Əsas Səhifə > Dünya > Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır

Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır


Bu gün, 14:00
Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır
Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində keçmiş Prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Demokratlar Partiyasından namizəd, vitse-prezident Kamala Harris üzərində qələbə qazanaraq yenidən ABŞ Prezidenti postuna sahibləndi.

Tramp 2025-ci ilin 20 yanvar tarixində Ağ Evə qayıdacaq və səlahiyyətlərinin icrasına başlayacaq.

Bütün dünyanın diqqətinin cəlb olunduğu ABŞ seçkiləri ilə bağlı müxtəlif fikirlər var. Hər iki namizədin şanslarının eyni olduğunu, Trampın seçilməsinin sürpriz sayılmadığı əksər siyasi strateqlər tərəfindən səsləndirilir.

İndi əsas sual budur: ikinci dəfə Ağ Evə qayıdan Tramp adminstrasiyası dövründə hansı siyasət həyata keçirəcək? Xüsusilə də, dünyanın siyasi gündəmini formalaşdıran əsas dövlət olan ABŞ-ın başçısı beynəlxalq düzənə hansı müsbət və mənfi töhfələrini verəcək?

Siyasi şərhçi Şahin Cəfərli bu barədə AYNA-nın suallarını cavablandırarkən əvvəlcə seçkilərin nəticələrinə toxunub. Analitik də hesab edir ki, Trampın seçkilərdə qələbəsi gözlənilməz deyildi:

- Həm Trampın, həm də Harrisin şansları əslində bərabər idi. ABŞ-da ikipartiyalı sistem mövcuddur və hər iki partiyanın – Respublikaçılar Partiyasının da, Demokratlar Partiyasının da namizədlərinin şansları təxminən bərabər olur. Namizədlərdən birinin qələbəsini müəyyən detallar təmin edir. Əslində ABŞ-dakı seçki kampaniyasının əvvəlinə nəzər salsaq görərik ki, Trampın qələbə ehtimalı yüksək idi. Hələ hazırkı Prezident Co Baydenin namizəd olduğu dövrdə Trampın qalib gələcəyi ümumiyyətlə, şübhə doğurmurdu. Sadəcə vəziyyət o vaxt dəyişdi ki, Bayden namizədliyini geri götürdü, Harrisin namizədliyini tövsiyyə etdi, qurultayda da xanım Harrisin namizədliyi təsdiqləndi. Bundan sonra vəziyyət bir qədər dəyişdi, Harrisin namizədliyi demokratlar daxilindəki ümidsizliyi aradan qaldırdı, müəyyən ruh yüksəkliyi yaratdı. Bundan sonra Harris reytinqlərdə az da olsa Trampı üstələyirdi. Amma təxminən sentyabrın ortalarından sonra Trampın sorğularda mövqelərini gücləndirdiyinin şahidi olduq. Bu baxımdan, seçki nəticələri sürpriz sayılmamalıdır.

Bilirsiniz, əgər xalq mövcud hakimiyyətdən narazıdırsa, həmin hakim qüvvənin təmsilçisini nadir hallarda seçir. Dünyanın hər yerində belədir ki, hakimiyyətdən narazı insanların hakimiyyətin başqa bir nümayəndəsinə səs verməsi ehtimalı çox azdır.

- Yəni amerikalılar Bayden adminstrasiyasından narazı olduğu üçün Harrisə səs vermədilər?

- Sorğularda görünürdü ki, mövcud adminstrasiyanın bəyənilmə səviyyəsi maksimum 40 faizdir. Xatırladım ki, Trampın əvvəlki hakimiyyəti dövründə də ondan narazıların sayı artmışdı və nəticədə Baydenə məğlub olmuşdu. İndi isə tərsinədir, son 4 ildə Baydendən narazıların sayı artdı ki, bu da nəticədə mövcud hakimiyyətin təmsilçisi olan, vitse-prezidentin məğlubiyyəti ilə nəticələndi. Harrisin qələbəsi ona görə proqnozlaşdırılırdı ki, Amerika cəmiyyətində anti-Tramp əhvalı var. Nəticələr isə göstərdi ki, cəmiyyətdəki anti-Tramp mövqeyini çox şişirtmək lazım deyil. Yəni bu amil demokratların qələbəsi üçün yetərli olmadı. Bütün dünyada olduğu kimi, Amerika cəmiyyəti də birinci daxili vəziyyətini düşünür, öz durumuna baxır. Xüsusilə də, sosial-iqtisadi vəziyyət insanların seçimində əsas rol oynayır. İnsanlar analiz edir ki, mövcud hakimiyyətin dövründə vəziyyəti müsbətə doğru dəyişdi, yoxsa mənfiyə döğru dəyişdi, yoxsa yerində saydı?! Bu 4 illik müddətdə amerikalıların sosial-iqtisadi durumu ən yaxşı halda, yerində saymış oldu. İnsanların seçimində əsas amil bu oldu. Eyni zamanda, qanunsuz miqrasiya, xarici siyasətdəki səhvlər də seçicinin qərarında rol oynayan amildir.

