Əsas Səhifə > Dünya > “Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir”
“Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir”Bu gün, 15:45 |
ABŞ-da prezident seçkiləri keçirilir. Seçki yarışı hazırkı hakim partiya olan Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi, sabiq Prezident Donald Tramp arasında gedir. Rəy sorğularının nəticələri göstərir ki, hər iki namizədin ABŞ Prezidenti postuna əyləşmək üçün şansı demək olar ki, eynidir. Bir sorğunun nəticəsinə əsasən, Harrisin 1-2 faizlik üstünlüyü görünürsə, digər bir sorğuda Tramp 1-2 faiz üstünlüyə malik olur. Ona görə də, prezident seçkilərinin nəticələrini dəqiq proqnozlaşdırmaq çətindir. Dünyanın gözü və qulağı ABŞ-da keçirilən seçkilərdə və ondan gözlənilən nəticələrdədir. Beynəlxalq polittexnoloqlar hesab edirlər ki, seçkilərin nəticələri qlobal siyasi sistemə öz təsirini göstərəcək. Dünyanın supergücünün birinciliyi uğrundakı seçki marafonu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, bu seçkilərdə vəziyyət o qədər mürəkkəbdir ki, Amerikanın ən öndə gedən sosioloji sorğu mərkəzləri də proqnoz verməyə çətinlik çəkir: - Məsələ burasındadır ki, ABŞ-da seçkilərdə, xüsusilə də prezident seçkilərində nəticələr yeddi ştatdan asılıdır. Yeddi ştat istisna olmaqla, ştatların yarısı respublikaçı, yarısı isə demokratlardan ibarətdir. Orada da eloktoral kollegiyanın səsləri demək olar ki, yarıbayarı bölünüb. Həmin yeddi “yelləncək” adlandırılan ştatlarda hansı namizəd səslərin çoxunu qazanırsa, hansı namizəd daha çox kollegial səsləri əldə edirsə, həmin namizəd qələbə qazanır. Nəzərə almaq lazımdır ki, Amerika seçiciləri birbaşa prezident seçmirlər. ABŞ Seçki Qanunvericiliyinə görə, hər bir ştatda ayrı-ayrılıqda kollegial seçimlər edilir və seçki kollegiyası müəyyənləşir. Artıq kollegial komissiya üzvləri səs verərək prezidenti seçirlər. Həmin yeddi ştat Şimali Korolina, Miçiqan, Viskonsi, Pensilvaniya, Filadelfiya, Corciya və Detroitdir. Hazırda namizədlər arasında həmin “yelləncək” ştatlar uğrunda mübarizə gedir. Bu ştatlarda hansı namizədin öndə olduğu barədə sorğu nəticələrinə baxanda çox ziddiyyətli rəqəmlərin şahidi oluruq. Ona görə də kimin qalib gələcəyini kimsə dəqiq deyə bilməz. Bir sözlə, namizədlərin şansları bərabərdir. - Demokratlar hakimiyyətdə qalsalar, hazırkı siyasət davam edəcək, yoxsa dəyişiklik gözlənilir? - Demokratlar hakimiyyətdə qalsa, yəni Harris qələbə qazansa, şübhəsiz ki, Bayden Adminstrasiyasının siyasətinin əsas konturları dəyişməyəcək. Əlbəttə, Harris ABŞ Prezidenti olarsa, müəyyən dəyişikliklər, korreksiyalar ola bilər. Amma prinsipial baxımdan, bu gün aparılan siyasətdə ciddi dəyişikliklər gözlənilmir. Çünki ABŞ-da siyasət Prezidentin şəxsiyyəti ilə bağlı yürüdülmür, hakim partiyanın proqramı əsasında müəyyənləşir. Ona görə də Harris seçilərsə, demokratlar Ağ Ev adminstrasiyasını əllərində saxlayarlarsa, prinsipial dəyişiklik olmayacaq. Sadəcə