Əsas Səhifə > Dünya > Rusiyanın baş tutmayan planı: diaspor Sandunu qalib etdi
Rusiyanın baş tutmayan planı: diaspor Sandunu qalib etdi5-11-2024, 06:56 |
Moldovanın hazırkı Prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda qələbə qazandığını elan edib. “Moldova, bu gün qalib gəldin. Biz birlikdə birliyimizin gücünü, demokratiyanı və layiqli gələcəyə sadiqliyimizi nümayiş etdirdik”, - Sandu sosial şəbəkədə yazıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, protokolların 99,73 faizi işləndikdən sonra məlum olub ki, Sandu 55,36 faiz, onun rəqibi Sosialistlər Partiyasından namizəd, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 44,64 faiz səs toplayıb. Əvvəlcə protokolların 90 faizinin hesablanmasının nəticələrinə görə, Stoyanoqlo 50,81 faiz, Sandu isə 49,19 faiz səs toplamışdı. Lakin sonra xaricdə yaşayan moldovalıların səsləri hesablanıb və buna görə də Sandu irəli keçib. Belə ki, xaricdəki moldovalıların 82 faizi hazırkı Prezidentə, 17 faizi isə onun rəqibinə səs verib. Moldovada keçirilən prezident seçkilərində ümumilikdə 1,7 milyona yaxın insan iştirak edib. Onlardan 304 min 713 nəfəri ölkədən kənarda yaşayır. Seçkilərdə 54,30 faiz aktivlik müşahidə olunub. Seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra keçirilən brifinqdə Sandu xaricdəki Moldova diasporuna təşəkkür edib: “Mən bütün səsləri, o cümlədən tənqidləri eşitdim. Bu gün Moldova hamınızın sayəsində qalib gəldi. Kimə səs verdinizsə, sağ olun. Səsvermə variantından asılı olmayaraq, hamımız sülh və firavanlıq istəyirik”. Öz növbəsində Stoyanoqlo da seçicilərə təşəkkür edib. "Sizin kütləvi iştirakınız sübut edir ki, Moldova xəritədə sadəcə bir nöqtə deyil və biz passiv tamaşaçı deyilik, gələcəyimizi düşünən məsuliyyətli xalqıq". Qeyd edək ki, Sandu 2020-ci ildən Moldovaya rəhbərlik edir. Onun dövründə ölkə Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edib və namizəd statusu alıb. Eyni zamanda, Stoyanoqlo Aİ ilə inteqrasiyanı dəstəkləyib, Rusiya ilə əlaqələri inkişaf etdirməyə çağırıb. O, ucuz rus qazının tədarükünü bərpa edəcəyinə söz verib və ölkə vətəndaşları üçün lazım olarsa, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib. Oktyabrın 20-də keçirilən seçkilərin birinci turunda Sandu 42 faiz səs toplayaraq mütləq səs çoxluğu əldə edə bilməyib. Stoyanoqlo 26 faiz səs toplayıb. Prezident seçkilərinin birinci turu ilə yanaşı, Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendum da keçirilib. Onun nəticələrinə görə, seçicilərin 50,46 faizi Avropaya inteqrasiyanın lehinə, 49,54 faizi isə əleyhinə olub. Sonra eyni qaydada səsvermənin nəticəsi xarici seçki məntəqələrindən gələn nəticələrlə müəyyən edilib. Kişinyovdan olan politoloq Vitali Andrievski “Deutsche Welle”yə şərhində qeyd edib ki, Moldovada keçirilən seçkilərdə Avropaya meyilli siyasi qüvvələr “çox böyük çətinliklə” qalib gəliblər. Onun fikrincə, Kreml bir ildən az müddətdə Moldovada keçiriləcək parlament seçkilərinə daha çox pul və səy sərf edəcək. Rusiyalı politoloq Andrey Kortunov isə bildirib ki, bu seçkilər Sandu üçün çətin keçib: “Faktiki olaraq, Sandu diasporanın hesabına növbəti dəfə postunda qaldı. Avropada yaşayan moldovalılar Sanduya səs verməklə onun qələbə qazanmasını təmin etdilər. Əks halda, Moldova Prezidentinin qələbə qazanması çətin idi”. Azərbaycanlı siyasi şərhçi Şahin Cəfərli də diasporun gücü ilə Sandunun qalib gəldiyi fikri ilə razılaşır. Politoloq seçkilərlə bağlı bunları yazıb: “Qərbin acizliyi və ABŞ seçkiləri ilə əlaqədar iflic olduğu bir şəraitdə xanım Sandu Rusiyanın çox kobud müdaxilələrinə, hibrid savaş üsullarına qarşı çətinliklə də olsa, müqavimət göstərib, ayaqda qala bildi. Diasporanın dəstəyi bu məsələdə həlledici rol oynadı. İki həftə əvvəl referendumda ölkənin Avropa perspektivini qoruyan xaricdəki moldovalılar bu dəfə isə Rusiyanın “adamı” Aleksandr Stoyanoqlonun prezident kürsüsünü ələ keçirməsini əngəllədilər”. Geri qayıt |