Əsas Səhifə > Dünya > “Dünyanın kansleri”nin sülh planı və ya “Ukrayna kartı”ndan istifadə

“Dünyanın kansleri”nin sülh planı və ya “Ukrayna kartı”ndan istifadə


12-11-2024, 06:50
“Dünyanın kansleri”nin sülh planı və ya “Ukrayna kartı”ndan istifadə
Almaniya kansleri Olaf Şolts Kiyev və digər tərəflərin iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna məsələsi üzrə danışıqlar aparmağa hazırdır. Bu barədə kansler Almaniyanın ARD telekanalındakı proqramda deyib.

“Bəli, yeri gələndə Rusiya Prezidenti ilə danışacağam. Ancaq mən məsuliyyətli bir siyasətçiyəm, bunu tək etməyəcəyəm”, deyən Şolts danışıqları “tezliklə” bərpa etmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti ilə dialoqa başlamazdan əvvəl bir sıra təmaslar qurulacaq və digər tərəflərlə, o cümlədən Ukrayna ilə danışıqlar aparılacaq: “Ukrayna bizə - Qərbə arxalana bilər və tək qalacağından qorxmamalıdır. Eyni zamanda, bu müharibənin genişlənməsinin qarşısını almaq üçün hər şey ediləcək. Təbii ki, biz bu müharibənin qeyri-müəyyən müddətə davam edib-etmədiyini və ya onu bitirmək üçün yolların tapıla biləcəyini öyrənmək üçün bir yol olub-olmadığını görməliyik”.

Qeyd edək ki, Şoltsla Putin arasında sonuncu danışıq 2022-ci ilin dekabrında baş tutub. Kansler Rusiya liderini qoşunları Ukrayna ərazisindən çıxarmağa və münaqişənin diplomatik yolla həllinə davam etməyə çağırıb.

Oktyabrın ortalarında Almaniya kansleri artıq Rusiya hakimiyyəti ilə Ukraynadakı hərbi münaqişənin həlli yollarını müzakirə etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, Rusiya tərəfi ilə danışıqlar Almaniyanın ən yaxın müttəfiqləri ilə koordinasiya əsasında aparılmalıdır və qərarlar “Ukraynanın arxasından” qəbul edilə bilməz.

Oktyabrın əvvəlində “Die Zeit” nəşrinin Almaniya hökumətindəki mənbələri Şoltsun Ukraynanı müzakirə etmək üçün yaxın həftələrdə Putinə zəng etməyi planlaşdırdığını bildirib. Almaniyanın xarici işlər naziri Annalena Berbok daha sonra Rusiya Prezidentinin Almaniya kansleri ilə “danışmağa hazır olmadığını” söyləyib.

Bundan əvvəl Şolts Ukraynadakı müharibəni daha tez bitirməyə və Rusiya ilə sülh sazişini müzakirə etməyə çağırmışdı. “La Repubblica” yazırdı ki, o, Ukraynada müharibəyə son qoymaq üçün kansler plan hazırlayıb ki, bu da Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etmir. Nəşr qeyd edirdi ki, Şolts Almaniyanın daxili siyasətində öz mövqelərini möhkəmləndirmək üçün “Dünyanın kansleri” kimi tarixə düşmək və “Ukrayna kartını oynamaq” istəyir.

Öz növbəsində, Qərb və Ukrayna rəsmiləri arasında olan “Financial Times” mənbələri bildiriblər ki, maliyyə, silah-sursat və Ukrayna ordusunun təchizatı ilə bağlı problemlər səbəbindən Qərb və Kiyev münaqişənin Almaniya ssenarisi üzrə həlli imkanlarını getdikcə daha çox nəzərdən keçirir. Söhbət Ukraynanın itirdiyi əraziləri qaytarmadan münaqişənin başa çatacağı, Kiyevin nəzarətində olan hissənin isə NATO-ya qoşulacağı və Alyansın təhlükəsizlik zəmanətlərinə tabe olacağı ilə bağlı razılaşmalardan gedir.

AYNA.az
Geri qayıt