Əsas Səhifə > Dünya > Rusiya-Ukrayna savaşı bitəcəkmi?

Rusiya-Ukrayna savaşı bitəcəkmi?


5-11-2024, 06:37
Rusiya-Ukrayna savaşı bitəcəkmi?
ABŞ-dəki prezident seçkilərində respublikaçı Donald Trampın, yoxsa demokrat Kamala Harrisin qalib gələcəyi hələlik məlum deyil.

Donald Tramp prezident seçiləcəyi təqdirdə Ukrayna-Rusiya müharibəsini dayandıra biləcəkmi?

Siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu mövzu ilə bağlı TNS-ə açıqlamasında deyib ki, Amerika Birləşmiş Ştatlarında noyabr ayının 5-də baş tutacaq prezident seçkiləri təkcə Amerikanın xarici siyasətinə deyil, bütövlükdə dünyadakı vəziyyətə təsir edəcək.

Onun sözlərinə görə, ABŞ siyasi, iqtisadi və hərbi cəhətdən dünyadakı vəziyyətə təsir etmək gücündə olan bir dövlətdir: “Əksər hallarda təəssüflə qeyd etmək olar ki, bir çox coğrafiyada ABŞ məhz münaqişələrin meydana gəlməsini şərtləndirəcək mövqelər sərgiləyir. Düşünürəm ki, ABŞ prezident seçkilərində respublikaçılar qələbə qazanarsa, bu, bütövlükdə dünyadakı münaqişələrə təsir edə bilər. Sözsüz ki, Trampın hakimiyyətə gəlməsi ilə istər Ukrayna, istər Yaxın Şərq, istər də Çinlə və Tayvan arasındakı problemlərin tez bir zamanda həll olunacağını gözləmək sadəlövlük olar. Amma ümumi vəziyyətə hansı istiqamətdə təsir göstərə bilər? Biz bu barədə artıq indidən müəyyən fikirlər səsləndirə bilərik. Hesab edirəm ki, Tramp hakimiyyətə gələrsə, ayrı-ayrı coğrafiyalarda vəziyyətlə bağlı ABŞ-nin fərqli mövqe nümayiş etdirər. Ehtimallardan biri münaqişə bölgələrinə göndərilən silahlara məhdudiyyətlər qoyulmasıdır”.

Elşad Mirbəşir oğlu vurğulayıb ki, dünyanın geosiyasi və hərbi-siyasi vəziyyətində Donald Tramp qələbə qazanarsa, müəyyən dəyişikliklər baş verəcək: “Hesab edirəm ki, Rusiya və Ukrayna arasındakı münaqişəyə də təsirini göstərəcək. Tramp dəfələrlə vurğulayıb ki, o, hakimiyyətdə olsaydı, Rusiya ilə Ukrayna arasında müharibə baş verməzdi və ya indi hakimiyyətə gələrsə, iki ölkə arasında vəziyyəti tənzimləyə bilər. Tramp belə iddialı çıxışlar edir. Amma düşünürəm ki, vəziyyət kifayət qədər gərginləşib. Bu baxımdan tez bir zamanda ölkələr arasında münasibətləri tənzimləmək mümkün olmayacaq. Belə bir vəziyyətdə Tramp qələbə qazanarsa, müəyyən dəyişikliklər baş verəcək. Trampın qələbəsi isə ayrı-ayrı güc mərkəzlərinin fəallığından və iradəsindən asılı olacaq”.
Geri qayıt