olaraq, bəzi istiqamətlərdə aktivliyin artması, bəzi istiqamətlərdə passivliyin dərinləşməsi ola bilər. Bu da təbii ki, mövcud reallıqlarla bağlıdır. Ümumilikdə, siyasi kursun dəyişəcəyi inandırıcı deyil. - Tramp yenidən hakimiyyətə gəlsə, o zaman hansı siyasətə üstünlük verəcək? - Trampın özünün bəyanatlarından belə anlamaq olur ki, hakimiyyətə gələrsə, əsas diqqətini ABŞ-ın daxili məsələlərinə yönəldəcək, ABŞ-ın qlobal güc olması siyasətindən tədricən imtina edəcək. Bunu etməsi nə dərəcədə mümkündür, söyləmək çətindir. Çünki ABŞ-ın xarici və müdafiə siyasətini ABŞ Prezidenti müəyyənləşdirsə də, hər halda bu, institutsional idarə edilən bir dövlətdir. Belə ölkələrdə dövlət institutlarının idarəçilikdə çox mühüm rolu və təsiri var. Tramp əvvəlki dövrdə, yəni ABŞ Prezidenti olduğu dövrdə də göstərdi ki, əsasən daxili məsələləri üstünlük verən siyasət həyata keçirməyə çalışır. Xarici siyasətdə də fərqli tərəfdaşlar və fərqli müttəfiqlər axtarmağı hədəfləyir. Yəqin ki, Tramp hakimiyyətə gələrsə, Vaşinqtonun Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi qismən də olsa, dəyişəcək. Hətta xeyli dəyişiklik də gözlənilir, çünki Tramp bu barədə çox açıq bəyanatlar verir. ABŞ-ın Yaxın Şərq siyasətində İsrailə dəstəyi güclənəcək. Bu isə Yaxın Şərqdə gərginliyin daha da artması deməkdir. Çinlə münasibətlərdə gərginlik şübhəsiz ki, artacaq. Əslində ABŞ-da kimin seçilməsindən asılı olmayaraq, xarici siyasətdə ciddi dəyişiklik də gözlənilən deyil. Çünki dediyim kimi, ABŞ xarici siyasətinin müəyyənləşməsinə bir çox amillər təsir edir. İndiki zamanda ABŞ siyasətində kardinal dəyişikliklər qeyri-mümkündür. Daxildə isə Tramp islahatlar aparmaq, iqtisadi inkişafa nail olmaq istəyir. Hər halda belə bəyan edir. Amma onun proqramında bunlar müşahidə edilmir. Çünki Tramp yenə də zəngin insanların vergidən kənarda qalmasını istəyir. Amerikada çox əcaib bir sistem mövcuddur: milyarderlər dövlətə demək olar ki, bir sent də vergi ödəmirlər. Tramp bu xətti saxlamaq istəyir. O zaman sual olunur: iqtisadiyyat nəyin hesabına inkişaf edəcək? Ümumiyyətlə, hansı model əsasında iqtisadi inkişafa nail olunacaq? Bu suallara Trampın platformasında, proqramında konkret cavab verilmir. Tramp daha çox rəqibinə qarşı təhqir, aşağılama, böhtan, yalan danışmaqla seçki kampaniyası apardı. Dərindən baxdıqda, onun ABŞ-la bağlı ciddi proqramı yoxdur. - Bundan əvvəlki seçkidə Trampın məğlubiyyətindən sonra etirazlar olmuşdu, Kapitoliyə hücum edilmişdi. Bu prosesin təkrarlanacağı gözlənilirmi? - Tramp açıq şəkildə bəyan edir ki, məğlub olarsa, nəticələri tanımayacaq. Düşünürəm ki, Tramp məğlub olarsa, hər şeyə əl atacaq. Hətta əvvəlki seçkilərdə atdığı addımlardan daha kəskin və daha pis addım ata bilər. Məlumdur ki, Nyu-York federal Məhkəməsində Trampın üzərində məhkəmə prosesi var. Hakimin qərar çıxarması təxirə salındı, amma “Andlılar Məhkəməsi” tərəfindən Tramp 30-dan çox maddə