Mustafanın adı onun əvəzləyicisi olmaq daha çox üçün hallanır.

Təbii ki, başqa bir seçim də edilə bilər. Bunu zaman göstərəcək".

Politoloq hesab edir ki, Əli Xameneyini əvəz edəcək şəxsdə əsas 3 göstərici axtarılacaq:

"Birincisi, dini iyerarxiyada əsas güc sahibi olmalıdır.

İkincisi, onun həm İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), həm də hökumətlə əlaqələrinə baxacaqlar. Üçüncüsü, namizədin nüfuzudur. Yəni namizədin əhali və sistem arasında nüfuzu da əsas götürüləcək".

Samir Hümbətov Ekspertlər Şurasının tərkibi barədə də danışıb:

"Ekspertlər Şurasında ümumilikdə 88 nəfər var. Dini liderlə birlikdə 7 nəfər Qəyyumlar Şurasındadır, 81 nəfər isə ümumi Ekspertlər Şurasını təşkil edir. Xameneyini kimin əvəz edəcəyinə də yekun olaraq onlar qərar verəcəklər".

Geri qayıt