- Xarici siyasətdəki səhvlər dedikdə nələri nəzərdə tutursunuz?

- Söhbət amerikalıların səhv hesab etdiyi siyasətdən gedir. Şübhəsiz ki, ölkədaxili amillər ilk sırada gəlir – dediyim kimi, sosial-iqtisadi vəziyyət, qanunsuz miqrasiya, sərhəd təhlükəsizliyinin tam təmin olunmaması. Eyni zamanda, amerikalılar bilirlər ki, ölkələri dünya siyasətində böyük təsirə malikdir. Həlledici faktor olmasa da, bu amil də amerikalıların seçiminə təsir göstərir. Məsələn, Bayden dövründə beynəlxalq siyasət sahəsində ABŞ-ın uğursuzluqları oldu. Əfqanıstandan qoşunların çıxarılması, biabırçı təxliyə əməliyyatı həm bu ölkənin beynəlxalq nüfuzuna mənfi təsir göstərdi, həm də ölkə daxilində mövcud adminstrasiyanın nüfuzunu zədələdi. Eyni zamanda, Ukrayna müharibəsinin baş verməsi amerikalıların əksəri tərəfindən indiki adminstrasiyanın uğuru kimi qiymətləndirilir. Əhali düşünür ki, iqtisadi vəziyyətin pisləşməsi həm də müharibələrlə bağlıdır. Həmçinin ABŞ-dan Ukraynaya milyardlarla yardımın edilməsi insanların düşüncəsinə təsir edir. Vətəndaşlar düşünür ki, ABŞ Ukraynada müharibənin qarşısını ala bilərdi. Tramp da məhz seçki kampaniyasını bu məsələ üzərində qurdu, bəyan etdi ki, hakimiyyətdə olsaydı, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi. Bu fikir də amerikalıların əksəri tərəfindən haqlı sayıldı. Trampın qələbəsində daxili faktorlarla bərabər, xarici siyasətdəki uğursuzluqlar da müəyyən rol oynadı.

- Trampın Ağ Evə qayıdışı ilə dünya siyasətində nələr dəyişəcək?

- Amerikada yeni dönəm başlayır. Düşünmürəm ki, Vaşinqtonun bütün siyasətində radikal dəyişikliklər olacaq. Amma əlbəttə, Trampın özünəməxsus baxışları ABŞ-ın xarici siyasətində əksini tapacaq. Belə fikirlər var ki, Tramp dünyadakı müharibələri bitirəcək. Trampın özü qələbə nitqində də bildirdi ki, onun adminstrasiyası dövründə müharibələr olmayacaq. Amma bu, o qədər də asan deyil. Ümumiyyətlə, müharibələr tamamilə Amerikadan asılı məsələ də deyil. Təbii ki, Trampın bu istiqamətdə siyasəti bütün dünyanı maraqlandırır. Demişdi ki, 24 saata Ukraynadakı müharibəni dayandıracaq, amma bunu necə edəcək, hər kəs üçün maraqlıdır. Hər halda, Tramp dövründə Ukrayna məsələsinə aydınlıq gələcək. Bayden adminstrasiyasının siyasəti belə idi ki, Kiyevə dəstək verilsin ki, Ukrayna ayaqda qalsın, amma eskalasiyanın dərəcəsi yüksəlməsin. Mövcud adminstrasiyanın siyasəti daha çox Ukraynanın müqavimət imkanlarını saxlamaqdan ibarət idi. Yəni Ukraynanın qələbə qazanması, Rusiyanı məğlub etməsi kimi bir strategiya yox idi. Bu siyasət də əslində ukraynalıları bezdirib. Ukrayna Prezidenti Volodimir Zelenski son bəyanatlarında narazılığını dilə gətirir. Trampın gəlişi ilə bu qeyri-müəyyənlik aradan qalxacaq. Ya müharibə dayanacaq, ya da davam edəcəksə, Tramp Ukraynaya dəstək verəcək. Kiyevə bu aydın olduqdan sonra necə deyərlər, ukraynalılar işini biləcək.

- Tramp Kiyevə dəstək verə bilərmi?