üzrə günahkar bilinib. Belə olduğu halda, heç kim istisna edə bilməz ki, Trampı həbsxana həyatı gözləyir. Təbii ki, məğlub olacağı halda Tramp hər yola əl ata bilər ki, bu da 2021-ci ilin yanvar hadisələrindən daha kəskinliyi ilə seçilər. Tramp o siyasətçilərdən deyil ki, məğlubiyyətini qəbul və etiraf etsin. Nəzərə almaq lazımdır ki, bu şəxsin xeyli radikal tərəfdarları var. Seçki kampaniyası dövründə Tramp həmin qüvvələri daha da radikallaşdırdı. Ona görə də qarşıdurmanın olması istisna deyil. Amma sual budur: dövlət bu qarşıdurmanı zərərsizləşdirməyə nə dərəcədə hazırdır?! Düşünürəm ki, Tramp hansısa qeyri-qanuni addımlar atsa, ABŞ dövləti bunun qarşısını qətiyyətlə almaq gücündədir. - ABŞ-dakı seçkilərin Cənubi Qafqazda və ümumiyyətlə, dünyadakı siyasi proseslərə hansı təsirləri olacaq? - Seçkilərdə hansı namizədin qalib gəlməsindən asılı olaraq xarici siyasətdə korrektələr olacaq. Tramp seçilərsə, tamam fərqli xarici siyasətin şahidi olacağıq. Yenə deyirəm, Yaxın Şərq məsələsində Tramp birmənalı şəkildə İsrailin tərəfində dayanacaq. İran-İsrail müharibəsi ehtimalı olduqca yüksəkdir. Hətta deyərdim ki, Tramp seçilərsə, yanvar ayında and içib ABŞ Prezidenti kürsüsünə əyləşənədək Yaxın Şərqdə ciddi qarşıdurma, böyük eskalasiya ola bilər. Təəssüf ki, söhbət İran-İsrail müharibəsindən gedirsə, bunun Azərbaycana, Cənubi Qafqaza neqativ mənada ciddi təsirləri olacaq. Çin-Tayvan məsələsinə gəlincə, Trampın hər zaman Çinə münasibəti aqressiv olub. Əgər bu xətt davam edərsə, həmin bölgədə də gərginlik hökm sürəcək. Ümumiyyətlə, Tramp Avroatlantik təhlükəsizlik sisteminə təhdid kimi qəbul olunur. Bunu Avropa liderləri də, Amerikadakı beyin mərkəzləri də deyirlər. Bu gün artıq laxlamaqda olan qlobal təhlükəsizlik sistemini Tramp tamamilə dağıda bilər. Hesab edirəm ki, Tramp bunu edə bilər, buna qadirdir. Xatırlatmaq lazımdır ki, Tramp ABŞ Prezidenti olarkən ölkənin NATO-dan xeyli dərəcədə uzaqlaşmasına nail olmuşdu. Bu proses davam edərsə, dünyada böyük xaos başlaya bilər. Çünki bu halda nə Rusiya, nə Çin, nə də digər dövlətlər öz təsir dairəsini genişləndirmək fürsətini boşa verəcək. Bu isə müharibələr deməkdir. Son nəticədə, ABŞ-ın özü də müharibələrə cəlb olunacaq. Unutmayaq ki, Yaxın Şərqdəki bugünkü konfliktin bünövrəsini məhz Tramp qoyub. ABŞ Prezidenti olarkən Qüdsü İsrail paytaxtı kimi tanımaqla, səfirliyi buraya köçürməklə, Suriyanın ərazisində olan Qolan təpələrinin bir hissəsini İsrailin ərazisi kimi tanımaqla, “iki dövlət” modelini rədd eləməklə Tramp dəhşətli pozuntulara yol verdi. Trampın birinci prezidentlik müddətində atdığı addımların acı nəticələri bu gün özünü göstərməkdədir. Bu dəfə Tramp seçilərsə, bu, dünya üçün böyük fəlakət olacaq. Bu, reallıqdır. Bunu ittiham kimi, Trampı sevməməkdən irəli gələn, rəqiblərinin yaydığı təbliğat kimi qəbul etmək yanlışdır. Tramp həqiqətən, ABŞ üçün də, dünya üçün də ciddi təhdiddir. Geri qayıt |