Əsas Səhifə > Dünya > TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB?

TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB?


11-11-2024, 11:05
TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB?
Artıq xəbər verildiyi kimi, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cümə axşamı, noyabrın 7-də Rusiya başçısı Vladimir Putinlə telefon danışığı aparıb.

“AzPolitika” xəbər verir ki, “The Washington Post”-un öz mənbələrinə istinadla yaydığı məlumata görə, Tramp və Putin Ukraynadakı müharibəni müzakirə ediblər. Qeyd olunur ki, bu, Tramp seçkilərdə qalib gələndən sonra onlar arasında baş tutan ilk telefon danışığı olub.

Mənbələrdən biri bildirib ki, Tramp Floridadakı iqamətgahından etdiyi zəng zamanı Rusiya başçısına “Ukraynada müharibəni qızışdırmamağı” tövsiyə edib və ona Vaşinqtonun Avropada böyük hərbi mövcudluğunu xatırladıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Putin və Tramp Avropa qitəsində sülhün zərurətindən danışıblar və Tramp “Ukraynadakı müharibənin tezliklə həllini” müzakirə etmək üçün gələcək danışıqlarda maraqlı olduğunu deyib.

Daha sonra xəbərdə iddia olunur ki, Tramp Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərinin bir hissəsinin onun nəzarətində saxlanması ilə bağlı razılaşmanı dəstəkləyəcəyinə eyham vurub. Nəşr bunun, məsələn, Krım yarımadası ola biləcəyini qeyd edib: “Bu məsələ ilə tanış olan şəxslərin dediyinə görə, telefon danışığı zamanı o, ötəri olaraq ərazilər məsələsinə toxunub”.

Qeyd edək ki, bundan əvvəl Trampın müşaviri Brayan Lanza demişdi ki, Birləşmiş Ştatlar bundan sonra Ukraynaya “Krımı qaytarmaq” səylərində dəstək verməyəcək, çünki Ukrayna artıq Krımı itirib. O qeyd edib ki, Ukraynadakı münaqişəyə son qoyulması ABŞ üçün prioritet olacaq.

Nəşr iki mənbəyə istinadla qeyd edir ki, guya Putinə zəng barədə Ukrayna hökuməti əvvəlcədən məlumatlandırılıb və rəsmi Kiyev söhbətin aparılmasına etiraz etməyib. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ukrayna rəsmiləri Trampın Ukraynadakı müharibənin diplomatik yolla həlli ilə bağlı Putinlə qarşılıqlı əlaqədə olacağını çoxdan başa düşürlər. Lakin yazı dərc olunandan bir müddət sonra Ukrayna XİN bəyan etdi ki, rəsmi Kiyev Trampla Putinin telefon danışığı barədə xəbərdar edilməyib.

Materialda qeyd edilir ki, Trampın dünya liderləri, o cümlədən Putinlə ilk zəngləri Dövlət Departamentinin və ABŞ hökumətinin tərcüməçilərinin dəstəyi olmadan baş verir.

“Washington Post” həmçinin öz mənbələrinə istinadla qeyd edib ki, Ukrayna özünün ABŞ-dəki səfirini dəyişməli olacaq. Söhbət Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfərindən sonra Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Consonun vəzifəsindən azad edilməsini tələb etdiyi Oksana Markarovadan gedir. Xatırladaq ki, Markarova sentyabr ayında Zelenskinin Pensilvaniyadakı hərbi sursat zavoduna səfərini təşkil etməkdə və bununla demokratların təbliğatını aparmaqda günahlandırılırdı.

Beləliklə, Qərb mətbuatına inansaq, artıq ABŞ-nin yeni seçilmiş Prezidenti dünyanın onun prezidentliyi ilə bağlı gözləntiləri istiqamətində fəaliyyətə başlayıb.

Bu məsələdə daha çox diqqət cəlb edən və sözsüz ki, dünyada yaşanan ümumi gərginliyin əsas tətikləyicisi olan Rusiyanın Ukraynaya qarşı işğalı məsələsində yeni ABŞ Prezidentinin mövqeyidir. Ukrayna məsələsi başda olmaqla, artıq Trampın prezidentliyinin müsbət nəticələrə ümidləndirən ilk əlamətləri görünməkdədir. Bunlardan ən əsası təbii ki, Putinin noyabrın 7-də (Trampla telefon danışığının olduğunun iddia edildiyi gün) “Valday” konfransında verdiyi bəyanatlardır. Həmin bəyanatlarda deyilirdi ki, Moskva Qərbi özünə düşmən hesab etmir və “heç kimlə heç kimə qarşı birləşmək fikrində deyil”. O, həmçinin Trampın Ukrayna ilə müharibəni bitirmək planını ciddi qəbul etdiyini bildirib.

Ancaq dəyişiklik siqanalı təkcə bu deyil. Məsələn, Avropa Birliyi Trampdan onunla münasibətlərində yeni mərhələyə başlamasını və təbii qazı Rusiyadan deyil, ABŞ-dən almaq istəyini bəyan edib.

Çin lideri ABŞ ilə sülh şəraitində yaşamağa çalışdığını və Amerika xalqının seçiminə hörmət etdiyini deyib.

Hətta “Taliban” da ABŞ ilə sülh razılaşması istədiklərini bəyan edib və onun adının terror təşkilatları siyahısından çıxarılmasını istəyib.

Husilər öz hərəkətlərinin sırf müdafiə xarakteri daşıdığını və gəmilərə hücumları dayandırdıqlarını bəyan ediblər.

HƏMAS Trampın seçilməsindən sonra müharibəni dərhal dayandırmağa çağırıb. Qətər isə HƏMAS rəhbərliyindən öz ərazisini tərk etmələrini tələb edib.

Meksika qeyri-qanuni mühacirlərin Amerikaya daxil olmasının qarşısını almaq üçün ABŞ ilə sərhədin möhkəmləndirilməsi məqsədilə tədbirlərə başlayıb. Nyu-Yorkda isə qeyri-qanuni miqrantların ölkədən çıxarılması üçün dörd ildir həyata keçirilməyən genişmiqyaslı əməliyyata başlamaq barədə qərar verilib.

Kriptovalyutalar indiyə qədər görünməmiş qədər bahalaşıb və fond bazarı hərəkətə gəlib.

Bunlar hələlik “isti-isti” baş verən, üzdə olan və “gözlə görünən” ilk dəyişikliklərdir. Ancaq bunun ardının gəlib-gəlməyəcəyini, gözləntilərin özünü nə dərəcədə doğruldacağını yaxın aylarda, xüsusilə də Trampın rəsmən prezidentlik səlahiyyətlərinin qüvvəyə minməsindən sonra görəcəyik.

Geri qayıt