- Əgər Rusiya tərəfi Amerikanın sülhlə bağlı mövqeyini qəbul etməsə, Trampın Kiyevə dəstəyi gözləniləndir. Trampın özünəməxsus xarakteri var, qəzəblənərək Ukraynaya dəstəyi artıra bilər ki, məsələyə birdəfəlik son qoyulsun. Əlbəttə, Ukrayna üçün müəyyən risklər, təhlükələr də var, eyni zamanda, müəyyən fürsətlər də açıla bilər. Məsələn, mən Trampın səlahiyyətlərinin icrasına başladıqdan sonra Ukraynaya yardımları tam dayandıracağına şübhə edirəm. Məncə, Tramp razı olmaz ki, onun hakimiyyəti dövründə Rusiya qalib gəlsin, çünki bu, onun uğursuzluğu kimi tarixdə qalacaq. Bəli, Trampın Rusiya ilə bağlı müsbət bəyanatları var, Rusiya Prezidenti Vladimir Putini güclü lider kimi xarakterizə edir. Amma Trampın 4 illik hakimiyyətini də görmüşük. Onun dövründə ABŞ Rusiyaya təzyiq siyasətini davam etdirdi, sanksiyalar tətbiq olundu. Hətta Ukraynaya ilk silahlar da məhz Trampın dövründə tədarük edildi. Bunlar faktlardır. Məncə, seçkiqabağı ritorika ilə prezidentlik dövrünü ayırmaq lazımdır.

- Bəs yeni adminstrasiyanın Azərbaycan, Cənubi Qafqaz siyasətində hansısa dəyişiklik gözlənilirmi?

- Tramp adminstrasiyası dövründə Azərbaycan və regionla bağlı radikal dəyişiklik gözlənilmir. Bizdə nədənsə belə düşüncə var ki, demokratlar ermənipərəstdirlər, respublikaçılar belə deyillər. Nəzərə almaq lazımdır ki, Tramp bu seçki kampaniyası dövründə iki dəfə ermənilərə yönəlik müsbət mesajlar verib. Hətta birinci mesajında Qarabağ ermənilərinin “Azərbaycandan zorakılıqla qovulduğunu”, “etnik təmizləməyə” məruz qaldığını söylədi, buna görə Harrisi günahlandırdı. İkinci mesajı da bu idi ki, Tramp Aram adlı erməni katalikosla telefonla danışdı və bir daha ermənilərin “etnik təmizləməyə məruz qaldığından məyusluğunu” bildirdi. Özü də xüsusi olaraq Qarabağı “Artsax” adlandırmışdı.

Demək istəyirəm ki, hər iki partiyanın erməni icmasına yaxınlığı var. Bu da, məncə, normaldır. ABŞ-da bir milyon erməni seçici varsa, siyasətçilər həmin icma ilə əlaqələri yaxşı saxlamağa çalışırlar. Bəli, demokratlar ermənilərə respublikaçılardan bir köynək yaxındırlar. Bunun da səbəbi erməni icmasının daha çox Kaliforniyada məskunlaşmasıdır. Kaliforniyada isə hər zaman hakimiyyətdə demokratlar olurlar. Yerli hakimiyyətlə ermənilər arasında sıx münasibətlər qurulur ki, bu da partiyanın siyasətinə müəyyən təsir edir.

Demək istədiyim odur ki, ölkəmizlə bağlı Tramp adminstrasiyasının indiki adminstrasiyanın siyasətindən 180 dərəcə fərqli olacağını gözləmirəm. Trampın da mesajlarına baxanda aydın olur ki, onun üçün də bölgəmizlə bağlı prioritet sülhə nail olmaqdır. Tramp adminstrasiyası da çalışacaq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın. Bayden adminstrasiyası da bunu istəyirdi. Fərq ondan ibarət ola bilər ki, Tramp adminstrasiyasının çağırışlarını tərəflər qəbul etsinlər. Məsələn, Bayden adminstrasiyasının çağırışlarını rəsmi Bakı o qədər də ciddi qəbul etmirdi. Bilirdi ki, Bayden hakimiyyətdən getmək üzrədir, yeni adminstrasiyanı gözləmək lazımdır. Amma Trampın hakimiyyətə gəlişi ilə situasiya dəyişir. Məncə, Trampın çağırışlarını qeyri-ciddiyə almaq bir qədər çətindir. Çünki qəzəblənə bilər, müəyyən qərarlar qəbul edə bilər. Bu isə Azərbaycan üçün sərfəli deyil. Hesab edirəm ki, Trampın qəti çağırışları olarsa, sülh sazişi tezliklə imzalana bilər.

Geri qayıt